Səfiri səfirliyin Siyasi məsələlər və ictimai əlaqələr şöbəsinin müdiri Cen Hay Nin, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jinhua və Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov müşayiət edirdilər.
Qonaqlar əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşdülər. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verdi, 58 ildir fəaliyyət göstərən institutda yaranan gündən ənənəvi istiqamətlər üzrə tədqiqatlar aparıldığını – Türkiyə, ərəb ölkələri və İranın tarixi, iqtisadiyyatı, ədəbiyyatı, dilinin tədqiq edildiyini, son zamanlar isə Mərkəzi Asiya və Uzaq Şərq üzrə araşdırmaların da aparıldığını bildirdi. Çinşünaslıq üzrə tədqiqatlar da hazırda institutda Asiya-Sakit Okean ölkələri regionu şöbəsində aparılır. G.Baxşəliyeva qonaqlara institut əməkdaşlarının çınşünaslığa dair nəşr olunan kitablarını təqdim etdi.
Görüşdə iştirak edən Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean ölkələri regionu şöbəsinin müdiri Zenfira Şıxəlibəyli institutda çinşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verdi.
Şərqşünaslıq İnstitutunda Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu bildirən səfir Vey Cinhua ölkələrimiz arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, onunla bərabər instituta təşrif buyurmuş Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutunun gələcək əməkdaşlığının səmərəli olacağına əminliyini bildirdi.
Məhz sözügedən əməkdaşlığın təməli də çinli nümayəndələrin Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşü zamanı qoyuldu. Görüşdə G.Baxşəliyeva Çin nümayəndələrinin institutu əməkdaşlarına təqdim edərək, onların gəlişinin məqsədini açıqladı. Çin səfiri Vey Cinhua çıxış edərək, ölkələrimiz arasında əməkdaşlıqdan söz açdı və bu əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini qeyd etdi.
Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov çıxış edərək, institutların əməkdaşlığının perspektivlərindən söz açdılar. Sonra Şərqşünaslıq İnstitutu ilə Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu arasında müqavilə imzalandı. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktorları Li Jinhua və Rafiq Abbasov imzaladılar.
Müqavilədə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi işçilərin mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, Şərqşünaslıq İnstitutunda Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun sinfinin fəaliyyətinin təmin edilməsi, kitabların nəşri, Çin dilinin tədrisi üzrə xüsusi kursların təşkili, elmi ədəbiyyatla və əlavə materiallarla təminat və s. məsələlər nəzərdə tutulur.
Çin nümayəndə heyəti daha sonra Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean ölkələri regionu şöbəsində oldular. Burada Konfutsi institutunun çinli əməkdaşları öz xalqlarının çay mərasimi ənənəsini nümayiş etdirdilər.