Kiçik olsa da, böyük qəzəb və hədsiz təəssüf doğuran həmin xəbərin mətninə bir daha nəzər salaq: “Oktyabr ayında İran gizli yolla Ermənistana öz istehsalı olan 600 ədəd raket göndərib. Bu raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, təmənnasız verilib. Raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan kompleksdir. “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb”.
Xəbərin mətnindəki ərəb mənşəli “təmənnasız” sözü dilimizdə “əvəz istəmədən” mənası daşısa da, İran çox iri məbləği olan bu raketləri işğalçılıq siyasətindən əl çəkməyən və revanşizm alovu ilə alışıb yanan təcavüzkar ölkəyə məhz təmənna və əvəz gözləməklə ötürüb. II Qarabağ savaşında ordusu Azərbaycan tərəfindən məğlub edilən, cəbbəxanası məhv edilən Ermənistana uzaqvuran silahlar nəyə görə lazımdır? İlk növbədə məğlubiyyətin əvəzini çıxmaq üçün! Bəs İran bu qədər silahı niyə havayı yerə Ermənistana verib? Məhz Ermənistanı Azərbaycanla müharibəyə qaldırmaq üçün! Azərbaycanın yenidən Erməniistana məğlub olması tarixi ortaqlıq zəminində dil və din qardaşlarımızın yaşadığı İranın nəyinə lazımdır? Məsələnin kökü də məhz buradadır.
Müsahibimiz – AMEA Şərqşünaslıq İnstitutunun İran iqtisadiyyatı şöbəsinin müdiri, professor Vidadi Mustafayev bildirdi:
– Belə bir məsuliyyətsiz, korafəhm düşmənçiliyin mahiyyəti ondan ibarətdir ki, son bir əsrdə İranda formalaşıb hakim fars şovinizmi kimi qəddarlaşmış hakim rejim üçün 1 nömrəli təhlükə və ən böyük düşmən bu ölkənin ən böyük xalqı olan Azərbaycan türkləridir. Bu bir əsrdə türklüyə qənim kəsilmiş imperialist dairələrdən güc və yön alan İran rejimi ölkədə yaşayan azərbaycanlıların milli-mənəvi varlığını əridib yox etməyə ümidli olduğu bir məqamda Arazın şimalında Azərbaycan adlı müstəqil bir dövlət meydana gəlib.
Bu, gerçək İranda azərbaycanlıların kütləvi surətdə farslaşdırılması siyasətinin qarşısında “qırmızı işıq”, ölkə türklərinin milli varlığını xilas etməsi yolunda isə “yaşıl işıq” kimi görünür. Bu səbəbdən idi ki, İran rejimi özünün də qoşulduğu “səlib yürüşü” nəticəsində işğalçı Ermənistan Qarabağdan dinc soydaşlarımızı gülləbaran edib Arazın o tayına pənah aparmağa məcbur edəndə özünü “İslam dünyasının himayədarı” İran dövləti hər ailənin qoltuğuna bir çadır verib gecə ikən bu taydakı boş çölə qovdu.
Sonrakı mərhələdə bu açıq hərbi təcavüzü bir dəfə də qınamayan İran dövləti Ermənistana hərbi və maddi dəstəyini gizli şəkildə davam etdirdi. Üstəlik, ölkə rəhbərliyinin gözü qarşısında İran işbazları Qarabağın talan edilməsində erməni vandallarının ortağına çevrildilər. İran rejimi bu tayda Azərbaycan adlı müstəqil dövlətin mövcudluğunu qəbul edə bilmir.
Bax budur Azərbaycan öz gücü ilə Qarabağı azad edəndə İran sərbazlarının Arazı keçib döyüşçülərimizin qarşısına beton bloklar düzməsinin səbəbi. İranın Azərbaycanın Qarabağ zəfərini, guya, milli təhlükəsizliyi üçün qorxu ilə qarşılaması da ölkəmizin öz ərazilərinə sahib çıxması ilə bağlıdır. Azərbaycanın şimalını ruslara ərməğan edəndən sonrakı 2 əsrdə Araz boyunda bir nəfər də sərbaz saxlamayan İran dövlətinin Qarabağ zəfərindən sonra bu ərazidə qoşun toplayıb ölkəmizə güc nümayiş etdrməsi bir daha türk düşmənçiliyini sübut etdi.
Müsahibimizin bu açıqlaması bir neçə il əvvəl Biləsuvardan keçməklə Arazın o tayı ilə Naxçıvana gedərkən Xudafərin körpülərinin qarşısında bir neçə güneyli soydaşımızla olan kədərli söhbəti yada saldı.
O zaman güneyli qardaşlar ölkəmizi Qarabağı azad etməməkdə suçlayanda, biz də onların dövlətini Ermənistanı hərtərəfli himayə etməkdə qınadıq. Güneylilər başlarını aşağı salıb dedilər: “Neyləyək, hər geçə kəndin işıqlarını söndürüb, yola sərbazlar düzüb səhərəcən Qarabağ tərəfə üstüörtülü maşın karvanları yola salırlar. Həmin maşınlar səhəri axşam o taydan söküntü taxta, metal dolu yüklə geri dönür. Soruşduq ki, niyə yolu kəsmirsiniz, mane olmursunuz? Dedilər: “Nə danışırsınız, hamını zindana atarlar, bütün kəndi qırarlar”.
Professor Vidadi Mustafayev açıqlamasının davamında dedi:
–Şəkildəki raketlərə bir daha diqqətlə baxın. İranın açılmasını bütün üsullarla əngəllədiyi Zəngəzur dəhlizindən Ermənistana ötürülmüş bu raketlər dərhal Azərbaycana doğru istiqamətləndirilib. İranın istədiyi budur ki, həmin raketlər müstəqil Azərbaycanı yer üzündən silsin. Bundan sonra İranda və dünyada heç kəs azərbaycanlıyam deməyə cürət etməsin. İranda türkləri farslaşdırmaq siyasəti uğurla başa çatsın.
Dayanın, ağalar! Bu xülyanın sonu çatıb. Azərbaycan ermənilərin başqa dostlarının bağışladığı bundan qat-qat çox silahları külə döndərdiyi kimi, sizin hədiyyə etdiyiniz raketləri də yox etməyə qadirdir. O ki qaldı Azərbaycan türklərinin axırına çıxmağa, bu da mümkün olmayacaq. İrandakı digər xalqlar kimi, azərbaycanlılar da öz milli haqları uğrunda mübarizəyə qalxıblar. Şübhəsiz, müstəqil Azərbaycana qarşı İranın düşmənçiliyinin növbəti “raket aksiyası” butayda bizi qəzəbləndirdiyi kimi, otaydakı 35 milyonluq qardaş-bacılarımızın da kütləvi narazılığına əlavə qatqı oldu.
Müsahibimizin dediklərinə əlavə olaraq bildirək ki, son günlərdə ölkə mediasında 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında xəbər də yayımlanıb. İranın Azərbaycandakı səfirliyi isə hələ də “raket” qalmaqalı və “diversant” qrupu ilə ilə bağlı heç bir açıqlama verməyib.
Ehtimal olunur ki, həmin qrup İran raketlərinin Ermənistanda yan-yörk edilməsi və onların dilinin erməni hərbçilərə başa salınması ilə məşğuldur.
Hazırladı:
T. RÜSTƏMLİ,
“Xalq qəzeti”