Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ƏRƏB ÖLKƏLƏRİ TARİXİ VƏ İQTİSADİYYATI ŞÖBƏSİ

 

Şərqşünaslıq İnstitutu tərkibində fəaliyyət göstərən “Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsi” 1964-cü ildə təşkil olunmuşdur. Onun bir şöbə kimi təşkili vaxtilə dövrün ümdə tələbindən irəli gələn və respublikamızda şərqşünaslıq elminin inkişafına böyük təkan verən dövlət əhəmiyyətli vacib bir tədbir idi. Həmin dövrdə yenicə azad olub, müstəqil inkişaf yoluna qədəm qoymuş gənc ərəb dövlətləri ilə geniş hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq tələbi tezliklə Ərəb Şərqinin elmi surətdə öyrənilməsini mühüm bir məsələ kimi ortaya çıxardı.

Şöbəyə ilk gündən Azərbaycan şərqşünaslıq elminin görkəmli nümayəndəsi, böyük ərəbşünas alim, akademik Z.M.Bünyadov rəhbərlik edibdir. Təxminən otuz il onun başçılığı altında işləyən şöbə qısa bir zamanda respublikamızda geniş tanınaraq, ərəb ölkələri üzrə ixtisaslaşmış mötəbər elmi ocağa çevrilir. 1992 ildən indiyə qədər şöbənin elmi rəhbərliyi t.ü.f.d. F.Əsədov tərəfində icra edilir.

Qeyd edilməlidir ki, ölkə üzrə yeni tarixçilər nəslinin yetişdirilib hazırlanmasında, onların mütəxəssis alim kimi formalaşmasında bu şöbə mühüm rol oynayır. Şöbə həm Xilafət və ona daxil olan ölkələrin tarixi keçmişini, həm də müasir ərəb dövlətlərinin tarix və iqtisadiyyatını tədqiq etməklə məşğuldur. Orta əsrlərin tədqiqi elmi araşdırmalar arasında üstünlük təşkil etdiyindən bu sahədə görülən işlər, şübhəsiz, şöbə əməkdaşlarının elmi fəaliyyətində xüsusi yer tutur. Yaxın və Orta Şərq bölgəsində müxtəlif tarixi dövrlərdə ayrı-ayrı dövlətlərin yaranması, inkişafı və tənəzzülü, dini-ictimai hərəkatlar, habelə xalq üsyanları – şöbənin uzun müddət başlıca tədqiqat mövzularından olmuşdur. Bu mövzular zaman etibarilə geniş tarixi bir dövrü əhatə edərək, tədqiq olunan ictimai quruluşlarda gedən bir çox mühüm proseslərin, baş verən siyasi hadisələrin təhlilinə həsr edilmişdir. Nəticə etibarilə həmin məsələlərə dair bir sıra məqalə, dissertasiya və monoqrafiyalar qələmə alınmışdır.

Bu yöndə görülən işlər arasında akademik Z.Bünyadovun elmi yaradıcılığı xüsusi qeyd olunmalıdır. Belə ki, onun orta əsrlər üzrə apardığı dərin, eyni zamanda orijinal elmi araşdırmaları, ərsəyə gətirdiyi sanballı tədqiqat əsərləri Azərbaycanda tarixşünaslıq elmini daha da zənginləşdirmiş, onu inkişaf etdirərək keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Yalnız bunu göstərmək kifayətdir ki, elmi fəaliyyətində bu xətti özü üçün əsas seçmiş Z.Bünyadov qeyri-adi, fədakar əməyi sayəsində qısa bir zamanda bir-birinin ardınca “Azərbaycan VII-IX əsrlərdə” (1965), “Azərbaycan Atabəyləri dövləti” (1978) və “Xarəzmşahlar – Anuştəkinilər dövləti” (1986) kimi sanballı, dünyaşöhrətli monoqrafiyalarını yazıb çap etdirmişdir. Birinci iki əsəri, adlarından göründüyü kimi, bilavasitə Azərbaycanla bağlı olub, onun müəyyən dövrlərdəki tarixindən bəhs edir. Bu da təsadüfi deyil ki, Z.Bünyadov daim ölkəmizin tarixi keçmişinə, onun hərtərəfli tədqiqinə xüsusi qayğı göstərmiş, öz elmi-tədqiqat işləri ilə bu sahədəki mövcud boşluqları aradan qaldırmağa və bu yolla Azərbaycanın orta əsrlər tarixinin tam, dolğun şəkildə yazıb, onun elmi şərhini verməyə çalışmışdır. Onun Azərbaycan Atabəyləri dövləti haqqındakı monoqrafiyası bu mənada xüsusi əhəmiyyət kəsb etdiyindən ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və yüksək dəyərləndirilərək 1980-cı ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Adı çəkilən əsərlərdən başqa Z.Bünyadov Xilafət və Azərbaycan, Qafqaz və Orta Asiya xalqlarının tarixinə aid çap olunmuş çoxlu sayda elmi məqalə və rəylərin müəllifidir. Lakin Z.Bünyadovun elmi yaradıcılığı təkcə bu növ tədqiqat işləri ilə məhdudlaşmamışdır. Onun maraq dairəsi xeyli geniş olub, şərqşünaslıq elminin digər sahələrini və birinci növbədə mətnşünaslıq sahəsini də əhatə etmişdir. Z.Bünyadov Azərbaycan, o cümlədən türk xalqlarının tarixinə aid bir çox qiymətli mənbə və qaynaqları seçib, ərəb dilindən tərcümə etməklə həmin əsərləri yenidən həyata qaytarmış və tarixçi tədqiqatçılara, geniş oxucu kütləsinə onlardan sərbəst istifadə etmək imkanı yaratmışdır.

Ümumiyyətlə, tarixi araşdırmalarla yanaşı ərəb, fars və türkdilli yazılı abidə, mənbə və sənədlərin tədqiqi, tərcüməsi, habelə nəşri şöbənin daim yerinə yetirdiyi digər əsas istiqamətlərdən biridir. Həmin mənbə və sənədlərdə Azərbaycanın orta əsrlər tarixinə, coğrafiya və inzibati bölgüsünə dair çoxlu qiymətli və nadir məlumatlar olduğundan onların tərcümə və nəşri indinin özündə də elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Şöbə çərçivəsində mənbəşünaslığın fəallaşması keçən əsrin yetmişinci illərinə təsadüf edir. Təkcə 1971-1981-ci illər arasında Z.Bünyadovun tərcüməsində əl-Bakuvinin “Kitəb təlxisi-l-əsər” (1971), ən-Nəsəvinin “Sultan Cəlaləddin Mənkburnunun həyatı” (1973), əl-Hüseyninin “Əxbəru-d-davləti-s-səlcuqiyyə” (1980) və İbn Əsəm əl- Kufinin “Fəthlər kitabı” (1981) əsərləri işıq üzü görür. Sonrakı illərdə şöbə işçilərindən N.Vəlixanlı İbn Xordadbehin “Kitəbu-l-məsəlik va-l-məməlik” (1986) və R.Şükürova Fəzlullah Rəşidəddinin “Oğuznamə”sini (1987) tərcümə edib nəşr etdirirlər. F.Əsədov isə ərəb mənbələrində türklər haqqında olan materialları seçib tərcümə edərək, onları “Ərəb mənbələri erkən orta əsr türkləri haqqında” (1993) ayrıca kitab şəklində dərc etdirir. S.Süleymanova Azərbaycanın şimal-qərb bölgəsinə aid olan bir sıra ərəbdilli yerli arxeoqrafik materialları, “Car, Balakən və İlisu qanunnaməsi”ni və Molla Məhəmməd əl-Carinin “Car salnaməsi”ni (1997) ərəb dilindən Azərbaycan dilinə tərcümə edərək çap etdirir.

Bu ənənəni yenə də davam etdirən şöbə işçiləri 2005-ci ildə “Orta əsr ərəb mənbələrində Azərbaycanın tarixinə dair materiallar” adlı toplu hazırlayıb çap etdirmişlər. Bu nəşrdə Vətənimizin tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti olan ərəb orta əsr tarixçilərinin əsərlərindən parçalar Azərbaycan dilində müvafiq şərhlərlə birgə nəşr olunmuşdur. ət-Təbərinin, əl-Yaqubinin, əl-Bəlazurinin, əl-Qəlqəşəndinin əsərlərindən Azərbaycan tarixinə dair hissələr şöbənin işçiləri C.İsgəndərov, S.Süleymanova, H.Əkbərov, E.Ağayeva tərəfindən tərcümə edilmiş, qeydlər və şərhlərlə birgə çapa hazırlanmışdır. F.Əsədov giriş məqaləsi yazmışdır. Ərəb dilli orta əsr mənbələrinin geniş tədqiqatı və oxucu auditoriyasına çatdırılması şöbədə davam etdirilməkdədir. Ərəb coğrafiyaşünaslarının Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bölgələrindən bəhs edən və indiyədək Azərbaycan dilinə tərcümə edilməmiş əsərlərindən seçilmiş hissələr ayrı-ayrılıqda şöbə əməkdaşları tərəfindən çap üçün hazırlanmaqdadır. Bunlar İbn Hövqəlin, Əl-Məsudinin, İbn əl-Fəqihin, Əl-Yaqubinin, Əl-İstəxrinin əsərlərindən seçilmiş parçalardan ibarətdir.

Məşhur Azərbaycan şərqşünası, akademik Z.M.Bünyadovun əsərlərinin təqdimatı məqsədilə Azərbaycanın geniş oxucu kütlələrinə müəllifin iki fundamental monoqrafiyası Azərbaycan dilində tərtib olunmuş və nəşr edilmişdir: 1) Z.Bünyadov. Azərbaycan VII–IX əsrlərdə, B. 2004; 2) Z.Bünyadov Azərbaycan Atabəyləri dövləti. N.Bayramlı 2007-ci ildə Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sultan Cəlaləddin Mənkburnunun həyatının təsviri” əsərindən Azərbaycanın XII-XIII əsrlər tarixinə aid materialları dərc etdirmişdir.

Son illərdə bu sahədə şöbə əməkdaşlarından X.Hacıyev, S.Bağırov, Ş.Ələsgərov və E.Salahovun üzərində işlədikləri ən mühüm mövzulardan biri klassik mənbə hesab olunan İbn Bəlazurinin “Kitəb əl-buldən” əsərinin tam mətninin Azərbaycan dilinə tərcüməsidir.

Şöbə əməkdaşları E.Əlizadə orta əsr tarixi mənbəsi kimi az istifadə edilən Əl-Kutubinin “Kitab uyun ət-tarix” əsərindən Əməvilər və Abbasilər  xilafəti zamanında siyasi hadisələr haqda məlumatları, N.Bayramlı isə Şərq dünyasının Plutarxı şöhrətini qazanmış Şəmsəddin İbn Xəlliqanın “Vafiyyət əl-ə’yən və ənba əbnə əz-zaman” əsərindən Azərbaycan və türk mənşəli dövlət və mədəniyyət xadimlərinin bioqrafik materiallarının ərəb dilindən tərcumələrini çap üçün hazırlamaqdadırlar.

Şöbədə orta əsrlərdə digər türk xalqlarının tarixinə aid ərəbdilli mənbələrin araşdırılmasına da diqqət yetirilir. Belə ki, F.Əsədov Azərbaycan tarixində əhəmiyyətli rol oynamış Xəzər xaqanlığının tarixinin bilinməyən səhifələri üzərində əhatəli tədqiqat aparır və monoqrafiya hazırlayır. Son illərdə onun bu mövzuda ölkəmizdə və xaricdə bir sıra maraqlı məqalələri və konfrans çıxışları dərc edimişdir. C.İsgəndərli orta əsrlər ərəbdilli mənbələr, xüsusilə İbn Rustə və Zəkəriyyə əl-Qəzvininin əsərləri əsasında türk xalqları və tayfaları bir sıra türk xalqlarının ictimai və mədəni inkişafını tədqiq etmişdir. S.Süleymanovanın araşdırmaları “Avrasiya ticarət yolları şəbəkəsində Qafqazın yeri” mövzusuna, Qədim Şərqlə əlaqələr kontekstində Qafqazın Ön Asiya və Orta Asiya, türk regionu ilə etno-mədəni və tarixi əlaqələrinin öyrənilməsinə həsr edilmişdir.

Xilafət və ərəb-müsəlman cəmiyyətinin, habelə müasir Yaxın və Orta Şərqin ərəb ölkələrinin tarix və ictimai-siyasi durumunun tədqiqi şöbənin hər zaman başlıca elmi istiqamətini təşkil etdiyinə görə, bu sahədə görülən işlər xüsusi qeyd olunmalıdır. Şöbənin mövcud olduğu bütün dövr ərzində bu istiqamətdə ayrı-ayrı mövzular üzrə müxtəlif tədqiqat işləri yerinə yetirilmişdir. Misal üçün, E.Ağayeva Xilafətin erkən çağlarında meydana gəlmiş əzraqilər təriqətini, E.Əlizadə zəncilər üsyanını, C.Bünyadov qərmatilər hərəkatını, F.Əsədov Xilafətin ictimai-siyasi sistemində ordunun yeri və rolu, N.Bayramlı xəlifə ən-Nasirin dövrünü, C.İsgəndərli də erkən islamda riddə hərəkatını tədqiq etmişlər. J.Vəli isə Xilafətdə ilk vətəndaş müharibəsi – şiə hərəkatı mövzusunu işləmişdir.

Şöbə eyni zamanda ərəb ölkələrinin müasir tarix və iqtisadiyyatı məsələləri ilə də məşğuldur. XX əsrdə Ərəb Şərqindəki milli-azadlıq hərəkatları, ictimai və siyasi təşkilatların fəaliyyəti müasir tarix üzrə aparılan elmi araşdırmalarda vaxtilə üstün mövzulardan olmuşdur.

Şübhəsiz, dövrün siyasi tələbləri ilə ayaqlaşan bu kimi mövzular ərəb ölkələrindəki mövcud siyasi durumu, ictimai vəziyyəti araşdırıb təhlil etmək məqsədini güdürdü. C.Ruindejin “İraq xalqının Bağdad paktı əleyhinə mübarizəsi” (1966), K.Müzhərin “İraq Kürdüstanında milliazadlıq hərəkatı” (1967) və T.Həsənovun “İraq Kommunist partiyası milli istiqlaliyyət və demokratiya uğrunda mübarizədə” (1985) əsərləri bu səpkidə görülmüş işlərdəndir.

Ərəb ölkələrinin müasir tarixi və ictimai-siyasi vəziyyəti ilə bağlı elmi-tədqiqat işləri son illərdə də şöbənin fəaliyyətində öz əksini tapır. Müstəqil Azərbaycanın ərəb ölkələri ilə qurduğu siyasi-iqtisadi, elmi-mədəni əlaqələrinin günü-gündən artıb genişlənməsi bu növ tədqiqatları xüsusilə əhəmiyyətli edir. İ.Əsədovun “Azərbaycan və Fars körfəzi ölkələri”, B.Nurinin “Qloballaşma: Ərəb Şərqi və müasirləşmə problemləri”, J.Vəliyevanın “Müasir İraqda müxtəlif islam icmaları arasında münasibətlər və onların dövlət siyasəti və institutlarına təsiri”, aspirantlar E.Fərzullayevin “Fələstin azadlıq hərəkatında islamçı təşkilatlar və onların fəaliyyəti” və E.Qurbanovun “Müasir İsraildə siyası partiyaların Fələstin məsələsinə münasibətləri” kimi işləri bu qəbil tədqiqatlardandır. Son illərdə Ərəb ölkələrində baş verən mühüm dəyişikliklər və üzə çıxmış siyasi ziddiyyətlər və böhranlı vəziyyət həm təcrübəli şöbə mütəxəssisləri, həm də gənc alimlərin tədqiqat mövzularıdır. İ.Əsədov Tunisdə və Liviyada ərəb baharı hadisələrini izləməkdədir, mövzu ilə əlaqədar məqələlər dərc etdirmiş, bir sıra məruzələr və çıxışlar etmişdir. Kiçik elmi işçi P.Əfəndiyeva “Müasir Misirin mədəniyyət siyasətinə tarixi-siyasi amillərin təsiri” mövzusunu araşdırır və bu məqsədlə 2007- ci ildə və sonra bir neçə dəfə Misir Xarici İşlər Nazirliyinin yardım proqramı ilə Helvan Universitetində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Şöbənin gənc tədqiqatçıları G.Qafqazlı “Osmanlı dövründə Marağa livası”, A.Məmmədova “Misirdə 2011-2013 il hadisələri və islam amili”, E.Xudiyeva “Müasir İsraildə dövlət və din münasibətləri” dissertasiya mövzuları üzərində çalışmağa başlamışlar.

Şöbənin yerinə yetirdiyi mühüm işlərdən biri də dissertantların elmi işlərinə rəhbərlik edib, onların mütəxəssis alim kimi yetişməsinə kömək etməkdir. Bu tədqiqatçılar həm Şərqşünaslıq İnstitutundan, həm də Elmlər Akademiyasının digər institutlarından və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından olmuşlar. Ötən illər ərzində bir neçə dissertant öz dissertasiyasını mərhum akad. Z.Bünyadovun və digər tanınmış alimlərin elmi rəhbərliyi altında bitirmiş və müvəffəqiyyətlə müdafiə etmişdir.

Ərəb dünyasının keçmişi və gerçək siyası və iqtisadi durumu dünya ictimaiyyətinin, o cümlədən Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin ekspertləri müasir tələbə cavab olaraq tez-tez dövrü mətbuatda və televiziya kanallarında tarixi məsələlər və cərəyan edən hadisələrlə bağlı şərhlər və müsahibələr verməyi özlərinə borc bilirlər.

Bütün bu deyilənlər, sözsüz, şöbənin Şərqşünaslıq İnstitutu tərkibində göstərdiyi hərtərəfli fəaliyyətinin əhəmiyyətindən, onun əldə etdiyi elmi nailiyyətlərinin miqyasından xəbər verir.

Download Template Joomla 3.0 free theme.