Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMİN UĞURU

08 Dekabr 2016

Dekabrın 1-də Moskva şəhərində Xarici ədəbiyyat kitabxanasının böyük zalında “İlin kitabı: Rusdilli məkanda İslam və İran” birinci beynəlxalq müsabiqəsinin laureatlarının mükafatlandırılmasına həsr olunmuş təntənəli toplantı keçirildi.

 

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyasının İctimai elmlər üzrə elmi informasiya İnstitutu, İslam tədqiqatları fondu, Beynəlxalq iranşünaslıq fondu, İran kitab evi və Rusiyada İİR səfirliyinin nəzdində İran mədəniyyət mərkəzi tərəfindən təşkil olunmuş müsabiqəyə MDB ölkələrinin bütün şərqşünaslıq mərkəzlərindən təqribən yüz elmi iş təqdim olunmuşdu. Məşhur İran və Rusiya şərqşünaslarının daxil olduğu nüfuzlu münsiflər heyətinə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru görkəmli ərəbşünas alim, akademik V.V. Naumkin rəhbərlik edirdi. Münsiflər təqdim olunmuş bütün əsərlərdən 35 kitabı iki nominasiya: İran və İslam üzrə seçmişdilər. İran nominasiyasında azərbaycanlı alim, tanınmış şərqşünas-iranşünas, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.ü.e.d., prof. Mehdi Kazımovun kitabı fəxri üçüncü yeri tutdu. Kitab orta əsrlər sufi fikrində böyük iz qoymuş ən görkəmli sufi müəlliflərindən olan Nəcm əd-Din Razinin «Mirsad əl-ibad min əl-məbdə ilə-l-mə`ad» (Allah bəndələrinin yolu başlanğıcdan qayıdışa qədər) əsərinin şərhli tərcüməsini əhatə edir. 1223-cü ildə yazılmış bu əsər tezliklə sufilər arasında, ziyalı dairələrdə məşhurluq qazanmışdı. 5 fəsil və 40 yarımfəsildən ibarət əsər sufi nəzəriyyəsi və praktikasının kompleks məsələlərinə həsr olunub.

Əsərə giriş olan birinci fəslin 3 yarımfəslində müəllif əsərinin əhəmiyyətini qeyd edərək onun faydalarından söz açır. Burada təqdim edilən tarixi məlumatlar müəllifin həyat yolunun müəyyən mərhələlərini öyrənməyə kömək edir.

5 yarımfəsildən ibarət olan ikinci fəsildə ruhların təbiətindən, mülk və mələkut aləmindən, insanın yaradılışından söz açılır, ruhun cismə daxil olması izah edilir.

«İnsanların mövcudluğu haqqında» adlanan üçüncü fəsil əsərin ən böyük və mərkəzi qismidir və burada 20 yarımfəsil yer alır. Burada Həzrət Məhəmmədin peyğəmbərlik missiyası, insanın bədəninin tərbiyəsi, ruhunun və qəlbinin təmizlənməsi məsələlərinə toxunulur, şeyxlərin, müridlərin malik olmalı olduğu keyfiyyətlər göstərilir.

«Xoşbəxt və bədbəxt ruhların qayıdışı» adlanan 4-cü fəsildə müəllif insan şəxsiyyətinin sakitləşdirici, ruhlandırıcı, qınayıcı və hökm edən ruhlarını qeyd edərək, onların hansı kateqoriyadan olan insanlara aid olduğunu göstərir və ruhun da, bu və ya digər kateqoriyaya aid olmasından asılı olaraq, cənnətə və ya cəhənnəmə yol alacağını qeyd edir.

«Müxtəlif qrup insanların yolu» haqqında adlı 5-ci fəsildə orta əsrlər cəmiyyətinin nümayəndələrinin həyat tərzi əks olunur. Əxlaqi-didaktik xarakter daşıyan bu fəsil hakim zümrələrdən tutmuş sənətkarlara, əkinçilərə qədər müxtəlif təbəqələrdən olan insanların mövqeyi, davranışı, maraqları və yollarının xüsusiyyətlərinə həsr olunub.

 

 Kitabın sonunda M.Kazımov əsərdə rast gəlinən bəzi sözlərin izahını 447 qeyddə verir, həmçinin, hədislərin, şəxs adlarının və coğrafi adların göstəricisini təqdim edir.

Download Template Joomla 3.0 free theme.