Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA HİDAYƏT ORUCOVLA GÖRÜŞ KEÇİRİLİB

23 İyun 2022

İyunun 22-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair-dramaturq, ictimai-siyasi xadim, diplomat Hidayət Orucovla görüş keçirilib.

 

Görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanın görkəmli ziyalısı, şair-dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovu salamlayaraq onun Azərbaycan xalqına,  dövlətinə, dövlətçiliyinə, ədəbiyyatına böyük xidmətlər göstərdiyini söyləyib. Hidayət Orucovun hərtərəfli istedadlı bir şəxs olduğunu deyən akademik G.Baxşəliyeva onun uzun illər yüksək vəzifələr tutduğunu - Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə dövlət müşaviri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,  Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Gövhər xanım Hidayət Orucova Şərqşünaslıq İnstitutunun fəaliyyəti və uğurları barədə məlumat verib.

Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayev Hidayət Orucovun həyat yolu, ictimai-siyasi fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanın qədim mahalı olan Zəngəzurda anadan olmuş Hidayət Orucovun müəllimlikdən yüksək dövlət vəzifələrinə qədər əmək fəaliyyətindən bəhs edən R.Qarayev onun poeziya, publisistika, nəsr, tərcümə kitablarından danışıb, ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz, tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına həsr olunmuş çoxsaylı məqalələrin müəllifi olduğunu qeyd edib.  

Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Hidayət Orucovun bədii yaradıcılığından danışıb. Hidayət Orucovun görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi və ictimai xadim kimi tanındığını deyən R.Cümşüdlü onun vətəni və milləti üçün zəkasını, intellektual potensialını əsirgəməyən, milli ruhlu və vətəndaş qeyrətli ziyalı olduğunu vurğulayıb. Hidayət Orucovun qələmə aldığı bədii, elmi-publisistik əsərlərdə bu gün siyasi xəritədə olmayan, lakin Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın ən yeni tarixinin canlı səhifələrinin vərəqləndiyini, ictimai-siyasi hadisələrin hərtərəfli təhlilinin verildiyini qeyd edən R.Cümşüdlü, onun şeirlərini oxuyarkən Qərbi Azərbaycanın zəngin toponimik coğrafiyasına səyahət imkanı əldə edildiyini bildirib, ədibin epik lövhələrlə Azərbaycanın qədim torpaqlarının tarixi kitabını yaratdığını diqqətə çatdırıb: “Millətim zirvəli dağlardan uca” deyən Hidayət Orucov elə bu təfəkkürlə hələ İrəvanda yaşayıb-yaradarkən Azərbaycan xalqını təmsil etdiyinin məsuliyyətini daşıyır. Öz tərcümeyi-halını mənsub olduğu xalqın tarixindən ayırmayan şair, ictimai-siyasi xadim Hidayət Orucov Azərbaycan xalqının genetik yaddaşının qorunmasında müstəsna xidmətlər sahibidir”.

Görüşdə çıxış edən Hidayət Orucov Şərqşünaslıq İnstitutunun vaxtilə Sovet İttifaqının aparıcı şərqşünaslıq mərkəzlərindən biri olduğunu, burada dünya şöhrətli şərqşünas alimlərin elmimizə böyük töhfələr verdiyini deyərək, bu gün də həmin məktəbin ənənələrinin davam etdiyini müşahidə edərkən qürur duyduğunu söyləyib. Hidayət Orucov Qırğızıstanda səfir olduğu illərdə göstərdiyi fəaliyyətdən görüş iştirakçılarına ətraflı məlumat verərək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın formalaşmasından, əldə olunan nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin yayılmasında görülən işlərdən bəhs edib, həmin dövrdəki fəaliyyətinin maraqlı məqamlarını diqqətə çatdırıb.

Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin, müdrik siyasətinin Qırğızıstanda və ümumiyyətlə bütün Mərkəzi Asiya regionunda çox yüksək dəyərləndirildiyini xüsusi qeyd edib. O, Qırğızıstan və Azərbaycan xalqlarının qardaşlığının, əlaqələrin möhkəmliyinin özünü 44 günlük Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə qırğız xalqının və dövlətinin Azərbaycana dəstək münasibətində xüsusi göstərdiyini vurğulayıb: “2021-ci il aprelin 9-da Qırğız Respublikasının Prezidenti Sadır Japarov məni qəbul edərək Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi”.

Hidayət Orucov həmçinin AMEA-nın Şərqşünaslıq İnstitutunun Qırğızıstanın elmi müəssisələri ilə əməkdaşlıq qurması imkanlarından danışaraq, bunun hər iki tərəfə faydalı olacağını qeyd edib.

Sonda Hidayət Orucov şərqşünas alimlərin suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.