Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

   AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

 

Azərbaycan şərqşünaslığı dərin tarixi köklərə malikdir. Onun təşəkkülü və inkişafı islam sivilizasiyası, türk dünyası, Yaxın və Orta Şərq ölkələrinin mədəniyyəti ilə sıx əlaqədə olan Azərbaycan mədəniyyətinin tarixi təkamülü ilə bağlı olub.

Böyük Azərbaycan mütəfəkkir və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digərləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya və etnoqrafiyasının inkişafına və ümumiyyətlə, dünya elminə əvəzsiz töhfələr vermişlər.

XIX yüzillikdə çoxəsrlik milli mədəniyyətin təməlində və Avropa elminin təsiri ilə Azərbaycanda şərqşünaslığın inkişafına təkan vermiş bir sıra parlaq alim və ədiblər meydana çıxmışdır. Həmin dövrdə yaşamış Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov kimi mütəfəkkir və alimlərimizin Azərbaycanın elm və mədəniyyətinin inkişafındakı xidmətləri misilsizdir. Eyni zamanda, onların Rusiyada və Avropa ölkələrində şərqşünaslıq elminin təşəkkül və inkişafında mühüm rolu olmuşdur.

Sovet dövründə, 1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialının, 1954-cü ildə isə Tarix İnstitutu nəzdində Xarici Şərq ölkələri tarixi şöbəsinin yaradılması ilə Azərbaycanda Şərqin sistemli şəkildə tədqiqi başlandı.

Azərbaycan MEA Şərqşünaslıq İnstitutu (1967-1984-cü illərdə Yaxın və Orta Şərq xalqları institutu) 1958-ci ildə Respublika Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaradılmışdır. Həmin vaxtdan etibarən Azərbaycan şərqşünaslığının ikişafında keyfiyyətcə yeni dövr başlandı, coğrafi regionvə əsas tədqiqat istiqamətləri müəyyənləşdi. İnstitutun qarşısında duran başlıca vəzifə Yaxınvə Orta Şərq ölkələrinin tarixi, ictimai-siyasi, iqtisadi və mədəni inkişafının qanunauyğunluqlarını və xüsusiyyətlərini tədqiq və təhlil etməkidi. Eyni zamanda, Azərbaycanın Yaxınvə Orta Şərq ölkələri ilə çoxəsrlik mədəni-tarixi əlaqələrini nəzərə alaraq, Respublika üçün konkret tətbiqi əhəmiyyəti olan aktual tədqiqatlara da önəm verilirdi.

İnstitutun yüksək ixtisaslı kadrlarınınvə elmi potensialının artması nəticəsində tədricən şərqşünaslığın tematikası genişləndi və zənginləşdi. Kollektivin səyi əsasən Yaxınvə Orta Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi fikri və filologiyasının aktual problemlərinin kompleks şəkildə öyrənilməsinə, Şərq xalqlarının yazılı abidələrinin tədqiqi və nəşrinə, həmçinin Azərbaycan xalqının ərəb dilli və farsdilli abidələrinin tərcümə və araşdırılmasına yönəldi.

Azərbaycan müstəqillik əldə edənə qədər respublikamızda şərqşünaslıq elmi bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edirdi. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai-siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular, hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilir və Sovet İttifaqının şərq siyasətinin həyata keçirilməsinə xidmət edirdi. Lakin eyni zamanda, keçmiş İttifaqın aparıcı şərqşünaslıq mərkəzləri ilə daimi sıx əlaqə, elmi təcrübə mübadiləsi, müxtəlif elmi və elmi-informativ məlumatların əldə edilmə imkanı Azərbaycanda bu sahənin inkişafına güclü təkan vermişdir. Təsadüfi deyil ki, keçən əsrin 70-80-ci illərində Azərbaycan şərqşünaslıq elmi keçmiş İttifaqda aparıcı mövqelərdən birini tutmuş və dünyada bu sahənin mütəxəssisləri arasında layiqli şöhrət qazanmışdır. Azərbaycan şərqşünaslığının beynəlxalq nüfuzu akademiklər Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, müxbir üzv Böyükağa Hüseynov, professorlar Rüstəm Əliyev, Aida İmanquliyeva, Əkrəm Cəfər, Rauf Seyidov və bir çox digər aparıcı alimlərin yorulmaz əməyi ilə yaradılmışdır.

1991-ci ildə Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsivə müstəqil Azərbaycan Respublikasının yaranması institutun önündə yeni üfüqlər açdı və qarşısında yeni vəzifələrqoydu.

Yeni şəraitdə Azərbaycan şərqşünaslığının məqsəd və problematikası əsaslı şəkildə yenidən işlənmişdir. Xarici siyasət xəttini müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün Şərq ölkələri ilə iqtisadi, siyasivə mədəni əlaqələrin genişləndirilməsi hal-hazırda olduqca mühüm bir məsələdir. Azərbaycanın xarici siyasət strategiyası baxımından Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi və iqtisadi vəziyyətinin öyrənilməsinə ciddi ehtiyac vardır.

Məlumdur ki, Yaxın Şərq bu gün dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmişdir. Burada mövcud olan zəngin neft ehtiyatları və digər təbii sərvətlər böyük dövlətlərin və beynəlxalq güc mərkəzlərinin diqqətini daim bölgəyə cəlb edir. Davam edən İsrail-Fələstin qarşıdurması, İraq müharibəsi, bir sıra ərəb ölkələrində baş verən ictimai-siyasi hadisələr, müxtəlif ölkələrdə özünü göstərən etnik münaqişələr, dini-fundamentalist cərəyanlar, beynəlxalq terrorizm təhlükəsivə s. problemlər bütün dünyada bu regiona marağı artırır. Təsadüfi deyil ki, son illərdə Amerika və Avropada yeni-yeni “Şərq araşdırmaları mərkəzləriyaranır, region ilə bağlı nəşrlərin sayı artır. Elmi və siyasi ədəbiyyatda geniş müzakirə edilən ABŞ-ınBöyük Yaxın Şərqlayihəsi yaxın gələcəkdə bu regionda gərginliyin artmasının gözlənildiyindən xəbər verir. Müstəqil Azərbaycanın milli və dövlət maraqları burada baş verən və gələcəkdə baş verə biləcək hadisələri ciddi təhlil edib nəzarətdə saxlamağı tələbedir.

Eyni zamanda, bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan üçün iqtisad iislahatlar və özəlləşdirmə, habelə bir sıra təbii ehtiyatların istismarı və istehsalı sahəsində qonşu Yaxın Şərq ölkələrinin təcrübəsindən öyrənilməsinə ehtiyac duyulur. Bu sahədə Avropa ilə yanaşı, mentalitetvə milli-mənəvi dəyərlər baxımından bizə daha yaxın olan Şərq ölkələrinin təcrübəsinin müsbət və mənfi tərəflərinin tədqiqi aktuallıq kəsb edir. Bundan əlavə, Türkiyə, İranvə ərəb ölkələriilə iqtisadi əməkdaşlığı genişləndirən respublikamız üçün bu sahənin prioritet istiqamətlərini aydınlaşdırmaq lazımdır.

Bütün bunlarla əlaqədar, müstəqillik dönəmində institutun elmi fəaliyyət dairəsi daha da genişlənmiş, bir sıra yen iistiqamətlər müəyyənləşdirilmişdir. Hazırda institutda elmi tədqiqat işləri, əsasən, aşağıdakı istiqamətlər üzrə aparılır:

· Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni inkişafının qanunauyğunluqlarının öyrənilməsi;

· Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsinin tədqiqi; yazılı abidələrin araşdırılması, tərcüməsi və nəşri;

· Şərq-Qərb sivilizasiyalararası münasibətlərinin öyrənilməsi;

· Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələrinin tədqiqi;

· Müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətlərin araşdırılması və onlara dair proqnoz və tövsiyələrin işlənib hazırlanması.

İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.Nmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır.

Azərbaycanda mətnşünaslıq elminin yaranması akad. Ə.Ə.Əlizadənin adı ilə bağlıdır. O, Nizami Gəncəvi, Fəzlullah Rəşidəddin, Məhəmməd ibn Hinduşah Naxçıvaninin irsinin toplanması, əsərlərinin elmi-tənqidi mətnlərini tərtib etməklə Azərbaycan elminə əvəzsiz xidmət göstərmişdir.

Özünün bütün yaradıcılıq qüvvəsini, çoxcəhətli istedadını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına və klassik ədəbi irsin öyrənilməsinə sərf edən akad. H.Araslının elmi-tədqiqat fəaliyyətində Azərbaycan və Şərq xalqları ədəbiyyatının orta əsrlər dövrünə aid problemləri həmişə mərkəzi yer tutmuşdur. Alimin Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasındakı xidmətləri xüsusi qeyd olunmalıdır.

Akad. Z.M.Bünyadovun elmi əsərləri Azərbaycanın və Yaxın Şərq ölkələrinin Ərəb xilafəti və orta əsrlər dövrü tarixinin tədqiqinə həsr edilmişdir. Azərbaycan elm və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli alim orta əsr müəlliflərinin Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair əsərlərinin öyrənilməsi, şərhli tərcüməsi və nəşri işi ilə də məşğul olmuşdur.

F.ü.e.d., prof. A.N.İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin yaranmasında müstəsna xidmətlər göstərmişdir. Keçmiş Sovet İttifaqında ərəb “məhcər” ədəbiyyatının aparıcı tədqiqatçısı olmuş A.N.İmanquliyeva fundamental araşdırmaları ilə Azərbaycan ərəbşünaslığını xeyli zənginləşdirmiş və inkişaf etdirmişdir.

Hal-hazırda instituta rəhbərlik edən AMEA-nın müxbir üzvü, f.ü.e.d., prof. G.B.Baxşəliyeva ərəb ədəbiyyatının müxtəlif məsələlərinə və Azərbaycan-ərəb ədəbi əlaqələrinə dair 3 monoqrafiya, 11 kitab və 180-dən artıq elmi məqalənin müəllifidir. G.B.Baxşəliyeva elmi və təşkilatçılıq fəaliyyəti ilə yanaşı ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, 2001-ci il parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilir.

İnstitutun kollektivi öz elmi fəaliyyətini şərqşünaslığın ən aktual problemlərini tədqiq etməyə yönəltmişdir. Türkiyə, İran və ərəb ölkələrinin tarixi, ictimai-siyasi və iqtisadi inkişafı, Şərq xalqlarının filologiyası, islam tarixi, müasir Yaxın Şərqdə din və ictimai fikir cərəyanları və digər sahələr institut əməkdaşlarının diqqət mərkəzindədir. Son illər xüsusi aktuallıq kəsb edən Güney Azərbaycanın iqtisadi, ictimai və mədəni inkişaf problemləri, habelə islam fundamentalizmi və s. bu kimi məsələlərin tədqiqi də daha geniş vüsət almışdır.

Ötən müddət ərzində institutda 600-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab və yeddi mindən çox elmi məqalə nəşr edilmişdir.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Şərqşünaslıq İnstitutuna akad. Z.M.Bünyadovun adı verilmişdir.

Hazırda akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışan elmi əməkdaşların sayı 96 nəfərdir. Bunlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 8 nəfəri elmlər doktoru, 52 nəfəri isə fəlsəfə doktorlarıdır.

İnstitutda 11 şöbə fəaliyyət göstərir: Türkiyə tarixi və iqtisadiyyatı, İran tarixi və iqtisadiyyatı, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı, Türk filologiyası, İran filologiyası, Ərəb filologiyası, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri, Din və ictimai fikir tarixi, Cənubi Azərbaycan, Şərq-Qərb, Mərkəzi Asiya və Uzaq Şərq ölkələri şöbələri.

İnstitut əməkdaşları Azərbaycan şərqşünaslığını bir çox beynəlxalq konqres, konfrans və simpoziumlarda, o cümlədən şərqşünasların XXIV, XXV, XXIX, XXXI, XXXII və XXXVII Beynəlxalq konfranslarında (AFR, SSRİ, Avstraliya, Fransa, Yaponiya, Rusiya), Türk Tarix Qurumunun konqreslərində və s. təmsil etmiş, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Rusiya, Çin, Cənubi Koreya, Türkiyə, İran, Misir, Malayziya, İsrail, Hindistan, Gürcüstan, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və s. ölkələrdə keçirilən şərqşünaslığın müxtəlif problemlərinə həsr edilmiş konfrans və simpoziumlarda iştirak etmişlər.

İnstitutun hazırda Türkiyə, Rusiya, Almaniya, Hollandiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və s. ölkələrin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri vardır. Həmçinin institut UNESCO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir. Müstəqillik illərində İnstitut bir sıra mühüm beynəlxalq elmi konfrans və simpoziumların təşkilatçısı olmuşdur: Mustafa Kamal Atatürkün anadan olmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 1991), Hollandiyanın Utrext Universiteti ilə birlikdə “Azərbaycan və qonşu ölkələrdə XX əsrin əvvəllərində ictimai-siyasi fakir və ideoloji reallıqlar” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 1997), Türkiyə Respublikasının yaranmasının 75 illiyinə həsr olunmuş Beynəlxalq konfrans (Bakı, 1998), “Qafqazda islam sivilizasiyası” adlı Beynəlxalq simpozium (Bakı, 1998), Osmanlı dövlətinin yaranmasının 700 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 1999), Böyük İran şairləri Hafiz Şirazi və Sədi Şiraziyə həsr olunmuş Beynəlxalq elmi-ədəbi konfranslar (Bakı, 2002; Bakı, 2003), Mirzə Kazım bəyin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (UNESCO ilə birlikdə, Bakı, 2003), “Qloballaşma və islam” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2004; Bakı, 2005), “İranda Məşrutə inqilabı – 100” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2005), “Şərq və Qərb arasında dialoq” mövzusunda Beynəlxalq elmi konfrans (Rumıniyanın Kluj-Naboka şəhəri, 2010), “Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2010), “Müasir şərqşünaslığın actual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2011), Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda Beynəlxalq elmi simpozium (Bakı, 2012), “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2012), “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2013), akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfrans (Bakı, 2013), “Türkiyə Cümhuriyyəti-90” mövzusunda Beynəlxalq elmi konfrans (Bakı, 2013) və s.

İnstitut alimlərindən bir nəfəri Azərbaycan Dövlət mükafatına, üç nəfəri H.Z.Tağıyev adına mükafata, bir nəfəri A.A.Bakıxanov adına mükafata layiq görülmüşlər. Üç nəfərə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir.

 

Download Template Joomla 3.0 free theme.