Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Şərq araşdırmaları” jurnalının növbəti sayı işıq üzü görüb

27 Aprel 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 4-cü sayı işıq üzü görüb.

 

Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid 19 elmi məqalə dərc olunub. Jurnalın “Ədəbiyyat” bölməsində “Koroğlu” dastanının variantlarının ortaq və fərqli cəhətlərinə, Əmin Məəlufun həyatı və yaradıcılığına, Viktoriya dövründə marginallaşmış şairələrə, müasir Azərbaycan və özbək xalqlarının şeirində ana dili mövzusuna dair maraqlı məqalələr yer alır.

“Dilçilik” bölməsində Türk və qaqauz dillərinin materialları əsasında leksika vasitəsilə mədəni informasiyanın verilməsi məsələsinə aid məqalə təqdim edilir.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə postsovet Mərkəzi Asiya ölkələrində təhlükəsizliyə qarşı təhdidlərin və çağırışların təsnifatı aparılır, İranın postsovet məkanında siyasətinin ümumi xarakteristikası verilir, Asiya-Sakit Okean regionunda geosiyasi rəqabət nəzərdən keçirilir, İran İslam İnqilabı ərəfəsində İranda, o cümlədən Cənubi Azərbaycanda inqilabi şəraitin yetişməsindən bəhs edilir, ingilisdilli tarixşünaslıq əsasında İlxanlılar (Hülakülər) zamanında vergi siyasəti araşdırılır, XIX əsrdə Borçalı bölgəsində köçürülmə siyasətinə diqqət yetirilir. Bu bölmədə, həmçinin XIX-XX əsrin əvvəlləri Azərbaycanın Şirvan bölgəsində musiqişünaslıq və muğam sənəti, XIX əsrin birinci yarısında Misirin sosial-iqtisadi modernləşməsi, münaqişələrin tənzimlənməsi problemləri, Qərbin müsəlman əhalisinin avropalaşmasında ziyalıların rolu və s. mövzularda məqalələr təqdim edilir.

Jurnalın “Fəlsəfə” bölməsində Nizami Gəncəvi yaradıcılığında milli-mənəvi dəyərlərdən bəhs edən məqalə yer alır.

Qeyd edək ki, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayına məqalələr qəbul edilir.

Download Template Joomla 3.0 free theme.