Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İrandakı etirazçılar nə istəyirlər?

30 Noyabr 2022

2 aydan artıqdır ki, qonşu İran İslam Respublikası yenidən dünyanın qaynar nöqtələrindən biri kimi siyasi təhlilçilərin diqqət mərkəzindədir. Bütövlükdə, beynəlxalq aləm ərazi və əhalicə böyük, geosiyasi baxımdan önəmli, üstəlik, çoxsaylı xalqların yaşadığı bu ölkədə kütləvi etnik-siyasi etirazların, davamlı tələblərin nə ilə nəticələnəcəyini həyəcanla izləyir. Ölkənin hakim dairələri isə gündən-günə genişlənən hərəkatı xarici düşmənlərin mütəşəkkil təxribatı kimi qələmə verir, “satqın və xəyanətkarlar ovu”nu, sərt cəza tədbirlərini inadla davam etdirir.

 


Azərbaycanda qonşu ölkə ilə bağlı mədəni, sosial və iqtisadi araşdırmaların aparıldığı AMEA Şərqşünaslıq İnstitutunun alim və mütəxəssisləri də ölkə mediasındakı çıxışları ilə İrandakı duruma və hadisələrin gedişinə aydınlıq gətirməyə çalışırlar. Müsahibimiz Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə ilə növbəti söhbətimizə aşağıdakı sualla başladıq:
– 3 min illik tarixi olan, güclü dövlətlərin mövcudluğundan, böyük güclərin oyunlarından keçib gəlmiş bu qədim ölkənin indiki əhalisinin dincliyi niyə pozulub? Teokratik rejimdə, etnik-siyasi ayrı-seçkilik şəraitində yaşayan İran xalqları nə istəyir?
– Qonşu İranda indi baş verənlərin səbəblərini anlamaq üçün çox da qədimə getmək lazım deyil. İndiki hadisələrin köklərini son 1 əsrdə baş vermiş ictimai-siyasi prosesləri nəzərdən keçirmək kifayətdir. Ötən yüz ildə baş vermiş iki böyük inqilaba və şanlı qəhrəmanlıq tarixinə baxmayaraq, İran xalqı bu günə kimi özünün əzm və iradəsindən irəli gələn milli və xalq hakimiyyəti imkanlarından məhrumdur. 
Necə deyərlər, İran əhalisi və ölkənin müxtəlif xalqları siyasi baxımdan yenidən tarixi dönüş nöqtəsindədir. Ona görə də bu ölkənin siyasi elitası və müxalif qüvvələri məsələyə diqqət yetirmək, araşdırmaq, real nəticələri təhlil etmək, düzgün şüarın seçilməsi üçün ideya vermək məcburiyyəti qarşısındadır. İran xalqının  müxalif  qüvvələri və üsyançı qrupları ölkədəki orta əsrlərə məxsus qayda-qanunlara qarşı qətiyyət  nümayiş etdirir  və hazırkı hakimiyyətin varlığı böyük suallar doğurmaqdadır.  
Bu  həssas və taleyüklü  tarixi dönəmdə keçmiş şah rejiminin mürtəce, fürsətçi, korrupsioner və daxili müstəmləkəçi  dairələri və qalıqları da müxtəlif siyasi dairələrin və fikir ortaqlarının  xidmətlərindən istifadə edərək, daxildən və xaricdən dəstək alan qüvvələrlə birlikdə müxalifət cəbhəsində yer alıb. Anti-İran dairələr dünya mediasında və kütlə arasında Rza Pəhləvinin demokrat pərdəsi altında səsləndirdiyi şüarları yenidən səsləndirməyə başlamışlar. Bütün bunlar, ilk baxışda, o qədər də asan başa düşülməyən qarışıq bir mənzərə yaradır. Baş verənləri İranın siyasi tarixində indiyə qədər bir neçə dəfə təkrarlanan və məzlum İran xalqını yüz ilə yaxındır ki, ən qaranlıq diktaturaların zülmü altında saxlayan  mürtəce müstəmləkəçilik ssenarisi kimi də təqdim edən siyasi analitiklər də var.
– Çətin ki, İran xalqı şahpərəstlərin çağırış və şüarlarına uysun, yenidən o zamanlara qayıtmaq istəsin...
– Bəli, İran xalqının bundan əvvəlki şah hakimiyyəti dövründə çəkdiyi zülm və sitəm, ağrı və iztirablar yaddaşlarından silinməyib. Pəhləvi xanədanının xalqa qarşı törətdiyi əməllər heç vaxt bağışlanmayacaq. İrandakı keçmiş şah rejimi dünyada öz xalqına qarşı  ən aqressiv və qorxunc diktatura hökumətlərindən biri olub. Lakin artıq 43 il hakimiyyətdə olan dini iqtidarın cinayətləri pəhləvilərin dözülməz əməllərini kölgədə qoydu. Molla hökumətinin ədalətsizliyi və aşırı zülmü şah rejiminin yarımçıq qalmış cinayətlərindən daha kəskin şəkildə icra olunur. Əslində, son yarım əsrdə xalqa qarşı törətdilən cinayətlər pəhləvilərin bu sahədə siyasətinin davamı kimi qiymətləndirilməlidir.
İran xalqı və xüsusilə azadlıq mücahidləri, onların liderləri də yaxşı bilirlər ki, SAVAK-ın müasir tipli həbsxana və işgəncə sistemləri şah hökuməti zamanı yaradılmışdır. İslam Respublikası da özünün İran xalqına qarşı zülm və işgəncə sistemini SAVAK-ın eyni həbsxana və işgəncə sistemi üzərində qurmuş və bu sahədə siyasətini də həmin məcrada davam etdirməkdədir.
Müstəmləkəçilərin və onların daxili nökərlərinin həyata keçirdiyi siyasət nəticəsində İran xalqları bu günün özündə də qara günlər və acı həyat tərzi yaşamalarına davam etməkdədirlər. İranda baş verən bütün inqilablar və siyasi dəyişikliklər zamanı əcnəbilər özlərinin siyasi və iqtisadi mənafeləri naminə öncədən alternativ planlar işləyib hazırlayırlar. Xalqın nümayəndələrini bütün maddi imkanlardan, xəbər kanallarından istifadə etmək imkanlarından uzaqlaşdırırlar. 
Hər dəfə də sui-qəsd və şantaj yolu ilə fürsətçi və aşağı statuslu məmurları satın alaraq inqilabçıları idarəçilikdən kənarda qoyub, bir ovuc köksüz satqın və muzdluları müəyyən “bəzək-düzəklə” hakimiyyət kürsüsünə oturdurlar. Beləliklə də İran xalqı üzərində bir marionet hökumət qururlar. Bu ağrılı faciə İrandakı son 100 ildə baş vermiş siyasi dəyişikliklər zamanı dəfələrlə təkrarlanıb. Həmişə də azadlığın və istiqlalın bahası bir qrup inqilabçı, azadlıqsevər, milli və vətənpərvər ziyalılar tərəfindən ödənilmiş və indi də ödənilməkdədir. 
Maraqlıdır ki, marionet şah hələ ölkədən getməzdən əvvəl həbsdə olan bəzi siyasi partiya və cərəyan liderlərinin də daxil olduğu siyasi məhbusların azadlığa buraxılması barədə göstəriş verməkdə tərəddüd edirdi. Bu məsələ hakimiyyətə gələcək Xomeyni iqtidarının dayaqlarını gücləndirmək demək idi. Doğrudan da, İslam rejimi İranda bərqərar olduqdan sonra onun üçün bu sahədə heç bir əsaslı maneə önə çıxmadı. İndi yenə də irtica və müstəmləkəçi qüvvələr tərəfindən eyni ssenarinin təkrarlanması üçün müəyyən vasitələrdən istifadə edilir. Müstəmləkəçi qüvvələr bütün mümkün vasitələrlə milli və xalq hökumətinin formalaşmasının qarşısını almaq üçün  keçmiş korrupsioner hakimiyyətin qalıqları və tərəfdarlarını  hazırkı hərəkatın aparıcı qüvvəsi kimi təqdim  etməyə ciddi səy  göstərir. 
İran xalqı isə nə şah, nə də molla rejimini istəyir. İranda yaşayan hər bir xalq və millət  bu gün ölkənin ərazi bütövlüyünün qorunması şərti ilə milli və müstəqil suveren bir hakimiyyət sistemi istəyir. 

 

 

 


Vidadi Mustafayev,
iranşünas, professor


1978–1979-cu illərdə İranda hakimiyyətə gətirilmiş molla rejiminin bugünkü ümumxalq etirazlarına münasibətdə sərgilədiyi rəsmi mövqe  yaranmış böhranın səbəblərini daxildə deyil, xarici düşmənlərin təxribatatlarında axtarmağa əsaslanır. Bu yanlış təsəvvür çıxış yolunu düzgün tapmağa mane olur, durumu daha da ağırlaşdırır. Necə deyərlər, daş qayaya rast gəlir. Hakim dairələrin təsəvvüründə, guya, İranı hər yerdə, özü də rahat şəkildə, düşmənlər idarə edir. Xalqın etiraz çıxışlarını dəstəkləyən incəsənət xadimləri, sən demə, düşmənlər tərəfindən satın alınıblar. Küçə və meydanları dolduran qızları və qadınları ən bəsit şəxsi azadlıqları uğrunda mübarizəyə də düşmənlər təhrik ediblər. Hakimiyyətin nəzərində: “Tələbələri, hətta şagirdləri etiraz aksiyalarına düşmənlər çıxarır, hətta cəmiyyətin qaymağı sayılan "xavas" deyilən kəsim də düşmən tərəfindən idarə olunaraq, etirazları dəstəkləyirlər”.  Dini rejiminin xalq hərəkatına qara yaxaraq sərgilədiyi barışmaz mövqe axırda belə bir sual doğurur: “İranda hər şeyi düşmənlər idarə edirsə, bəlkə, hələ də bitməyən İslam inqilabının rəhbərlərini, mövcud hökuməti də düşmənlər idarə edirlər?” 
Bugünkü molla rejiminə qarşı bu şübhələr nədən irəli gəlir? 1978-ci ildə amerikalı general Robert Hayzer Məhəmmədrza şahın xəbəri olmadan bir ay müddətində məşvərətçi heyətlə İranda olur. Şahın xanımı Fərəh öz xatirələrində yazıb: “Amerikanın İranın daxili işlərinə qarışması o həddə çatmışdı ki, artıq bu işlər barəsində  bizə heç bir məlumat verilmirdi. Məsələn, general Robert Hayzer İrana gəlmiş və uzun müddət fəaliyyət göstərmişdi, amma bizim bundan heç xəbərimiz yox idi”. Məlum olur ki,  həmin generalın İrandakı missiyası anti-şah inqilabının radikallaşmasının qarşısını almaq, ordunu təslim etmək, şahın getmə tarixini müəyyənləşdirmək və Xomeyninin gəlişi üçün hazırlıq işləri görməkdən ibarət imiş.
Heyzerin hərəkətlərinə qarşı olan İran Hərbi Hava Qüvvələrinin komandanı Əmir Hüseyn Rəbii isə bu barədə belə deyib: “Amerika şahın quyruğundan tutub ölü siçan kimi çölə atdı”. Bu onu göstərir ki, pəhləvilər ailəsinin sonda İran idarəçiliyində heç bir səlahiyyəti yox imiş. Buna oxşar hadisə 1941-ci ilin 25 avqust tarixində sovet qoşunlarının İrana daxil olmasından sonra da baş vermişdi. O zaman da ingilislər Rza şahı qurban vermişdilər. 
Şübhəsiz, İranda baş verən hadisələrə kənar qüvvələr də bacardığı qədər müdaxilə edir. Lakin xalq öz maraqlarını bir kənara qoyub düşmən qüvvələrin diqtəsinə uymaz. İran xalqı dəfələrlə aldadıldığının da fərqindədir. İmperialist dairələrə İranda həqiqi xalq hakimiyyəti lazım deyil. Ona görə də davam edən hadisələri, bütövlükdə, xarici amillərlə bağlamaq sadəlövhlük olardı.

Müsahibəni apardı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

Download Template Joomla 3.0 free theme.