Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN İLLİK HESABAT İCLASI KEÇİRİLİB

16 Dekabr 2016

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib. İclasda İnstitutun 2016-cı ildəki fəaliyyətini əks etdirən hesabat dinlənilib.


Hesabatda 2016-cı ildə İnstitutunun əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardığı və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri bildirilərək, ilk öncə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans, eləcə də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Gənc alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş gənc türkoloqların “Müasir Türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransı keçirilib.

Hesabatda bildirilir ki, Azərbaycan Respublikasında 2014-2017-ci illərdə “Elmin inkişafı üzrə “Milli Strategiyanın” həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” ilə əlaqədar Proqramın icrasına dair Tədbirlər Planının bəndlərinə uyğun olaraq İnstitut əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışı genişləndirilmiş, Azərbaycan şərqşünaslığı web-portalı yaradılmış, Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və yayılması məqsədi ilə İnstitutun saytının təkmilləşdirilməsi, rus və ingilis dillərində versiyalarının yaradılması istiqamətində işlər tamamlanıb.

Həmçinin hesabatda Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və AMEA Ümumi yığıncağının 29 aprel 2015-ci il tarixli 1/1 nömrəli qərarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verilir.

Məruzədə hesabat ilində elmi-tədqiqat işlərinin 1 elmi istiqamət, 5 problem çərçivəsində aparıldığı, plan üzrə icra olunan 105 elmi-tədqiqat işindən 55 işin bu il başa çatdığı, qalan işlərin 2016-cı il üçün nəzərdə tutulan hissəsinin yerinə yetirildiyi diqqətə çatdırılıb. 2016-cı ilin mühüm nəticələri sırasında İsmayıl Hikmətin dörd cildlik “Türk ədəbiyyatı” kitabının latın əlifbasına transliterasiyasının həyata keçirilməsi, Əhməd Cəfəroğlunun Türkiyədə 1942-1944-cü illərdə dərc etdirdiyi “Türk amacı” dərgisinin tərcüməsi, Ahmet Hamdi Tanpınarın bədii və elmi yaradıcılığının, türk dastanlarında mif motivlərinin, İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycanın maarifi və mədəniyyətinin, Çağdaş İranda cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsinin, “Qloballaşma və inkişaf Şərq-Qərb münasibətləri prizmasından” mövzusunun, sivilizasiyalararası münasibətlərdə tolerantlıq mühitinin formalaşması və inkişafı yollarının, Azərbaycan şərqşünaslığının tarixinin və inkişaf istiqamətlərinin araşdırılması, həmçinin “Türk mətbuatında erməni məsələsi”, “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)”, “Cənubi Azərbaycan: “21 Azər”dən İranda “ağ inqilab”a kimi (iqtisadi və sosial-siyasi vəziyyət)”, “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlardan seçmələr (Təbriz 1945-1946-cı illər)”, “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı”, “Seyid Həsən Tağızadə və İranın modernləşməsi”, “XXI əsrin əvvəllərində ABŞ - Çin münasibətləri”, “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitablarının çapı qeyd olunur.

Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmuş müsabiqədə İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin təşəbbüsü ilə təqdim olunan “Azərbaycan və Cənubi Qafqaza dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri” adlı layihə qrant mükafatına layiq görülüb və 2 il müddətinə icra olunacaqdır.

Cari ildə İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.ü.e.d., prof. Mehdi Kazımovun şərhlərlə tərcümə etdiyi “Nəcm əd-Din Razi. “Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad” kitabı Moskvada “İlin kitabı: Rusdilli məkanda İslam və İran” birinci beynəlxalq müsabiqəsində fəxri üçüncü yeri tutub.

Hesabat ilində İnstitutda 18 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 11 kitab isə hazırda çapdadır. Çap olunan kitablardan “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”, “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri”, “Çar Rusiyasının Türkiyə siyasəti”, “Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr”, “Азербайджанские погромы в Шемахе. 1918. На основе документов Чрезвычайной Следственной Комиссии”, “Şəxs adlarının ensiklopedik lüğəti”, “Azərbaycan çinşünaslığı” və s.-ni, eləcə də “Şərq filologiyası məsələləri” toplusunun 9-cu, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının 14-cü sayını qeyd etmək olar.

İnstitut əməkdaşlarının 200-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 33 elmi məqalə xaricdə (Qazaxıstan, Hindistan, Rusiya, Ukrayna, Polşa, Türkiyə, İran, Fransa, Almaniya, Amerika və s.) nəşr edilib.

Hesabat ili ərzində İnstitut əməkdaşları 24 dəfə xaricdə (Türkiyə, İran, Gürcüstan, İspaniya, Fransa, Polşa və s.) və 80 dəfə Azərbaycanda keçirilən cəmi 104 beynəlxalq elmi konfranslarda məruzə ediblər.

2016-cı ildə institutda xarici ölkələrdən gəlmiş elm və dövlət nümayəndələri ilə görüşlər keçirilib, Polşa EA Aralıq dənizi və Şərq Mədəniyyətləri İnstitutu ilə əməkdaşlıq haqqında protokol, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu ilə müqavilə imzalanıb, bir sıra konfranslar, elmi sessiyalar və digər tədbirlər təşkil olunub.

Hesabatda qeyd edilir ki, İnstitutun hal-hazırda fəlsəfə doktorluğu üzrə 15 doktorantı və 25 dissertantı, elmlər doktorluğu üzrə 10 doktorantı və 8 dissertantı var. Hesabat ilində 14 dissertant fəlsəfə doktorluğu dissertasiya işi müdafiə edib.

İclasda sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən AMEA-nın müxbir üzvü Ilyas Babayev çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib. İnstitutun 2016-cı ildəki fəaliyyətini müsbət qiymətləndirən İ.Babayev nailiyyətlərin çox olduğunu, həm kadr hazırlığında, həm dünya miqyasına çıxış sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib.

Download Template Joomla 3.0 free theme.