Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ƏRƏB FİLOLOGİYASI ŞÖBƏSİ

 

“Ərəb filologiyası” şöbəsi 1976-cı ildə yaradılmışdır və ona həmin dövrdən 1992-ci ilə qədər, o dövrdə istər respublika, istərsə də ümumittifaq səviyyəsində özünün elmi biliyi və təşkilatçılıq fəaliyyəti ilə yaxşı tanınan f.ü.e.d., prof. A.İmanquliyeva rəhbərlik etmişdir. Məhz bu dövrdə “Ərəb filologiyası”şöbəsi elmi fəallıq baxımından yüksəliş əldə etmişdir. Görkəmli alimin rəhbərliyi ilə bir sıra namizədlik dissertasiyaları müdafiə olunmuş, ərəb ədəbiyyatının müxtəlif sahələrini əhatə edən kitab və monoqrafiyalar həm Azərbaycan, həm də rus dilində çap olunmuşdur. Ərəb filologiyasının aktual məsələlərinə həsr olunmuş müxtəlif elmi konfrans və seminarların keçirilmə faktı da “Ərəb filologiyası” şöbəsinin rəhbəri A.İmanquliyevanın adı ilə bağlıdır. Ərəb ədəbiyyatının qlobal problemlərinin tədqiqi ilə məşğul olan alimlərə başçılıq edən Aida xanım ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində bir neçə fundamental əsərin müəllifi kimi çıxış edərək Azərbaycan şərqşünaslıq elminin inkişafına öz töhfəsini vermişdir. Alimin “Qələmlər birliyi” və Mixail Nuaymə” adlı əsəri ərəb məhcər ədəbiyyatının meydana gəlməsindən, xüsusilə XX əsrin 20-ci illərində Nyu-York şəhərində yaşayan mühacir ərəb yazıçıları tərəfindən yaradılan “Qələmlər birliyi” adlı ədəbi birliyin yaranma və inkişaf tarixindən bəhs edir. Əsərin böyük hissəsi “Qələmlər birliyinin” əsasını qoyanlardan birinə – Livan yazıçısı Mixail Nuaymənin yaradıcılığının tədqiqinə həsr olunmuşdur. A.İmanquliyevanın “Cubran Xəlil Cubran” adlanan ikinci əsərində ərəb məhcər ədəbiyyatının digər görkəmli nümayəndəsinin yaradıcılığından bəhs olunur. Bu tədqiqat əsərində Cubran Xəlil Cubranın əsərlərində romantik üslubun inkişaf xətti izlənilir. Görkəmli alimin sonuncu əsəri “Yeni ərəb ədəbiyyatının korifeyləri” ərəb ədəbiyyatının tədqiqi sahəsində əsl töhfədir. Bu fundamental əsər yeni ərəb ədəbiyyatının digər xalqların ədəbiyyatlarında baş verən proseslərlə əlaqələrinə həsr olunmuş xüsusi tədqiqatdır. “Suriya–amerikan məktəbinin” üç görkəmli nümayəndəsinin – C.X.Cubran, Əmin ər-Reyhani və Mixail Nuaymənin yaradıcılıqlarının nümunəsində Qərb romantizminin və rus tənqidi realizminin ərəb ədəbiyyatına təsir xarakteri və əhəmiyyəti araşdırılır. Beləliklə, uzun illər ərzində “Ərəb filologiyası” şöbəsinə rəhbərlik etmiş f.ü.e.d., prof. A.İmanquliyevanın yüksək elmi və təşkilatçılıq qabiliyyəti şöbənin bir sıra uğurlarına rəvac vermiş və “Əə filologiyası” şöbəsi Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynamışdır.

Hazırda şöbədə ərəb dilçiliyi və ədəbiyyatı ilə bağlı araşdırmalar davam etdirilir. Bununla belə, yarandığı gündən indiyə qədər burada ərəb dili və ədəbiyyatının tədqiqi ilə yanaşı, ərəb-Azərbaycan ədəbi əlaqələri də kifayət qədər tədqiqata cəlb olunmuşdur.

Məsələn, ötən əsrin 80-90-cı illərində şöbənin əməkdaşları orta əsrlərdə ərəb dilçiliyi sahəsində əsərlər yazmış Azərbaycan alimlərinin əsərlərini tapıb üzə çıxarmış və bu əsərləri tədqiq edərək Azərbaycan dilçilərinin ərəb elminə verdikləri töhfələrin məğzini aça bilmişlər. Bu tədqiqatlar sırasında f.ü.f.d. L.Orucovanın “Əz-Zəncaninin “Mabadiu fittasrif” əsəri, “XVIII əsr Azərbaycan alimi İbrahim əl-Əraşinin linqvistik yaradıcılığı”, f.ü.f.d. Ç.Mirzəzadənin “Azərbaycan alimi Hübeyş Tiflisinin “Qanuni-l-ədəb” lüğəti”, “İbn Firiştə və onun qafiyəli qlossarisi”, f.ü.f.d. Z.Rüstəmovanın “Əbu Həyyan əl-Əndəlusi. “Əd-durra əl-mudiyyə fi-l-luğa ət-turkiyyə” əsərlərini xüsusi qeyd etmək lazımdır.

Son illər ərzində şöbənin ərəb dilçiliyi sahəsində çalışan əməkdaşları lüğətlərin tərtibi sahəsində uzun illərdən etibarən mövcud olan ənənəni davam etdirərək, nəinki orta əsrlərin leksikoqrafik əsərlərinin tədqiqi ilə məşğul olmuş, hətta ictimai həyatın müxtəlif sahələrinə aid xüsusi lüğətlərin tərtibinə başlamışlar. F.ü.f.d. L.Orucovanın hazırladığı “Ərəb dilçilik terminləri lüğəti” nəşr olunmuş və ərəbşünas alimləri və tələbələr arasında çox böyük maraqla qəbul olunmuşdur. 2008-ci ildə f.ü.f.d. L.Orucova və f.ü.f.d. Z.Rüstəmova tərəfindən dörddilli (Azərbaycan, rus, ərəb və latın) “Tibb terminləri lüğəti” işıq üzü görmüş və oxucular tərəfindən böyük rəğbətlə qəbul olunmuşdur.

Hal-hazırda ərəb dilçiliyi üzrə bir neçə qlobal problem araşdırılır və onun nəticəsində bir sıra maraqlı əsərlər təqdim olunmuşdur. Bunlardan f.ü.f.d. L.M.Orucovanın “Ərəb dilinin qrammatikasında nəhvin səciyyəvi xüsusiyyəti”, f.ü.f.d. Z.Q.Rüstəmova “İraq-Türkman dialektinin tədqiq tarixi və onun dil xüsusiyyətləri” əsərlərini qeyd etmək olar. Hər iki əsərlə Şərqşünaslıq İnstitutunun arxivində tanış olmaq mümkündür.

Şöbənin ədəbiyyatşünas alimləri isə bir tərəfdən Misir, Suriya, İraq, Livan və məhcər ərəb ədəbiyyatının, bu ədəbiyyatlarda cərəyan edən ədəbi proses və cərəyanların, dünya miqyaslı ərəb bədii söz ustalarının yaradıcılığının tədqiqi, digər tərəfdən isə Azərbaycan-ərəb ədəbi əlaqələrinin araşdırılması ilə məşğuldurlar. Məsələn, təkcə son bir neçə il ərzində yuxarıda sadalanan problemlərlə bağlı çap olunmuş əsərlərin adları bu rəngarəngliyin mənzərəsini aydın əks etdirir: “Qələmlər birliyi» və Mixail Nuaymə”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” (A.İmanquliyeva) “Əbül-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” (G.Baxşəliyeva) “İraqda neoklassik poeziya” (V.Cəfər), “Azərbaycan-ərəb ədəbi əlaqələri” (F.Əliyev). 2004-cü ildə şöbənin gənc ədəbiyyatşünas əməkdaşları – X.Ələkbərova “Nəcib Məhfuzun roman qəhrəmanlarının təkamülü”, A.Barxalov isə “İlkin Abbasilər dövründə ərəb filologiyası və digər elmlərin islam sivilizasiyasının tərəqqisi kontekstində” mövzusunda namizədlik dissertasiyalarını uğurla müdafiə etmişlər.

Ümumiyyətlə, şöbə əməkdaşları ötən dövr ərzində 30-dan çox monoqrafiya, “Ərəb filologiyası məsələləri” adlı məqalələr məcmuəsinin 3 buraxılışını, ərəb dilçiliyi və ədəbiyyatının bu və ya digər sahələri ilə bağlı 200-dən çox məqalə çap etdirmişlər. “Ərəb filologiyası” şöbəsinin ədəbiyyatşünas əməkdaşlarının nəzəri tədqiqatlarının nəticələri Azərbaycan dilinə tərcümə olunmuş şeir və hekayələrdən ibarət toplu və antologiyalar şəklində öz praktik təcəssümünü tapmışdır. Məsələn, Misir, Livan, İraq, Sudan, Mərakeş, Əlcəzair, İordaniya, Fələstin kimi ərəb ölkələrinin yazıçılarının hekayələri toplusu “İnsan və quş”, “Ağ günlərin sorağında” adlı İraq ədəbiyyatı antologiyası nəşr olunmuşdur. Bundan əlavə f.ü.e.d., prof. G.Baxşəliyeva ilk dəfə olaraq Əbül-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” antologiyasından üzri məhəbbət şairi Qeys ibn Müləvvəhin - Məcnunun həyat və yaradıcılığını əks etdirən iki fəsli və ərəbdilli Azərbaycan şairləri Musa Şəhavat, İsmayıl ibn Yassar və Əbu-l-Abbas Əl-Əmadan bəhs edən üç fəsli tam şəkildə tərcümə etmişdir. Bu tərcümələr “Əbül-Fərəc İsfahani “Nəğmələr kitabı” (rus dilində) və “Əbül-Fərəc İsfahani. “Bir Məcnun vardı…” adlı kitablar şəklində nəşr olunmuşdur.

Şöbənin bütün uğurları baş elmi işçilər L.Orucova və Z.Şixəlibəylinin rus dilində çap etdirdikləri “Azərbaycanda ərəb filologiyasının inkişafı” adlı kitabda öz əksini tapmışdır.

“Ərəb filologiyası” şöbəsinə hazırda f.ü.e.d. V.Cəfərov rəhbərlik edir. O, bir neçə monoqrafiyanın, 70-dən çox müxtəlif səpkili məqalələrin müəllifidir. Görkəmli ərəb yazıçısı Cürci Zeydanın “Fərqanə gəlini” (“Ərusu Fərğanə”) romanı (20 ç.v.) onun tərcüməsində 1998-ci ildə “Gənclik” nəşriyyatında çapdan buraxılmışdır. “Ağ günlərin sorağında” adlı kollektiv tərcümə kitabı da onun yaxından iştirakı ilə nəşr olunmuşdur.

Şöbədə ədəbiyyatşünaslıq (f.ü.f.d. Z.Ə.Şıxəlibəyli “Misir modernist məktəbi”), dilçilik (f.ü.f.d. Z.Q.Rüstəmova “Kərkük dialektinin tədqiqi tarixi”, “İraq-Türkman dialektinin tədqiq tarixi və onun dil xüsusiyyəti” (2013), f.ü.f.d. L.M.Orucova “Orta əsrlər Azərbaycan alimlərinin əsərlərində ərəb dilində irab problemi”, “Ərəb dilinin qrammatikasında Nəhvin səciyyəvi xüsusiyyəti” (2013); f.ü.f.d. Ç.H.Mirzəzadə “Nisabüs-subyan” ərəb-türk mənzum lüğətinin leksik və semantik üslubu) (2013)) istiqamətində araşdırmalar aparılmışdır. Ərəb-Azərbaycan ədəbi əlaqələri (İraq tarixçisi M.Ş.Xəttabın “Ərməniyyə islamın fəthindən əvvəl və onun fəthi günlərində” əsərinin Azərbaycan dilinə şərhli tərcüməsi (f.ü.e.d., şöbə müdiri V.A.Cəfərov), B.Levisin “Orta Şərq və Qərb” adlı elmi əsərinin Azərbaycan dilinə tərcüməsi, çapa hazırlanması və ön sözün yazılması (f.ü.f.d. A.B.Barxalov), İ.M.Filştinskinin “Ərəb ədəbiyyatı tarixi. V-X əsrin əvvəlləri” kitabının Azərbaycan dilinə tərcüməsi (icrası-kollektiv f.ü.f.d. Ə.T.Qasımlı, f.ü.f.d. X.E.Ələkbərova, f.ü.f.d. R.A.Cümşüdlü) sahəsində diqqətəlayiq nəticələr əldə edilmişdir. Bundan başqa, şöbənin gənc əməkdaşları f.ü.f.d. X.E.Ələkbərova “Misirdə müasir qadın yazıçılar”, f.ü.f.d. R.A.Cümşüdlü “Əl-Əşə cahiliyyə və sədrül-islam dövrünün şairi kimi” kimi ərəb ədəbiyyatının çeşidli dövrlərinin problemlərini araşdırmaqla məşğul olmuşlar.

Ərəb filologiyası şöbəsinin 2008-ci ildəki elmi həyatı da ötən illərdə olduğu kimi, elmi uğurlarla zəngin olmuşdur. Belə ki, ilin əvvəlində, daha doğrusu, yanvar ayının 13-dən 17-dək şöbənin üç əməkdaşı - f.ü.e.d. V.Cəfərov, f.ü.f.d. L.Orucova və f.ü.f.d. Ə.Qasımlı Liviya Ərəb Respublikasına dəvət olunmuş və orada Liviya inqilabının lideri M.Qəzzafinin “Yaşıl kitabı”nın (“Əl-Kitəb əl-Əxbər”) müzakirəsi ilə bağlı keçirilən “dəyirmi masa”da iştirak etmişlər. Bu barədə f.ü.e.d. V.Cəfərin “Elm və həyat” jurnalının 1-2-ci nömrəsində “Yaşıl kitab”ın yaşıl işıqları” adlı məqaləsi çap olunmuşdur.

Bundan əlavə, şöbənin iki əməkdaşı – f.ü.e.d. V.Cəfərov və f.ü.f.d. Ç.Mirzəzadə may ayının 1 və 2-də Qafqaz Universitetinin Misir səfirliyi və Misir Mədəniyyət Mərkəzi ilə birlikdə keçirdiyi “Qeyri ərəblərə ərəb dilinin tədrisi” adlı beynəlxalq elmi konfransda “Universitetlərin ərəb dili şöbələrində əski Azərbaycan əlifbası tədris olunmalıdır” (f.ü.e.d. V.Cəfərov) və “Tədris prosesində tələbələrə fədi yanaşa metodu” (f.ü.f.d. Ç.Mirzəadə) adlı məruzələrlə çıxış etmişlər.

Şöbədə “Ərəbcə-Azərbaycanca lüğət” adlı iri həcmli bir lüğətin tərtibi başa çatmışdır (Tərtibçilər f.ü.f.d. L.Orucova, f.ü.f.d. Z.Rüstəmova və f.ü.f.d. Ç.Mirzəzadə). Əslində, bu lüğət X.K.Baranovun “Arabsko-russkiy slovar” lüğətinin tam tərcüməsidir. Şöbə müdiri f.ü.e.d. V.Cəfərov Aida İmanquliyevanın anadan olmasının 70 illiyi ilə bağlı tərtib etdiyi “A.İmanquliyeva. Məqalələr və tərcümələr” adlı kitabını çap etdirmişdir (2010).

Şöbənin əməkdaşlarının 90 %-i filologiya üzrə fəlsəfə doktorlarıdır. Hazırda şöbənin üç aspirantı, beş nəfər (biri Cənubi Azərbaycan vətəndaşı olmaqla) dissertantı da dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər.

Qeyd etmək lazımdır ki, 2010-cu ildə şöbənin 15 əməkdaşı Misir Ərəb Respublikasında 12 günlük elmi ezamiyyətdə olmuş və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə texniki Əməkdaşlıq Fondu və “Hidayət” Ərəb Mədəniyyəti İnstitutunun Qahirədə təşkil etdiyi təlim kursunda iştirak etmişlər.

Şöbənin əməkdaşı f.ü.f.d. Ə.T.Qasımlı görkəmli Misir alimi-publisist Taha Hüseynə həsr edilmiş maraqlı araşdırma aparmışdır: “Taha Hüseyn və müəlləqələrdə sənətkarlıq xüsusiyyətləri” (İmrul-Qeysin yaradıcılığı əsasında) (“Şərq filologiyası məsələləri” IV b., Bakı, 2009); Şöbənin gənc alimləri filologiya üzrə fəlsəfə doktorları R.A.Cümşüdlü, L.M.Bayramova, X.E.Ələkbərova, S.A.Səlimova, F.A.Məcidova ərəb ədəbiyyat sahəsində aid bir neçə aktual mövzulara aid çox maraqlı və dəyərli araşdırmalar aparmışlar: Bunlardan f.ü.f.d. L.M.Bayramova “Min bir gecə” ümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimi” (2009) və f.ü.f.d. R.A.Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” adlı mo noq rafiyaları çap olunmuş (2012), f.ü.f.d. X.E.Ələkbərovanın “Misir reallıqları və bədii ədə biyyat (XX əsrin sonu – XXI əsrin əvvəllərində)” və f.ü.f.d. S.A.Səlimovanın “Ərəb folkloru və bədii nəsrində ilkin Abbasilər dövrü” adlı monoqrafiyaları isə çapa təqdim olunmuşdur.

Şöbənin elmi işçisi f.ü.f.d. F.A.Məcidova görkəmli şərqşünas alim ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı prof. Aida xanım İmanquliyevanın araşdırmaları əsasında ərəb məhcər ədəbiyyatı mövzusunu davam etdirir. O, “Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi” adlı monoqrafiyasını çapa təqdim etmişdir.

Şöbənin elmi işçisi X.Ə.Kərimova “Orta əsrlərdə ərəb ədəbiyyatında “Ədəb” janrı (Əbu Əli əl-Muhassin ət-Tənuxinin “Nişvar əl-Muhadara va əxbər əl-Muzəkəra” əsəri əsasında)” adlı dissertasiyasını müdafiə etmiş və mövzu ilə əlaqədar bir sıra elmi məqalələr çap etdirmişdir.

Şöbənin daha iki əməkdaşı kiçik elmi işçi G.Ş.Həmidliyə dilçilik və kiçik elmi işçi Ə.H.İsmayılovaya ədəbiyyat istiqamətli tədqiqat mövzuları təyin edilmişdir. G.Həmidli “XI əsr ərəb filologiyasının inkişafında Xətib Təbrizinin rolu və onun “Təhzibul-islahul-mantıq” adlı traktatı mövzusunun, Ə.İsmayılova isə “Curci Zeydan islam mədəniyyəti tədqiqatçısı kimi” adlı mövzunun tədqiqi ilə məşğuldurlar.

Demək lazımdır ki, şöbənin bütün işçiləri öz elmi araşdırmalarının nəticələrini İnstitutumuzda davamlı şəkildə dərc olunan “Elmi Araşdırmalar” və “Şərq filologiyası məsələləri” toplularında çap etdirirlər.

Şöbənin əməkdaşları İnstitutun cari işlərində, institut və respublika səviyyəsində keçirilən elmi konfranslarda fəal iştirak edirlər.

Download Template Joomla 3.0 free theme.