Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “AZƏRBAYCANDA İSLAM HƏMRƏYLİYİ İLİ – BİRLİK VƏ İNKİŞAF NAMİNƏ SÜLHMƏRAMLI MİSSİYA” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

19 Aprel 2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı 10 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir.

Bu Sərəncamın icrası ilə əlaqədar AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da “Azərbaycanda İslam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirib. Konfransda bir sıra Şərq ölkələrinin səfirləri də iştirak edirdi.

 

AMEA-nın əsas binasının akt zalında keçirilən konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva “İslam həmrəyliyi ili” elan edilməsini islami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi bir qərar kimi dəyərləndirərək, Şərqşünaslıq İnstitutu tərəfindən bu konfransın təşkilinin də şərqşünas alimlərimizin bu sahədə bilik və təcrübələrinin paylaşılması üçün əhəmiyyətli bir addım olduğunu bildirdi.

AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxışında İslamda başqa dinlərə ehtiram olduğunu diqqətə çəkərək, islam daxilində qarşılıqlı münasibətlərdə də mənəvi dəyərlərin rolunu qeyd etdi .

Konfransda AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, İordaniyanın Azərbaycandakı səfirinin müavini Saad Ğazal, İran İslam Respublikasının Azərbaycandakı səfirinin müavini Həsən Qoli çıxış edərək, İslam dünyasında həmrəyliyin yaradılmasında Azərbaycan dövlətinin rolunu vurğuladılar və Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransı da bu sahədə görülən işlərin elmi cəhətdən dəyərləndirilməsində mühüm addım kimi qiymətləndirdilər.

Konfransda ilk məruzəni Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva etdi. G.Baxşəliyeva “İslam həmrəyliyi ili – zamanın çağırışlarına uzaqgörən reaksiya” adlı məruzəsində qeyd etdi ki, İslam din və dünyagörüşü sistemi kimi, insanlara, cəmiyyətə, dünyaya münasibət kimi, davranış və təfəkkür tərzi kimi elə bir sivilizasiya yarada bilmişdir ki, mədəni inkişaf səviyyələrinin, dillərinin, talelərinin, mentalitetlərinin müxtəlifliyinə baxmayaraq, fərqli coğrafi mövqelərdə yaşayan insanları birləşdirmiş, aralarında bir dinə mənsubluq əsasında həmrəylik yarada bilmişdir. İslamın orbitinə cəm edilmiş xalqların mədəniyyətlərinin sintezi nəticəsində vahid, bütün müsəlman xalqları üçün ümumi islam sivilizasiyası təşəkkül tapmışdır. Azərbaycan xalqı islam aləminin ayrılmaz parçası olaraq islam sivilizasiyasının yaradıcılarından biri olub, bu sivilizasiyanın inkişafına və təkamülünə əvəzsiz incilər bəxş edib. Bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında  İslam aləmi ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşdirilməkdədir.

Bu gün dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmiş Yaxın Şərqdə baş verən hadisələrin təhlil edildiyi məruzədə belə olan şəraitdə müsəlman ölkələrinin birləşməsinin, islami dəyər və prinsiplərin rəhbər tutularaq həmrəylik nümayiş etdirilməsinin, bir-birinə əməkdaşlıq əlinin uzadılmasının həyati əhəmiyyət kəsb etməsi vurğulandı, bu şəraitdə Azərbaycanda 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edilməsi dünyada və regionda baş verən hadisələrə adekvat və uzaqgörən reaksiya kimi qiymətləndirildi.

G.Baxşəliyevanın məruzəsində İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqının (İƏT Pİ) hər il keçirdiyi sessiya və konfranslarda qəbul edilən bir sıra qərar, qətnamə və bəyannamələrin bəzi müsəlman ölkələri tərəfindən kobud surətdə pozulmasına təəssüf bildirildi. Misal olaraq göstərildi ki, İƏT Pİ-nın Bağdadda yekdilliklə qəbul etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” adlı qətnaməyə rəğmən, təşkilatın elə üzvü tapılır ki, sözdə Azərbaycanın haqq işini dəstəklədiyini desə də, əməldə islam həmrəyliyi prinsipini kobud pozaraq təcavüzkar Ermənistanla iqtisadi, hətta hərbi sahədə əməkdaşlıq edir. Azərbaycanın dövlət siyasəti və xalqı isə daim islam həmrəyliyi prinsipinə sədaqətli olub.

Daha sonra Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri ilah.ü.f.d. Məmmədəli Babaşlı “İslam həmrəyliyi amili və Ermənistan – Azərbaycan münaqişəsinə dair həqiqətlərin çatdırılması imkanları” mövzusunda məruzə etdi. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəls.ü.f.d. Esmiralda Həsənova öz məruzəsində Azərbaycan Respublikasında İslam həmrəyliyinin ideoloji-siyasi əsaslarından bəhs etdi. Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi fəls.ü.f.d. İlkin Əlimuradov “İslam həmrəyliyi və müasir Azərbaycan” mövzusunda məruzə etdi. Həmin şöbənin digər əməkdaşlarından aparıcı elmi işçi fəls.ü.f.d. Elvüsal Məmmədov məruzəsində İslamda tolerantlıq məsələsinə toxundu, aparıcı elmi işçi fəls.ü.f.d. Aslan Həbibov məzhəblərarası vəhdətin Azərbaycan təcrübəsindən söz açdı, aparıcı elmi işçisi fəls.ü.f.d. Leyla Məlikova “İslam postreformizminin bəzi aspektləri” mövzusunda məruzə etdi.

Sonda məruzələr ətrafında çıxışlar oldu.

 

 

 

Download Template Joomla 3.0 free theme.