Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞININ MƏRAKEŞ POEZİYASINDAN TƏRCÜMƏ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

03 Fevral 2017

Mərakeş Krallığının ölkəmizdəki sabiq səfiri, yazıçı, şair, siyasi elmlər doktoru Həsən Haminin (Hassan Hami) “Xəzərin nəğmələri” adlı şeirlər kitabı Azərbaycan dilində işıq üzü görüb. Şeirləri ərəb dilindən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov tərcümə edib.

 

Kitaba yazdığı “Ön söz”də Həsən Hami bu üçüncü şeir divanını Cənubi Qafqazın göz bəbəyi olan Azərbaycanda, Xəzər dənizindən ilham alaraq yazdığını qeyd edir. Azərbaycanda olduğu müddət ərzində ölkəmizin milli-mənəvi dəyərləri, adət-ənənələri ilə yaxından tanış olan, Azərbaycan mədəniyyətinin bəşər sivilizasiyasının zəngin və ayrılmaz tərkib hissəsi olduğuna şahidi olmuş sabiq səfir şeirlərində “İçərişəhər”, “Qız qalası”, “muğam” və b. kimi milli atributlarımızdan geniş istifadə edib. Azərbaycanın fərqli etnik və dini tərkibinin olmasına baxmayaraq, burada tolerant cəmiyyət nümunəsinin canlı örnəyinin olduğunu vurğulayan, öz ölkəsi ilə Azərbaycanı müqayisə edən H.Hami, çoxçeşidli mədəniyyət və din mənsublarının qardaşcasına birlikdə yaşadığı Azərbaycan və Mərakeşin ortaq tərəflərinin olduğunu ifadə edir. Təqdim edilən kitabda “Bakı”, “Əsatir”, “Ən gözəl səfər”, “Fərqli baxış”, “Əgər bilmək istəsən” və s. kimi şeirlər verilib. Kitabda ön söz və şeirlər həm ərəbcə orijinalda, həm də Azərbaycan dilinə tərcümədə təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahir Həmidovun (Mahir Həmid) bədii tərcümə kimi olduqca çətin və məsuliyyətli bir işin öhdəsindən uğurla gəlməsi sevindirici olmaqla yanaşı, həm də təbiidir. Xatırladaq ki, ərəb ədəbiyyatından dəyərli tərcümələri vaxtaşırı müxtəlif mətbuat orqanlarında dərc edilən bu gənc və istedadlı alim-tərcüməçinin 2014-cü ildə də bir tərcümə kitabı (M.Nuaymə. “Kipriklərin pıçıltısı”) işıq üzü görüb.

 

Download Template Joomla 3.0 free theme.