Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
TÜRK FİLOLOGİYASI ŞÖBƏSİ
1966-cı ildən başlayaraq Azərbaycan MEA Şərqşünaslıq İnstitutunda “Şərq xalqları ədəbiyyatı” şöbəsi tərkibində ayrıca qrup, sonra isə müstəqil fəaliyyət göstərən “Türk filologiyası” şöbəsi türkologiya elmimizin inkişafında mühüm rol oynamışdır. Şöbənin ilk müdiri Azərbaycan EA-nın akademiki, Azərbaycan və Özbəkistan Respublikalarının əməkdar elm xadimi, Türk Dil Qurumunun, İraq EA, İslam sivilizasiyasını öyrənən İordaniya Kral cəmiyyətinin fəxri üzvü H.Araslı olmuşdur.
Hələ yetmişinci illərdə akademik H.Arasılının türk şairləri Gülşəhri və Tofiq Fikrət yaradıcılığı haqqında “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı”, “Nizami Gəncəvinin ilk mütərcimi”, “Gülşəhri və Gəncəli Nizami”, “Tofiq Fikrətin Azərbaycana təsiri” adlı maraqlı elmi məqalələri çap olunmuşdur.
Ümumtürk mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan qədim yazılı abidələr və türkdilli şairlərin yaradıcılıqlarının tədqiqinə xüsusi diqqət yetirən akad. H.Araslı bu sahədə geniş araşdırmalar aparmışdı. Alim Nizami, Nəsimi, Xətayi, Füzuli, Nəvai və b. şairlərin ədəbi irsini həm yeni qaynaqlara əsaslanaraq əlavə izahlarla tərtib edib oxuculara çatdırmış, həm də bu sənətkarların yaradıcılıqlarını tədqiq yolu ilə Şərq şerinə təsirini aydınlaşdıraraq onların Şərq ədəbiyyatı, o sıradan türk xalqları ədəbiyyatlarındakı əvəzsiz yerini müəyyənləşdirmək baxımından əhəmiyyətli işlər görmüşdür. Bu baxımdan Nizami, Nəsimi, Nəvai, Füzuli kimi dünya şöhrətli şairlərin yubileyləri münasibətilə keçirilən elmi sessiyalarda akad. H.Araslının rəhbərliyi ilə şöbənin fəal iştirakını xüsusi qeyd etmək lazım gəlir. Akad. H.Araslının bu istiqamətdə apardığı tədqiqatların nəticəsi olaraq çap olunan “Şairin həyatı”, “İmadəddin Nəsimi”, “Xaqani Şirvani” kimi əsərləri və otuza yaxın məqaləsi elm aləmi üçün çox böyük əhəmiyyət kəsb edir.
Bunlardan başqa alim “Türk filologiyası” şöbəsinə rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud”, “M.P.Vaqifin əsərləri”, “Əlişir Nəvai”, “Xətai, əsərləri”, “Azərbaycan dastanları” və s. əsərlərin tərtibçisi olmuşdur.
Akad. H.Araslı ədəbiyyatımızın qədimliyini danan, şairlərimizin yaradıcılığını təhrif edən qərəzli mülahizələrə “Firuz Məhsuriyə açıq məktub”, “Orxan Şaiqə açıq məktub” kimi yazıları ilə vaxtında və kəsərli cavab vermişdir. O, “Füzuli ərəb ədəbiyyatında”, “Ədəbiyyat tariximiz haqqında yeni əsər”, “Yaxın-uzaq Türkiyə” adlı mülahizə və rəylərin də müəllifidir.
Azərbaycan-türk ədəbiyyatının dünya miqyasında öyrənilməsi problemi həmişə şöbənin müdiri akad. H.Araslının diqqət mərkəzində olmuşdur. Alimin bilavasitə rəhbərliyi və elmi məsləhəti ilə türk ədəbiyyatının müxtəlif işlənməmiş problemləri haqqında maraqlı araşdırmalar aparılmışdır. Əruzşünas alim Ə.Cəfər dissertasiya müdafiə edərək filologiya elmləri doktoru olmuşdur.
F.ü.e.d. Ə.Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)” adlı doktorluq dissertasiyası Şərq ədəbiyyatının nəzəri məsələlərinin tədqiqinə həsr olunmuş fundamental bir əsər idi. Əruz vəznini bütün mürəkkəbliyinə və incəliklərinə qədər araşdıran bu dissertasiya kitab halında çap olunmuşdur.
Akad. H.Araslının müdir olduğu dövrdə şöbənin doqquz əməkdaşı namizədlik dissertasiyaları müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışlar ki, bunlardan altı nəfərinin (A.Abıyevin, X.Quliyeva-Qafqazlının, S.Qasımlının və b.) elmi rəhbəri bilavasitə H.Araslı özü olmuşdur.
Ümumiyyətlə, şöbədə aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid araşdırmalar aparılmış, görülən işlərin ədəbi, elmi təhlili verilmişdir. Ədəbi və nəzəri tədqiqin müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. şöbə əməkdaşlarının əsas tədqiqat obyekti olmuşdur. Namizədlik dissertasiyalarının mövzularının çoxunun XIX əsrdən sonrakı dövrü əhatə etməsi, bu əsrdən başlayaraq türk ədəbiyyatında, xüsusilə türk nəsrində baş verən yenilikləri, ictimai-siyasi, ədəbi prosesdəki inkişafı tədqiq etmək, aydınlaşdırmaq zərurətindən irəli gəlirdi.
Şöbədə aparılan tədqiqat işləri Türkiyənin özündə də böyük maraq doğuran, nəzəri cəhətdən araşdırmaya ehtiyacı olan mövzulara həsr olunmuşdur. Ə.Əhmədovun Rəşad Nuri Güntəkinin romanlarının təhlilinə, G.Quliyevanın
II Dünya müharibəsindən sonra türk nəsrində kəndli məsələsinə, V.Nasiboğlunun Orxan Xəncərlioğlunun yaradıcılığına, A.Abıyevin Ömər Seyfəddinin həyat və yaradıcılığına, A.Qurbanovun Əbdülhaq Hamidin dramaturgiyasına, M.Gülmalıyevin «Sərvəti-fünun» jurnalına, X.Quliyeva-Qafqazlının Qaracaoğlanın yaradıcılığına, Məhəmməd Hatəminin sehrli türk nağıllarına, B.Osmanovanın Məlih Cövdət Anday yaradıcılığına, S.Qasımlının Haldun Tanerin bədii nəsrinə, Ə.Nəhmədovun türk xalq teatrlarının tədqiqinə, Z.Haşımovun heca vəznində yazıb-yaradan şairlərin yaradıcılığına həsr etdikləri namizədlik dissertasiya işləri istər Azərbaycanda, istərsə də Türkiyədə öz aktuallığı ilə seçilən mövzularda yazılmışdır.
Hal-hazırda şöbədə f.ü.f.d. Səriyyə Gündoğdunun rəhbərliyi ilə türk ədəbiyyatı və dili sahəsində tədqiqatlar davam etməkdədir.
S.Gündoğdu “Mehmet Akif Ərsoy yaradıcılığında sosial problemlərin bədii təcəssümü” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. S.Gündoğdu 2003-cü ildən bu günə qədər Türkiyə, Misir, Bosniya və Hersoqovina, Tatarıstan və Azərbaycanda keçirilən iyirmidən çox beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, Türkiyə Yazarlar Birliyi M.A.Ərsoy fikir və sənət vəqfinin keçirdiyi beynəlxalq konfranslarda həm təşkilat komitəsində, həm də elmi heyyətində iştirakına görə fəxri fərmanlar almışdır. Bakıda “Yunus Əmrə türk mədəniyyət mərkəzi”ni qurmuşdur. 2012-ci ildə “Mehmet Akif Ərsoy yaradıcılığında sosial problemlərin bədii təcəssümü” adlı monoqrafiyası nəşr olunmuşdur. “Yücelikte tenhalık”, “Soru işareti” və “Vatan, millet, ana dili” adlı B.Vahabzadənin şeir və məqalələrindən ibarət kitablarını türkcəyə çevirmiş və Türkiyədə nəşr olunmuşdur. B.Yazganın “Yağmur Quşları” kitabını Azərbaycan dilinə çevirmiş və Bakıda nəşr olunmuşdur.
S.Gündoğdunun Azərbaycan və Türkiyədə iyirmidən çox məqaləsi elmi jurnallarda çap olunmuşdur. Hazırda o, “XX əsrin əvvəllərində Türkiyədə ədəbi cərəyanların inkişafında mətbuatın rolu (İkdam, Tanin, Sebilür-rəşad, Türk Yurdu qazet və jurnallari əsasında” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
F.ü.e.d. A.Abıyev şöbədə çalışdığı illərdə Türkiyə ədəbiyyatının müxtəlif problemləri və Azərbaycan-Türkiyə ədəbi əlaqələri məsələləri ilə mütəmadi məşğul olmuşdur. Ən çox “Türkiyə teatrı və dramaturgiyası tarixi məsələləri”, “Milli hekayə və novellanın banisi Ömər Seyfəddinin həyat yolu və yaradıcılığı”, “Türkiyə ədəbiyyatında satirik janrların inkişafı və Azərbaycan ədəbiyyatı ilə əlaqələri”, “İbrahim Şinasinin yaradıcılıq yolu” və s. mövzularda elmi əsərlər yazan A.Abıyev “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Şəxs adları sözlüyü (I, II kitab), “Türk şəxs adları (Türk mənşəli şəxs adları sözlüyü), “Türkiyə ədəbiyyatı tarixi” (I, II cild) “Ziya Gökalp”, “Həsənoğlundan üzü bəri” və “Sərvətifünun” kitabların müəllifidir. A.Abıyevin həm də əllidən çox elmi məqaləsi çap olunmuşdur.
Şöbənin böyük elmi işçisi, f.ü.e.d., Şöhrət Ordenli N.Araslı “Arif Ərdəbili və onun Fərhadnamə poeması (1979), “Nizami və Türk ədəbiyyatı (1980), “Nizaminin poetikası” (2004) kimi elmi əsərlərin müəllifidir. Yetmişdən çox məqalənin müəllifi olan N.Araslı eyni zamanda orta məktəblərin VII, VIII sinifləri üçün ədəbiyyat dərsliyinin də müəllifidir.
Hal-hazırda N.Araslı şöbənin plan işinə daxil olan “Türk divan ədəbiyyatında epik şeir” adlı əsər üzərində tədqiqatlarını bitirmək üzrədir.
F.ü.f.d. X.Quliyeva-Qafqazlı türk aşıq ədəbiyyatı üzərində tədqiqat aparır. Türk aşıq ədəbiyyatının “altun dövrü” hesab olunan XVII əsrin görkəmli aşıqlarından Qaracaoğlan yaradıcılığına həsr etdiyi namizədlik dissertasiya işi monoqrafiya halında çapdan çıxmışdır (Bakı, “Qaracaoğlan”, 1985). O, 1989-cu ildən sonra Türkiyə, Şimali Kipr və Hindistanda keçirilən konfrans və simpoziumlarda məruzə ilə iştirak etmişdir. Məruzələrin hamısı Türkiyə, Şimali Kiprdə və Hindistanda çap olunmuşdur.
Fəaliyyətə başladığı gündən bu günə qədər türk aşıq ədəbiyyatı ilə əlaqədar altmışa yaxın elmi məqalənin müəllifi olan X.Quliyeva-Qafqazlının 2009-ci ildə “Kitabi-Dədə Qorqud Türkiyə ədəbiyyatşünaslığında” adlı kitabı çapdan çıxmışdır. Əsərdə türk ədəbiyyatşünas alimlərindən M.Ergin, N.S.Banarlı, O.Şaiq Gökyay, S.Hisarcı və başqalarının “Kitabi- Dədə Qorqud” əsəri üzərində apardığı araşdırmalardan, Türk Folklor Araşdırmaları jurnalında Dədə Qorqudla əlaqədar yazılardan bəhs olunur. O, hal-hazırda “Türk aşıq ədəbiyyatı” adlı doktorluq dissertasiyasını bitirmək üzrədir.
X.Qafqazlı türk aşıq ədəbiyyatı üzərində apardığı tədqiqatlara görə 2009-cu ildə Türkiyənin “Xalq kültürü araşdırmaları”qurumu tərəfindən “Türk xalq kültürünə xidmət” mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda o, 2008-ci ildə Şərqşünaslıq İnstitutunun yaranmasının 50 illiyi münasibəti ilə AMEA Rəyasət heyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Müasir türk ədəbiyyatına, ədəbi əlaqələrə həsr olunmuş bir çox məqalənin müəllifi olan Q.İsmayılovun tərtib etdiyi “Günəşi içənlərin türküsü” kitabına Nazim Hikmətin şeirləri, məqalələri, Azərbaycanda onun haqqında yazılan şeirlər, poemalar, məqalələr toplanmışdır.
Şöbədə aparılan elmi tədqiqatlar arasında ədəbi əlaqələrlə bağlı mövzular da mühüm yer tutur. Məhz bu mövzuda B.Osmanova ilə S.Qasımlının birgə hazırladıqları “XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında Türk ədəbiyyatının tədqiqinə aid materiallar” adlı kitab nəşr olunmuşdur. Şöbə əməkdaşlarından B.Osmanova, S.Qasımlı və E.Xəlilova 1998-2004-cü illər ərzində Əbül-Xeyr Ruminin XV əsrdə yazıya alınmış “Saltuknamə” dastanının tərcüməsi üzərində işləmişlər. Üç cilddən ibarət dastan 2007-2008 illərdə çap olunmuşdur.
B.Osmanova S.Qasımlı ilə birlikdə “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” kitabını nəşr etdirmişdir. Onun “Maarif və Mədəniyyət” jurnalında elmi araşdırmalar” adlı kitabı da işıq üzü görmüşdür. B.Osmanovanın “Çar Rusiyasının Türkiyədəki oyunları” (erməni məsələsi) adlı tərcümə edip çapa hazırlamışdır.
İyirmi məqaləsi elmi jurnallarda çap olunmuş, üç beynəlxalq konferansda məruzə ilə çıxış etmişdir. Hal-hazırda həmmüəlliflərlərlə (X.Q. Qafqazlı, E.Xəlilova, S.Qasımlı və S.Gündoğdu ilə birlikdə) İ.Hikmətin “Türk ədəbiyyatı tarixi” adlı dörd cildlik kitabının transliterasiya və tərcüməsi üzərində çalışır. Artıq birinci cild çapa hazırdır.
Şöbənin əməkdaşı E.Xəlilovanın da on iki məqaləsi elmi jurnallarda çap olunmuş, üç beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir. Hal-hazırda “Türkiyədə erməni məzalimi” adlı kitabi tərcümə edərək çapa hazırlamışdır.
Müxtəlif mövzular üzərində elmi tədqiqatlar aparılan şöbədə hazırda B.Osmanova və E.Xəlilova “1900-1920-ci illərdə Azərbaycan dövrü mətbuatında türkologiya problemləri” mövzusu üzərində işləyirlər.
“Haldun Tanerin bədii nəsri” monoqrafiyasının, Türk ədəbiyyatına aid iyirmi beş məqalənin müəllifi olan S.Qasımlı Türkiyə və Azərbaycanda keçirilən dokkuz beynəlxalq konfranslarda iştirak etmişdir. Hal-hazırda o, Ə.Cəfəroğlunun redaktorluğu ilə 1942-43-cü illərdə Türkiyədə nəşr etdirdiyi “Türk amacı” məcmuəsini tərcümə edərək çapa hazırlayır. İ.Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı” və H.Tanerin “Hekayələr” kitabını Azərbaycan dilinə tərcümə etmiş və nəşr etdirmişdir.
Şöbənin əməkdaşı R.Quliyevin “Nazim Hikmət poeziyasında Şərq” monoqrafiyası da çapdan çıxmışdır. O, “XX yüzilliyin ikinci yarısında Türkiyə ədəbiyyatında tarixi roman janrı”, “Rəşad Nuri Güntəkinin dram yaradıcılığı”, “R.N.Güntəkinin bədii nəsrində Türkiyə Respublikasının ictimai-siyasi durumunun əksi”, “Türk milli azadlıq hərəkatının bədii nəsrdə əksi” (X.Ədib və Y.Qədrinin əsərləri əsasında) mövzularında tədqiqat işləri aparmışdır. Hazırda A.H.Tanpınarın bədii və elmi yaradıcılığını tədqiq edir. R.Quliyevin tərtib etdiyi “Zəngəzur folkloru antologiyası” da nəşr olunmuşdur. Onun iyirmiyə yaxın elmi məqaləsi dərc olunmuşdur.
Tədqiqatçı “Dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin 870 illik yubileyi”nin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli sərəncamı ilə əlaqədar “Azərbaycan Nizami poeziyasında” adlı tərcümə kitabının tərtibini tamamlamışdır. R.Quliyev, eyni zamanda “Türkiyə yazarları və Azərbaycan” adlı məqalələr toplusu üzərində iş aparır.
Orta əsr türk mədəniyyət tarixi, bəktaşilik mövzuları üzərində tədqiqat aparan f.ü.f.d. C.C.Bəydilli “Orta əsr türk mədəniyyət tarixində bəktaşiliyin və bəktaşi ədəbiyyatının yeri” adlı monoqrafiyanı yazıb bitirmişdir.
Türk filologiyası şöbəsində gənc alimlər də səmərəli elmi fəaliyyət göstərirlər. Onlardan T.Həşimovanın “Poeziya körpüsü” kitabı çapdan çıxmışdır O, “XX əsr Azərbaycan ədəbiyyatının Mərkəzi Asiya xalqları poeziyasına təsiri” adlı dissertasiya işini müdafiə edib filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır.
“Müasir Kipr türk poeziyasının formalaşmasında Osman Türkayın rolu” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən, şöbənin ümidverici gənclərindən olan E.Məmmədova 2002-ci ildən sonra Türkiyə, Şimali Kipr, İran, Moldaviya Respublikalarında keçirilən 20-dən çox elmi konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Xarici mətbuatda da onun xeyli məqaləsi çapdan çıxmış, türkcədən Azərbaycan dilinə beş tərcümə əsəri nəşr olunmuşdur.
Hal-hazırda “1970-ci illər Türkiyə poeziyası” mövzusu üzərində elmi tədqiqat işi aparır.
Şöbə əməkdaşlarından K.Ələkbərova isə “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində Osmanlı türkcəsi elementləri” mövzusu üzərində elmi tədqiqat işini bitirərək müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru adını almışdır. Bununla yanaşı Türkiyə, Qazaxstan, Azərbaycanda keçirilən iyirmidən çox beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Otuzdan çox elmi məqaləsi çapdan çıxmışdır.
Bundan başqa onun Azərbaycan dilindən Türkiyə türkcəsinə çevirdiyi iki kitabı da var: Əlisahib Əroğul “Sümük tökülən dərə (Qarabağ hekayələri)” və M.Ozerov “İlham Əliyev: “Azərbaycanıma inanıram”. Hal-hazırda “ Müstəqillikdən sonra Azərbaycan və Türk ədəbi dillərinin tədqiqi məsələsi” adlı doktorluq işi üzərində tədqiqat aparır.
Türk ədəbiyyatının müxtəlif problemlərinə dair tədqiqat aparan şöbə əməkdaşları “Türk filologiyası məsələləri”, “Elmi araşdırmalar” və “Şərq filologiyası məsələləri” toplusunda da maraqlı elmi məqalələr çap etdirirlər. Şöbə əməkdaşlarının 2003-dən bu günə qədər Azərbaycan və Türkiyənin elmi jurnallarında iki yüzdən çox məqaləsi nəşr olunmuşdur. Eləcə də şərqşünaslıq elmi, o cümlədən türkologiya ilə əlaqədar Türkiyə, Misir, Hindistan, Bosniya və Hersoqovina, Şimali Kipr, Tatarıstan, Qazaxstan və Azərbaycanda keçirilən elmi konfrans və simpoziumlarda fəal iştirak edirlər. Son on ildə şöbə əməkdaşları yetmişə yaxın beynəlxalq simpozium və konfranslarda Azərbaycan şərqşünaslıq elmini tanıtmışlar.
Ümumiyyətlə, “Türk filologiyası şöbəsi” fəaliyyətə başladığı dövrdən etibarən burada çalışan əməkdaşlar türk ədəbiyyatının aktual problemlərinə həsr olunmuş otuzdan çox kitab, yüzlərlə elmi məqalə, bir o qədər də publisistik yazılar və tərcümə əsərləri çap etdirmişlər.