Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

CƏNUBİ AZƏRBAYCAN ŞÖBƏSİ

Cənubi Azərbaycan şöbəsinə ilk olaraq tarix üzrə elmlər doktoru, prof. Şövkət xanım Tağıyeva (1976-cı ildən), 2009-2014-cü illərdəiqtisad üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Əkrəm Rəhim oğlu Bije rəhbərlik etmiş,hazırda isə adıgedən şöbənin müdiri tarix üzrə fəlsəfə doktoru Bayramzadə Səməd Zülfəli oğludur.

Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun mövcud olduğu uzun illər ərzində Cənubi Azərbaycan problemləri, əsasən, İran tarixi və iqtisadiyyatı şöbəsi daxilində öyrənilmişdir. Cənubi Azərbaycanla bağlı tədqiqatlarda 1941-1946-cı illər milli-azadlıq hərəkatı və xüsusən, Azərbaycan Milli hökumətinin yaranması, onun müxtəlif sahələr və istiqamətlər üzrə fəaliyyəti, həmçinin həmin dövrdə meydana gəlmiş müxtəlif ictimai-siyasi təşkilatların işi, Azərbaycanda mövcud olan mədəni və mənəvi həyat geniş şəkildə araşdırılmış, hərəkatın meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, məğlubiyyət səbəbləri əsaslı şəkildə öyrənilmişdir (M.V.Dəvəli, İ.Q.İbrahimi, K.Məmmədov, M.M.Çeşmazər, S.Mirzəzadə, F.Dəstqoşadə, S.Səmədov, C.Ələsgərov, H.Bülluri, M.R.Vilai).

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının əvvəlki mərhələləri də İran şöbəsində tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Gərgin elmi axtarışların nəticəsində Ş.Ə.Tağıyeva tərəfindən Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə 1920-ci il Təbriz üsyanının tədqiqinə həsr edilmiş “İran Azərbaycanında milli-azadlıq hərəkatı. 1917-1920-ci illər” adlı namizədlik dissertasiyası1956-cı ildə uğurla müdafiə edilmiş və 1990-cı ildə “1920-ci il Təbriz üsyanı” adlı monoqrafiya şəklində işıq üzü görmüşdür. Əsərdə Cənubi Azərbaycandakı 1917-1920-ci illər milli-azadlıq və demokratik hərəkatı, ölkədəki sosial-iqtisadi və siyasi zəmin üzərində meydana gələn Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti tədqiq edilir.Əsərdə üsyana rəhbərlik etmiş Azərbaycan Demokrat Partiyasının və onun başçısı Ş.M.Xiyabaninin İran irticasına və İngiltərə imperializminin ölkədə işğalçı siyasətinə qarşı yönəlmiş mübarizədəki rolundan danışılır.

1976-cı ildə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi strukturunda Cənubi Azərbaycan tarixi şöbəsi yaradılmış və ona Ş.Tağıyeva rəhbərlik etmişdir.

İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978-1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Böyük məhdudiyyətlər olsa da, Azərbaycan dilində kitablar, qəzet-jurnallar (“Azərbaycan”, “Araz”, “Azadlıq”, “Azərbaycan-e ayənde”, “Vətən uğrunda”, “Odlar yurdu”, “Oxtay”, “Çənlibel”, “Azərbaycan kargərləri”, “Ulduz” və s. kimi qəzetlər, “Azərbaycan səsi”, “Varlıq”, “Koroğlu”, “Yoldaş”, “Molla Nəsrəddin” və s. kimi jurnallar) çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bəzi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyətə başladı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı. Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələrin yaranmasına, bu sahədə körpü salınmasına yardım etmək və bu dayaqlar üzərində Cənubi Azərbaycanın inqilabi və demokratik ruhlu ədəbiyyat və incəsənətini inkişaf etdirmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. Bu məsələlərin qoyuluşunda Vahid Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsini təşkil edən Şimali Azərbaycanın elm və mədəniyyəti ilə tanışlığa, burada elm, mədəniyyət və incəsənətin müxtəlif sahələrindəki nailiyyətlərdən faydalanmağa, bunların həyata keçirilməsi üçün zəruri olan əlaqələrin yaradılmasına, Şimalla Cənub arasında mənəvi-mədəni əlaqələrin daha da canlandırılmasına və bu əsasda  Cənubi Azərbaycanda maarif və mədəniyyətin, elm və incəsənətin inkişafına xüsusi diqqət yetirilməyə başladı.

O zaman Azərbaycan SSR KP MK-nın I katibi olan Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi.

Elə bu dövrdən başlayaraq, xüsusilə 1978-1979-cu illərdə, bir sıra istedadlı gənc tədqiqatçılar AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycanşöbəsi ətrafında cəmləşdi və bu şöbənin sonrakı fəaliyyəti dövründə neçə-neçə bacarıqlı cənubi azərbaycanşünas alim və tədqiqatçılar hazırlandı (N.Nəsibzadə, S.Bayramzadə, C.Vəkilov, V.Mustafayev, N.Bayramlı, S.Gəncəliyeva). Odur ki, Cənubi Azərbaycan tarixi problemlərinin kompleks şəkildə öyrənilməsində və aparılmış tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında, ümumiyyətlə, Güney mövzusunu qabartmaqda bu şöbənin böyük fəaliyyəti olub.

 Cənubi Azərbaycan tarixinin müxtəlif problemlərinin ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılması və tədqiq edilməsinin nəticəsi olaraq 1828-1917-ci illər dövrünə həsr olunmuş və bu sahədə ilk fundamental əsər olan “Cənubi Azərbaycan tarixinin oçerki” adlı kitab Ş.Ə.Tağıyevanın redaktorluğu ilə 1985-ci ildə işıq üzü gördü. Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapmışdır. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılmış və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilmişdir.

Cənubi Azərbaycan tarixi şöbəsinin yaranmasından keçən 40 il müddətində XIX əsr Təbriz tarixinə (S.Gəncəliyeva), Cənubi Azərbaycan maarifçilərinin fəaliyyətinə (N.R.Bayramova), Cənubi Azərbaycan milli şüurunun formalaşmasına (V.K.Mustafayev), XX əsrin birinci yarısında Azərbaycan-İran mədəni əlaqələrinə (C.M.Vəkilov), Cənubi Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafına (1947-1962-ci illər – S.Z.Bayramzadə, 1962-1977-ci illər – N.L.Nəsibzadə), Azərbaycan Demokrat partiyasının yaranması və fəaliyyətinə (M.M.Çeşmazər) namizədlik dissertasiyaları həsr edilmiş, sonralar onların bəziləri təkmilləşdirilərək monoqrafiya şəklində çap edilmişdir.

 Bu müddət ərzində şöbədə həmçinin Cənubi Azərbaycan tarixinin sonrakı dövrlərini əhatə edən oçerk üzərində gərgin iş aparılmışdır. 1987-ci ildə çap edilmiş Azərbaycan Sovet Ensiklopediyasının X cildində getmiş “Cənubi Azərbaycan” başlıqlı iri həcmli məqalə də bu şöbə tərəfindən təqdim edilmişdir (Ş.Ə.Tağıyeva və S.Z.Bayramzadə). Həmin məqalədə 1828-1917-ci illər tarixini əhatə edən “Cənubi Azərbaycan tarixinin oçerki”nin I cildində öz əksini tapmayan bir sıra məsələlər - Cənubi azərbaycanlıların etnoqrafiyası, folkloru, ədəbiyyatı, dil xüsusiyyətləri, Cənubi Azərbaycanda memarlıq və incəsənət, elm və səhiyyə, radio və televiziya, kitabxanalar, muzeylər və onların fəaliyyəti barədə dəqiq məlumatlar verilmişdir ki, şöbənin gələcək fəaliyyət proqramında həmin mövzular geniş tədqiqat obyekti olmuş və bu gün də araşdırılmaqdadır.

1988-ci ildə 1914-1918-ci illər I Dünya müharibəsi illərində Cənubi Azərbaycanda azadlıq hərəkatının tədqiqinə həsr edilmiş eyni adlı monoqrafiya – “Cənubi Azərbaycanda azadlıq hərəkatı” kitabı (Ə.M.Həbibov) çapdan çıxdı.1989-cu ildə şöbənin elmi əməkdaşları tərəfindən hazırlanmış “Cənubi Azərbaycan tarixi məsələləri” (Ş.Ə.Tağıyevanın və N.Nəsibzadənin redaktorluğu ilə) məqalələr toplusunun ilk nəşri işıq üzü gördü. Eyni zamanda akademik Z.M.Bünyadov və Y.B.Yusifovun redaktorluğu ilə ilk dəfə 1994-cü ildə ali məktəb tələbələri üçün çap edilmiş “Azərbaycan tarixi” dərsliyinin I cildində getmiş “Cənubi Azərbaycan (1828-1917)” adlı fəsil (S.Z.Bayramzadə) bu şöbənin məhsuludur.

XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində keçmiş Sovet İttifaqının dağılması, müstəqillik uğrunda keçmiş sovet respublikalarında baş verən milli hərəkatlar çərçivəsində baş verən münaqişə və qarşıdurmalar, xüsusilə həmin dövrlərdə baş vermiş və günümüzə qədər davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi fonunda formalaşan yeni beynəlxalq münasibətlər, qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə əlaqələr, nəhayət, 1991-ci ildə Cənubi Azərbaycan tarixi şöbəsinin ləğvi barədə qərarın verilməsinə gətirib çıxardı. Onun yerində İran tarixi və iqtisadiyyatı şöbəsi nəzdində “Cənubi Azərbaycan elmi araşdırmalar qrupu” yaradıldı. Bundan sonra “Cənubi Azərbaycan elmi araşdırmalar qrupu”nun elmi əməkdaşları “Cənubi Azərbaycan tarixi oçerki”nin sonrakı cildi üzərində işi davam etdirmişlər və həmin əsər yaxın zamanlarda öz çapını gözləyir. Elmi qrupun səyi ilə “Güney Azərbaycan” məlumat kitabı (Ş.Ə.Tağıyeva, Ə.Bije, S.Bayramzadə) və “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” adlı monoqrafiya (Ə.Rəhimli-Bije) nəşr olundu. “Cənubi Azərbaycan tarixi məsələləri” məqalələr toplusu işlənilərək yenidən ikinci dəfə çap edildi (1991).

            Bundan əlavə İrantarixivə iqtisadiyyatı şöbəsiCənubiAzərbaycantarixiilə bağlı dahaiki əsər –“CənubiAzərbaycan: milli şüur (XX əsrinIyarısı)” və “CənubiAzərbaycanməsələsinin öyrənilməsi” (V.K.Mustafayev) adlı kitabları nəşretdirmişdir. Birinci əsərdə milli şüurun formalaşmasının siyasi, iqtisadi, sosial və mədəni amilləri, mərhələləri, əsas xüsusiyyətləri, milli şüurun məzmunu və birlik proseslərində rolu və digər məsələlər, ikinci əsərdə isə Cənubi Azərbaycan məsələsinin tarixşünaslığı öz əksini tapmışdır.

Son illərdə şöbə əməkdaşları Cənubi Azərbaycan tarixinin müasir ictimai-siyasi, iqtisadi və mədəni vəziyyəti ilə əlaqədar müxtəlif aspektlərdə öz tədqiqatlarını uğurla davam etdirirlər.Belə ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının öndəri, tanınmış mütəfəkkir-ziyalı, inqilabçı-demokrat S.C.Pişəvərinin həyat və mübarizəsinə həsr olunmuş kitablar işıq üzü görüb.

Onların arasında Ə.R.Bijenin “Seyid Cəfər Pişəvəri.Həyatı və ictimai-siyasi fəaliyyəti” (Bakı, 2009), yenə də eyni müəllifin Türkiyədə çap olunmuş “S.C.Pişeveri” (Trabzon, 2013), S.C.Pişəvəri.“Məşəle Cavid” (Qum, 2014), “Seyid Cəfər Pişəvəri.Zindan xatirələri” (Bakı, 2014) adlı kitablarını qeyd etmək olar. Şöbə əməkdaşları həmçinin tanınmış tarixçi alim doktor Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” əsərini (tərcüməçi A.Maralanlı, Bakı, 2006), “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı - 90” elmi məqalələr toplusunu (elmi redaktoru Ə.Rəhimli, Bakı, 2011) nəşr etmiş, cənublu tarixçi-alim Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində” kitabını fars dilindən Azərbaycan dilinə çevirərək (C.Mirzəyeva) çap etdirmiş (Bakı, 2011) və həmin müəllifin “Azərbaycan Pəhləvilər dövrünün ilk illərində” kitabını da fars dilindən dilimizə tərcümə edərək (C.Mirzəyeva) çapa təqdim etmişlər.

  Son illərdə Cənubi Azərbaycan şöbəsinin elmi potensialı, kadr bazası gücləndirilmiş, şöbəyə istedadlı gənc tədqiqatçılar cəlb edilmiş, onların elmi fəaliyyətlərinin istiqaməti və həmçinin elmi tədqiqat işlərinin mövzuları günün tələblərinə, tariximizin hazırkı mərhələsində işlənilib üzə çıxarılması daha aktual sayılan məsələlərə uyğun olaraq müəyyənəşdirilmiş, dissertasiya mövzuları kimi təsdiq edilmişdir.

Şöbənin aparıcı elmi işçisi, dosent, t.ü.f.d. S.Talıblı “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)”, böyük elmi işçi Y.Hacıyeva “İran inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)”, böyük elmi işçi H.Səfəri “Güney Azərbaycanın Qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım -1918-ci il”, böyük elmi işçi R.Rüstəmov “III-XIV əsrlərdə Azərbaycanın Muğan bölgəsinin maddi mədəniyyəti (İmişli rayonunun materialları əsasında)”adlı dissertasiya mövzularını uğurla müdafiə etmişlər.

Elmi işçi C.Mirzəyeva “Güney Azərbaycanın Qərb bölgəsinin etno-demoqrafik durumu (çağdaş dövrdə)” və elmi işçi Ş.Rüstəmova “İran İslam İnqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” adlı dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. Tədqiqatçılar tərəfindən elmi ədəbiyyatlarda mövzuları əhatə edəcək bir sıra yazı və məqalələr dərc edilmişdir.

Şöbə əməkdaşlarının hazırladıqları “Güney Azərbaycan: tarix və müasirlik” toplusu (məsul redaktor S.Bayramzadə, redaktor Ş.Rüstəmova) və “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” adlı kitabları (Ə.Rəhimli-Bije, S.Bayramzadə) çapdan çıxmışdır.

1941-1945-ci illər Cənubi Azərbaycanda milli-demokratik mübarizənin zirvəsi hesab olunan 21 Azər hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının (12 dekabr 1945) 70 illiyi ilə bağlı şöbə əməkdaşlarının yaxından iştirakı ilə “21 Azər-70” elmi məqalələr toplusu (redaksiya heyəti: S.Bayramzadə-sədr, Ə.Rəhimli, Ş.Rüstəmova, Bakı, 2015), “21 Azər-70” fotoalbomu (tərtib edən və məsul redaktor: S.Bayramzadə, Bakı, 2015) nəşr edilmiş, bu münasibətlə də Ə.Rəhimlinin (Bijenin) “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1945-ci illər)” adlı əsəri işlənərək yenidən “21 Azərə gedən yol” (Bakı, 2015) adı ilə çap olunmuşdur.

   21 Azər hərəkatının 70 illiyinə həsr olunmuş məqalələr toplusuna daxil edilmiş yazılar 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin sosial, siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi tədbirləri və bununla bağlı fəaliyyətini, bu hökumətin qurulmasına gətirib çıxaran milli-demokratik hərəkatın məzmun və mahiyyətini əks etdirir, xalqın iradəsi ilə yaranmış hakimiyyətin milli-demokratik hərəkatda yerini və rolunu açıqlayır.

“21 Azər -70” fotoalbomu tarixi fotoşəkillər və sənədlər əsasında tərtib edilmişdir. Albomda 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz əksini tapmışdır.

Ə.Rəhimlinin (Bijenin) “21 Azərə gedən yol. Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1945-ci illər)” kitabında keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunmuş,  21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi, iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsindən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti yetərincə öz əksini tapmışdır.

Həmçinin t.ü.f.d. S.Bayramzadənin,t.ü.f.d. S.Talıblının və t.ü.f.d. H.Səfərinin monoqrafiyaları işıq üzü görmüşdür.

S.Bayramzadənin rus dilində nəşr edilmiş “Cənubi Azərbaycan: “21Azər”dən “ağ inqilaba”a kimi” (Bakı, 2016) adlı monoqrafiyasında 21 Azərdən İrandakı ağ inqilaba qədərki dövr ərzində ölkədəki mövcud şəraitdə Azərbaycanın, azərbaycanlıların bir çox siyasi, sosial, iqtisadi, demokratik problemləri və müvafiq tələbləri ortaya qoyulur, İran daxilində Azərbaycan məsələsinin mahiyyəti beynəlxalq münasibət və şəraitin mərkəzi İran hökumətinin bu məsələ ilə bağlı siyasətinə təsiri fonunda araşdırılır, dövlətin Azərbaycan siyasətindəki yeni cəhətləri nəzərdən keçirilir.

S.Talıblının “İran islam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” (Bakı, 2016) adlı kitabında İİR hakimiyyətinin Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda mövqeyi, eyni zamanda onun həlli istiqamətində göstərdiyi təşəbbüslər və atdığı addımlar maraqlı və əyani faktların qarşılıqlı müqayisəsi fonunda ortaya qoyulmuşdur.

H.Səfərinin “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” (Bakı, 2016) adlı monoqrafiyasında isə I Dünya müharibəsinin gedişində Qərb dövlətləri və Rusiyanın köməyi sayəsində yaradılan erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın Urmiya, Salmas və Xoy kimi yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır.

Cənubi Azrbaycan şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimlinin (Bije) tərtibatında (ön soz və şərhlərin müəllifi özüdür) “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (Təbriz, 1945-1946-cı illər)” (Bakı, “Nurlar”, 2016) və “Cənubi Azərbaycan: düşüncələr, problemlər”(Bakı, “Nurlar”, 2017) kitabları da çap edilmişdir. Müəllifin “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (Təbriz, 1945-1946-cı illər)”  adlı kitabında 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı xalq hərəkatının, o dövr sosial-iqtisadi və mədəni durumun ayrı-ayrı cəhətləri açıqlanır, “Cənubi Azərbaycan: düşüncələr, problemlər” adlı kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir.Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir.

  Y.Hacıyevanın “İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)” adlı monoqrafiyası İnstitut Elmi Şurasının müvafiq qərarı ilə 306 səhifədə çapolunmuşdur (Bakı, “Adiloğlu” nəşriyyatı, 2017). Kitabda 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvə¬lə¬rinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılmışdır. Müəllif panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq etmişdir.

  Hazırda “İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycan” (S.Bayramzadə), “Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında (1979-2009-cu illərdə)” (S.Talıblı) kimi mövzular üzərində tədqiqat işləri davam etdirilir.

Həftənin cümə günlərində şöbədə Güney Azərbaycanın aktual sosial-siyasi, iqtisadi və mədəni məsələlərinə aid dəyirmi masa keçirilir. Burada olan söhbət və müzakirələr gənc güneyşünasların region haqda məlumat və biliklərinin artmasına kömək edir.

Son olaraq qeyd olunmalıdır ki, 1976-cı ildən başlayaraq 40 il müddətində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən “Cənubi Azərbaycan” şöbəsi parçalanmış Vətənimizin cənub hissəsinin çağdaş tarixini kompleks şəkildə öyrənmək, tədqiq etmək və bununla bağlı onlarla elmi-tədqiqat, elmi-publisistik əsərləri ortaya qoymaqla artıq ənənəvi bir məktəbə çevrilmişdir.

Download Template Joomla 3.0 free theme.