Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRAN FİLOLOGİYASI ŞÖBƏSİ

 

Şöbədə aparılan tədqiqatlar İran ədəbiyyatı tarixinin demək olar ki, bütün dövrlərini əhatə etmiş, eyni zamanda araşdırmalarda ədəbi təhlilin çeşidli formalarından (ayrı-ayrı sənətkarların həyat və yaradıcılığının, ədəbi inkişafın nəzəri məsələlərinin, ədəbi əlaqə və təsirin öyrənilməsi və s.) istifadə olunmuşdur. Şöbəyə əvvəlcə Azərbaycan EA-nın müxbir üzvü B.Hüseynov, sonralar isə dünya şöhrətli şərqşünas R.Əliyev rəhbərlik etmişdir. Bu iki alimin elmi maraq dairələri də bir növ bir-birini tamamlayır. Belə ki, B.Hüseynov müasir fars ədəbiyyatı üzrə, R.Əliyev isə klassik farsdilli ədəbiyyat üzrə mütəxəssis idi. Doğrudur, geniş diapazona malik olan R.Əliyevin müasir fars şerinin actual problemlərinə dair də araşdırmaları olmuşdur, lakin hər halda o, ilk növbədə mətnşünas və klassik irsin bilicisi kimi tanınırdı. Hal-hazırda şöbəyə f.ü.f.d. M.Məhəmmədi rəhbərlik edir.

İlk dövrlərdə şöbədə aparılan araşdırmaların mərkəzində əsasən yeni və ən yeni dövr fars ədəbiyyatı dayanırdı. Bu da XX əsrdə fars ədəbiyyatında baş verən yeniləşmənin mahiyyətini, onun ictimai-siyasi proseslərlə əlaqəsini aydınlaşdırmaq zərurətindən irəli gəlirdi. Həmin yeniləşmənin kökləri isə əvvəlki əsrin satirik və maarifçi ədəbiyyatında axtarılırdı. F.ü.e.d. H.Məmmədzadənin “M.F.Axundov və Şərq” adlı doktorluq, C.R.İsmayılzadənin “Yəğmə Cəndəqinin poeziyası” adlı namizədlik dissertasiyaları məhz bu vəzifəyə tabe edilmiş elmi araşdırmalar idi.

Bununla belə əsas diqqət XX əsr fars ədəbiyyatına, xüsusən onun ayrı-ayrı görkəmli nümayəndələrinin bədii irsinin hərtərəfli tədqiqinə yönəlmişdi. Ə.Hacızadənin Fərruxi Yəzdiyə, A.Ağazadənin Nima Yuşicə, N.Əlizadənin Bozorg Ələviyə, U.Dadaşovanın Əhməd Şamluya, S.Novruzovanın Pərvin Etisamiyə, N.Əliyevanın Nadir Nadirpura həsr olunmuş namizədlik dissertasiyaları bu işin necə geniş bir miqyasda aparıldığını nümayiş etdirir. Bir sıra araşdırmalarda müəyyən ümumiləşdirmə cəhdləri də müşahidə olunurdu. Misal üçün, X.Quliyevanın “1950-ci illər fars poeziyasının bəzi səciyyəvi xüsusiyyətləri” adlı namizədlik işini göstərmək olar. Bu, artıq aparılan tədqiqatları nəzəri müstəviyə keçirmək meylindən xəbər verirdi. Təsadüfi deyil ki, sonralar f.ü.f.d. Ə.Hacızadə İran romanının, f.ü.f.d. N.Əlizadə isə İran hekayəsinin tipologiyasına dair tədqiqatlar aparmışlar.

Müasir fars ədəbiyyatının nəzəri problemlərinin öyrənilməsi sahəsində iranşünaslığımızın ən ciddi uğuru, şübhəsiz, B.Hüseynovun “XX əsr fars şerində ənənə və novatorluq” adlı doktorluq dissertasiyasıdır. 1975-ci ildə “Elm” nəşriyyatı tərəfindən monoqrafiya şəklində nəşr edilən bu sanballı tədqiqata İranda “şer-e nou” (“yeni şer”) adlanan ədəbi hərəkatın forma və məzmun baxımından fars poeziyasına gətirdiyi yeniliklər ətraflı surətdə araşdırılmışdır.

Klassik farsdilli ədəbiyyatın tədqiqi sahəsində f.ü.e.d., professor, əməkdar elm xadimi R.Əliyevin fəaliyyəti öz miqyasına görə heyrətamizdir. Sədinin “Bustan” və “Gülüstan”ının, Firdovsinin “Şahnamə”sinin, Nizaminin “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətnlərinin, eləcə də Ömər Xəyyamın rübailərinin, Nəsimi və Nəiminin fars divanının akademik nəşrlərinin müəllifi olan görkəmli alim, eyni zamanda farsdilli ədəbiyyatın çoxsaylı nümunələrini tərcümə etmiş, onların xüsusən rusdilli oxucular arasında tanınmasında əvəzsiz xidmətlər göstərmişdir.

Elmi yaradıcılığının son dövründə əsasən nizamişünas kimi fəaliyyət göstərən R.Əliyevin ən mühüm işlərindən biri də Nizaminin müasiri olan Əbübəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” adlı iri həcmli əsərini fars dilindən rus dilinə çevirərək nəşr etdirməsidir.

Orta əsrlər farsdilli ədəbiyyata dair tədqiqatlar sırasında A.Quliyevin “Əbdürrəhman Caminin həyat və yaradıcılığı”, “Əbdürrəhman Caminin “Yusif və Züleyxa poeması” adlı monoqrafiyalarını qeyd etmək lazımdır. A.Quliyev (Sarovlu) həmçinin klassik farsdilli şerin bir çox nümunələrinin (məsələn, Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemasının) Azərbaycan dilinə poetic tərcüməsinin müəllifidir.

M.Məhəmmədi “Saib Təbrizinin lirikası və farsdilli poeziyada hind üslubu problemi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, “Sədi və Hafiz” adlı kitab yazmış, eyni zamanda bir sıra farsdilli abidələri (“Qızılbaşlar tarixi” adlı anonim mənbəni, Yusif Qarabağinin “Yeddi bağ” əsərini, İmam Qəzzalinin “Kimyayi-səadət” əsərindən müəyyən parçaları və s.) Azərbaycan dilinə çevirərək nəşr etdirmişdir.

Şöbədə aparılan elmi işin mühüm bir istiqamətini İran dilçiliyinə aid araşdırmalar təşkil edir. Bu sahədə C.Sadıqovanın, T.Ələsgərovanın, M.Hacıyevin, son illərdə f.ü.e.d. Ş.Əlibəylinin və f.ü.f.d. V.Məmmədovun, f.ü.f.d. G.Verdiyevanın, f.ü.f.d. A.Həsənovanın fəaliyyətini qeyd etmək lazımdır.

Son dövrdə şöbənin fəaliyyətində məhsuldarlığın artması hiss olunmaqdadır. Bunu son 10 ildə şöbədə 40-a yaxın kitabın nəşr olunması, bir neçə əsərin çapa təqdim edilməsi və daha bir neçə əsərin çapa hazırlanması da təsdiqləyir. Qeyd edilən dövrdə nəşr edilmiş kitablar arasında f.ü.f.d. M.Məhəmmədinin “Rza Bərahəni: şeirlər, müsahibələr, araşdırma” (2009), “Güney Azərbaycan məsələləri” (2012) kitablarını, P.Kərimovla birgə nəşrə hazırladığı Məczub Təbrizi “Divan”ını (2013), “Şəms və Mövlana” əsərini həm Bakıda latın əlifbası (2010), həm də Təbrizdə əski əlifba ilə (2013) çap etdirməsini, müxtəlif illərdə fars, türk və rus dillərindən etdiyi tərcümələrinin yer aldığı “Tərcümə çələngi”ni (2012), həmçinin Söhrab Sepehridən tərcümələrinin yer aldığı və tərcüməçinin ön sözü ilə təqdim edilən “Suyun ayaq səsi” kitabını (2010); f.ü.e.d. Ş.Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” monoqrafiyasını (2008) və “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət”ini (2012); f.ü.f.d. Z.Rəhimovanın kürd dilindən tərcüməsində təqdim olunan “Şirin və Fərhad”ı (2012); Xalq şairi Söhrab Tahirin əsərlərinin 16-cı cildinə daxil etdiyi “İran nəsrində şahlıq üsuli-idarəsinə qarşı mübarizə motivləri” adlı tədqiqat işini (2010); f.ü.f.d. V.Məmmədovun “Fars dili qram-matikası terminləri” (2010) və “Şərqşünaslıq İnstitutunda fars dilçiliyi” (2013) kitablarını; f.ü.f.d. A.Həsənovanın fars dilindən tərcümə etdiyi Məhəmməd Sadiq Naibinin “Fars dilində min türk sözü” (2014) kitabını xüsusi qeyd etmək olar.

Son dövrdə şöbə əməkdaşlarından Ş.Əlibəyli “Füzulinin farsca divanı: linqvo-poetik özəllikər” mövzusunda elmlər doktorluğu, G.Verdiyeva “Fars dilinin söz yaradıcılığında ərəb məsdərlərinin rolu” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə ediblər. Şöbənin həmçinin bir neçə yerli və xarici dissertantı da son illərdə dissertasiyasını müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Hal-hazırda İran filologiyası şöbəsində farsdilli ədəbiyyatın, fars dilinin tədqiqi üzrə işlər çeşidli istiqamətlərdə davam etdirilir. F.ü.f.d. M.Məhəmmədi “İran elmi-ictimai fikrində Nizami Gəncəvinin milli mənsubiyyəti məsələsi”, f.ü.f.d. Z.Rəhimova “Klassik şeir ənənəsi kontekstində Məsturənin maddeyi tarixləri”, f.ü.f.d. Səadət Şıxıyeva “XV əsr farsca hürufi məsnəviləri”, f.ü.f.d. V.Məmmədov “Azərbaycan şərqşünaslığı: tarixi və inkişaf istiqamətləri”, f.ü.f.d. G.Verdiyeva “Müasir İranda termin yaradıcılığı prosesi”, f.ü.f.d. A.Həsənova “Müasir İranın türk mənşəli toponimləri”, Ş.Əhmədov “Cemelli Karerinin “Səfərnamə” əsərinin tərcüməsi”, A.Rüstəmova “Mahmud Dəstpişin “Gəl, eşit neydən” adlı şeir məcmuəsindən Azərbaycanca şeirlərinin transkripsiyası”, S.Tahir “Foruğ Fərruxzad lirikasının xüsusiyyətləri” mövzuları üzrə işlərini davam etdirirlər.

Şöbə əməkdaşları xarici beynəlxalq konfranslarda fəal iştirakları ilə də seçilirlər. Bu sırada f.ü.e.d. Ş.Əlibəylinin Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı mövzusunda XXVI beynəlxalq konfransda “Türk-fars-rus mənzum lüğəti – “Təcridü-l-luğat” (Sankt-Peterburq, 2011), “İran və Qafqaz (tarixi və mədəni əlaqələr)” adlı beynəlxalq konfransda “Türkcə-farsca mənzum lüğətlərin tərtib prinsipləri” (Tbilisi, 2010), “Nizami və Nəvai: tarixi və mədəni əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda “Nəvai və Füzulinin fars divanlarında xüsusi isimlərin struktur-funksional eyniyyəti” (Səmərqənd, 2010); f.ü.f.d. S.Şıxıyevanın Türk Tarix Qurumunun XVI Türk Tarix Konqresində “Hurufi Ayaklamaları” (Ankara, 2010), VIII. Millətlərarası Türkoloji Konqresdə “Azerbaycan Türkcesinde Çağatayca Leksik Unsurların İntikalinde Divan Şiirinin Rolu(İstanbul, 2013), “Nizami və Nəvai: tarixi və mədəni əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda “Азербайджано-узбекскиелитературныесвязив XV-XVI вв.” (Səmərqənd, 2010); f.ü.f.d. N.Əlizadənin “İran və Qafqaz: mədəni və tarixi əlaqələr” mövzusunda beynəlxalq konfransda “Azərbaycan–İran ədəbi əlaqələri poetik tərcümələrdə” (Tbilisi, 2010), Kazan Federal Universitetinin II forumunda “Bədii tərcümənin milli ədəbiyyatda yeri”, (Kazan, 2010), Ş.Əhmədovun “İran və Qafqaz: mədəni və tarixi əlaqələr” mövzusunda beynəlxalq konfransda “Mirzə Müslim Qüdsinin “Divanı” barədə” (Tbilisi, 2010) mövzusunda məruzələrini xüsusi qeyd etmək olar.

Bütün bunlardan başqa, İnstitutda nəşr olunan iki elmi məcmuə – “Elmi araşdırmalar” (f.ü.f.d. S.Şıxıyeva) və “Azərbaycan şərqşünaslığı” (f.ü.f.d. V.Məmmədov) – şöbə əməkdaşları tərəfindən hazırlanır. Həmçinin f.ü.f.d. V.Məmmədov ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaş kimi institutun fəaliyyətinin təbliği ilə məşğul olur.

Download Template Joomla 3.0 free theme.