XIX əsrdə Gəncədə yaşayıb-yaratmış xəttat Mirzə Mehdi Naci və onun yaratdığı daş kitabələr haqqında ətraflı məlumat verən məruzəçi Gəncəyə aid oxuduğu bir sıra epiqrafik abidələrdəki yazıların orijinalını və ana dilimizə tərcümələrini tekstoloji təhlilləri ilə birlikdə dinləyicilərin diqqətinə çatdırıb.
Qeyd edilib ki, Usta Mirzə Mehdi Zeynal oğlu xəttat-nəqqaş olmaqla yanaşı həmçinin şair və həkim olmuşdur. Onun dövrümüzə gəlib çatmış və Əlyazmalar İnstitutunda qorunan bir divanı və mənbələrdə qeyd edildiyinə görə Gəncə şəhərində xəstəxanası olub.
Bundan əlavə məruzədə Azərbaycan tarixinin öyrənilməsi və tarixi sərhədlərinin müəyyənləşdirilməsində epiqrafik abidələrin böyük əhəmiyyətə malik olması vurğulanlb. Qeyd edilib ki, bu nöqteyi-nəzərdən epiqrafik abidələrin tədqiqi və qəbirüstü abidələrdə əks olunmuş epitafiyaların yeni reallıqlar kontekstində oxunması müasir Azərbaycan elminin qarşısında duran aktual problemlərdən biridir. Belə ki, epiqrafik abidələrdə həkk olunmuş yazılar regionda yaşayan xalqların təşəkkülünün həm ilkin mərhələlərini, həm də onun etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin, eləcə də xalqın etnogenezinin, dini-milli dünyagörüşünün və əhali arasında hakim olan ideoloji məsələlərin müəyyən edilməsində ən əlverişli vasitələrdən biridir.