Seminarda əsas məruzəçi institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov idi. Məruzəçi Azərbaycanın bir müsəlman ölkəsi olmaqla yanaşı, bir dünyəvi dövlət olmasının onun modern müsəlman ölkəsi kimi tanınmasına əsas verdiyini söyləyib. F.Əsədov bütün ənənəvi dinlərə hörmətlə yanaşılan və ümumbəşəri dəyərlərə söykənən Azərbaycanın müasir və dünyəvi müsəlman ölkəsi nümunəsi olduğunu qeyd edib. Bu cür mövqe artıq bir çox müsəlman ölkələrində də dəstəklənir. Buna nümunə olaraq, F.Əsədov bu günlərdə Səudiyyə Ərəbistanında səfəri zamanı keçirdiyi görüşlərdə rastlaşdığı münasibəti nəzərə çatdırıb.
İki müqəddəs Məscidlər Xadiminin Qonaqları proqramı ilə Səudiyyə Ərəbistanına 10 günlük səfər zamanı F.Əsədovun Məmləkətin İslam İşləri Nazirliyinin nümayəndələri ilə görüşlərində müsəlman ölkələrinin qarşısında duran təhlükələr və problemlər müzakirə edilib. Görüşlərdə qeyd olunub ki, terrorçuluq insanlar üçün və İslam əqidəsi üçün ən böyük təhlükədir və o, İslam dəyərlərini təhrif edir, insansevər İslam təhsilini zəiflədir. Bildirilib ki, müsəlman ölkələri sırasında Azərbaycanın təcrübəsi xeyli maraq doğurmaqdadır. Avropa ilə yaxınlaşma siyasətinin müsəlman kimliyi ilə ahəngdar qaydada aparılması nəinki bizim müsəlman ölkəsi üçün məhsuldar ola bilir, hətta bu yolda nailiyyətlər bütün müsəlman dünyası üçün tarixi önəm kəsb edir. Səudiyyə Ərəbistanında bu təcrübə təqdir edilir və ölkələr arasında əməkdaşlıq üçün bu təcrübənin yeni imkanlar qazandıracağına əminlik münasibəti mövcuddur.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.