Türk ədəbiyyatının dəyərli tədqiqatçısı
Ölkəmizdə türk ədəbiyyatının tədqiqi sahəsində dəyərli və zəngin fəaliyyəti ilə seçilən şərqşünas alimlərimiz sırasında filologiya elmləri doktoru, professor Aydın Müstəcəb oğlu Abıyevin (Aydın Abi Aydın) müstəsna yeri var. Türk ədəbiyyatının tarixini, türk satirasını, Azərbaycan – Türkiyə ədəbi əlaqələrini tədqiq etmiş, türk şəxs adları ilə bağlı bir sıra əhəmiyyətli sözlüklər hazırlamış böyük alimin Azərbaycan şərqşünaslığı üçün xidmətləri əvəzsizdir. Aydın Abi Aydın tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da yaxşı tanınan türkoloq alimdir. Görkəmli alimin elmi fəaliyyəti barədə Türkiyədə, Rusiyada, Almaniyada, Gürcüstanda ondan artıq məqalə çap olunub. İndiyədək 20 kitabını elmi ictimaiyyətə və bütövlükdə oxucu kütləsinə təqdim etmiş alimin əsərləri və böyük elmi qədər də, yüksək mədəniyyəti, şəxsiyyəti, təmkini, bir sözlə əsl ziyalılığı gənclər üçün böyük bir örnəkdir. Bütün bunları da nəzərə alaraq, oxuculuramızı türkologiyamızın fəxri olan görkəmli alimin elmi fəaliyyəti və əsərləri ilə yaxından tanış etmək istəyirik.
Aydın Abıyev 1939-cu il aprelin 28-də Lerik rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsini bitirib. Əmək fəaliyyətinə AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi olaraq başlayıb, daha sonra baş elmi işçi, şöbə müdiri kimi Türkiyə ədəbiyyatının müxtəlif problemləri ilə bağlı elmi araşdırmalarla məşğul olub.
O, Türkiyənin milli hekayə və novella ustası Ömər Seyfəddinin həyat və yaradıcılığı mövzusunda namizədlik (1968), «XIX yüzilliyin ikinci yarısı – XX yüzilliyin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi» mövzusunda doktorluq dissertasiyası (1997) müdafiə edib. Müxtəlif beynəlxalq elmi konfransların iştirakçısı olub, məruzələrlə çıxış edib.
1978-1981-ci illərdə Türkiyədə işləyib. 1992-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində öncə dosent, sonra professor kimi fəaliyyətini davam etdirir, Türkiyə ədəbiyyatı tarixindən dərs deyir. Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvüdür.
Zəngin və əhatəli elmi yaradıcılığı ilə seçilən Aydın Abi Aydın 20 kitabın müəllifidir. Bu kitablardan ilki alimin namizədlik dissertasiyası əsasında hazırladığı «Ömər Seyfəddinin həyatı və yaradıcılığı»dır. 1978-ci ildə çapdan çıxan bu kitab 5 hissədən ibarətdir. Birinci hissədə XX əsrin əvvəllərində Türkiyənin ictimai-tarixi şəraiti və ədəbiyyatının vəziyyətindən bəhs edilir, türk novella və hekayəsinin 1908-ci ildən qədəm qoyduğu yeni dövrə nəzər salınır. Burada Ömər Seyfəddinlə bahəm dövrün əsas novellaçılarından olan Rəfiq Xalid və Ağa Gündüzün yaradıcılığına diqqət yetirilir. İkinci hissə Ömər Seyfəddinin həyatına həsr olunub. Burada Ömər Seyfəddinin həyatının ilk illərindən tutmuş təhsili, müəllimlik və jurnalistlik fəaliyyətindən ətraflı bəhs edilir.
Növbəti hissələrdə Ömər Seyfəddinin yaradıcılığından bəhs etməyə başlayan Aydın Abıyev onun yaradıcılığını şərti olaraq üç dövrə (Birinci Dünya müharibəsinin başlanmasına qədərki dövr, müharibə dövrü və yaradıcılığının ən parlaq dövrü olan ömrünün son illəri) bölərək, bu bölgü əsasında da araşdırmasını aparır. Birinci dövrə aid hissədə yazıçının ilk tənqid hədəfləri açıqlanır, ikinci dövr «Hərbə və imperializmə qarşı hərb», yazıçının yaradıcılığının ən parlaq dövrü - ömrünün son illəri isə əsərin «Ziddiyyətlər dövrünün bədii inikası» başlıqlı hissədə nəzərdən keçirilir. Yazıçının yaradıcılığının əsas xüsusiyyətlərindən «Ömər Seyfəddinin sənətkarlığı» başlıqlı son hissədə bəhs edilir.
Aydın Abi Aydın doktorluq dissertasiyası mövzusu əsasında 1991-ci ildə «Türk ədəbiyyatında satira (XIX əsrin sonları – XX əsrin əvvəlləri)» kitabını nəşr etdirib. Alim XIX əsrin ikinci yarısından etibarən yeni mərhələyə daxil olan türk satirasının inkişaf yolu, dövrün ictimai-tarixi-siyasi hadisələrinə münasibəti barədə daha öncə tədqiqat əsərinin olmamasını nəzərə alaraq, mövcud ehtiyacı bu kitabı ilə müəyyən dərəcədə doldurmağa çalışıb. Müəllif burada türk satirasının mənşəyi və mənbələri, XIX əsrin ikinci yarısında yaranan yeni satirik janrlar, ənənəvi janrlarda yazan şairlərin ideya istiqaməti və mövzuları, satirik roman və hekayələrdə həyat hadisələrinin bədii inikası və s. məsələlərə dair fikir və mülahizələr söyləməyə cəhd edib. Əsərdə türk satirik ədəbiyyatının icmalı verilib. Buraya xalq yaradıcılığı janrları – lətifələr, nağıllar, atalar sözü və məsəllər, aşıqların satirik şeirləri, həcvlər daxil edilib. Əsərdə ilk olaraq orta əsrlər poeziyası nümayəndələrinin – Şeyxi, Veysi, Zati, Ruhi Bağdadi, Ömər Nəfi və başqalarının yaradıcılığı təhlil olunur. Müəllif göstərir ki, XIX əsrin ikinci yarısından etibarən türk satirası yeni inkişaf mərhələsinə qədəm qoyub, məzmun və formaca dəyişib. Burada İ.Şinasi, Ziya Paşa, N.Kamal, Ali bəy, M.T.Çaylaq, Ə.Midhət, M.Ə.Rəcaizadə, H.Rəhmi kimi dövrün aktual problemlərinə toxunan yazıçıların komediya, təmsil, felyeton, satirik roman, hekayə, məktub və s. yeni ədəbiyyat janrlarında yazılmış əsərləri tədqiq edilir. Şinasinin satirik poeziyası, Rəcaizadə Mahmud Əkrəmin və Əhməd Midhətin komediya və satirik romanları, «Direktor» ləqəbli Ali bəyin, Ziya Paşanın, Məhməd Əşrəfin yaradıcılığı, Əhməd Hikmətin bəzi əsərləri Azərbaycan türkşünaslığında ilk dəfə tədqiqata cəlb olunub. Bu əsər «Türk ədəbiyyatında satira» adlansa da, burada satiranın tərkib hissəsi olan yumordan da danışılır və bunlar vəhdətdə götürülür. Satira ümumi termin kimi işlədilir.
Aydın Abi Aydının türk satirası sahəsində 1999-cu ildə nəşr etdirdiyi «Bəzi satirik nəzirə və təhzillər» kitabı da diqqətəlayiqdir. Kitab Azərbaycan və türk satiriklərinin nəzirə və təhzillərinə həsr olunub. Burada əsasən Azərbaycan-türk ədəbi əlaqələri nəzərdən keçirilir. Əsər iki fəsildən ibarətdir. Birinci fəsildə Azərbaycan satiriklərinin nəzirə və təhzilləri təhlil olunur. Azərbaycan satiriklərinin, özəlliklə də «Mola Nəsrəddin» jurnalı ətrafında toplaşanların türk xalqının qabaqcıl demokratik ədəbiyyatına müraciət etdiyini söyləyən müəllif, onların daha çox inqilabçı demokrat türk sənətkarı Namiq Kamaldan faydalandıqlarını qeyd edir. Azərbaycan satiriklərindən Namiq Kamaldan istifadə edən şairlərin önündə Mirzə Ələkbər Sabir gəlir. Aydın Abi Aydın Sabirin, eləcə də Cəfər Cabbarlının Namiq Kamaldan təsirlənmələrini konkret nümunələr əsasında ətraflı təhlil edir. Daha sonra Mirzə Ələkbər Sabirin, Salman Mumtazın Azərbaycan satiriklərinə ruhən də, ideyaca da yaxın olan türk şairlərindən biri – Əbdülhəmid Ziya Paşanın yaradıcılığından faydalanmasından bəhs olunur. Aydın Abi Aydın mollanəsrəddinçilərin incə lirik şeirlər müəllifi kimi tanınan Rəcaizadə Mahmud Əkrəmin sentimental poeziya nümunələrindən də öz məqsədləri üçün necə faydalanmalarından da yazır. Rəcaizadə Mahmud Əkrəmə nəzirə yazanlar sırasında Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiqin və s.-nin şeirləri təhlil edilir.
Azərbaycan satiriklərinin müraciət etdikləri türk satirikləri sırasında Məhməd Əşrəfin də yeri böyükdür. Müəllif M.Ə.Sabirin Məhməd Əşrəfdən faydalanmasından ətraflı yazır. Əsərdə həmçinin mollanəsrəddinçi şairlərimizin ruhuna yaxın olan türkiyəli sənətkarlardan Abdullah Cövdətin yaradıcılığına M.Ə.Sabirin, A.Şaiqin, C.Cabbarlının, S.Mumtazın müraciət etməsindən söhbət açılır. İnqilabçı türk şairi Tofiq Fikrət Azərbaycan ədiblərindən Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid, Əli Nəzmiyə güclü təsir göstərdiyi halda, Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, xüsusilə də Mikayıl Müşfiq kimi sovet dövrü şairlərimizin yaradıcılığında da onun, zəif də olsa, təsirini hiss etmək olur. Aydın Abi Aydın bu fəsildə həmçinin şairlərimizin Xalid Xürrəm Səbirbəyzadəyə münasibətindən də yazır.
Əsərin ikinci fəsli Füzuli təsiri ilə yazan türk satiriklərinə həsr olunub. Burada Füzulinin yaradıcılığından Məhməd Əşrəf, Fazil Əhməd, Hüseyn Suad və başqa türk şairlərinin necə faydalanmasından ətraflı bəhs edilir.
Aydın Abi Aydının daha bir elmi dəyərli kitabı Türkiyə ədəbiyyatının tənzimatdan sonrakı «Sərvəti-fünun» dönəmi poeziyası, nəsri, dramaturgiyası, satirası və ədəbiyyatşünaslıq məsələlərinin tədqiqinə həsr olunmuş «Sərvəti-fünun» ədəbiyyatı» monoqrafiyasıdır. 2013-cü ildə çap olunmuş kitabda T.Fikrət, N.Xanım, C.Şəhabəddin, X.Ziya, Ə.Ə.Bolayır, Ə.H.Mütüoğlu, N.Cahid, M.Rauf, S.Nazif kimi görkəmli sənətkarlar haqqında geniş məlumat verilir. Yeri gəldikdə Azərbaycan ədəbiyyatı ilə əlaqələrdən də bəhs edilir. 19-cu əsrin son illərini və 20-ci əsrin əvvəllərini əhatə edən «Sərvəti-fünun» (fənlərin bolluğu) ədəbiyyatını «yeni ədəbiyyati cədidə»adlandıranlar olsa da, Aydın Abi Aydın əsərin əvvəlində bu münasibətin düzgün olmadığını əsaslandırır və «Sərvəti-fünun» dərgisinin yaranması və fəaliyyətindən bəhs edir. Müəllif daha sonra «Sərvəti-fünun» şeiri haqqında geniş bəhs edir, Sərvəti-fünunçuların ədəbiyyata gətirdikləri yeniliklərdən söz açır. Əsərdə bu ədəbi qrupun görkəmli nümayəndələri haqqında ayrı-ayrılıqda bəhs edilir. İlk olaraq Türkiyə ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan demokrat şair Tofiq Fikrətin yaradıcılığına nəzər salınır, onun sevgi və təbiət şeirləri, ictimai, siyasi və fəlsəfi əsərləri təhlil edilir, Azərbaycan şairlərinə təsiri açıqlanır. Aydın Abi Aydın tənzimat dövründə yazıb-yaratmağa başlamış, bəzi ədəbiyyat tarixçilərinin «Sərvəti-fünun»dan kənarda qalan ədəbiyyata daxil etdikləri Nigar Xanımı da, yaradıcılığının əsasən bu dövrü əhatə etməsi və əsərlərinin «Sərvəti-fünun» dərgisində nəşr edilməsi səbəbindən onun haqqında da kitabında ətraflı məlumat verir. Əsərdə «Sərvəti-fünun» poeziyasının yaranmasında və inkişafında Tofiq Fikrətdən sonra ən mühüm rolu olan ədəbi şəxsiyyət – Cənab Şəhabəddinin ictimai-siyasi görüşləri, poeziyası, nəsr və publisistikasından ətraflı bəhs edilir. Müəllif daha sonra Əli Əkrəm Bolayırın yaradıcılığına nəzər salır, Süleyman Nazifin dramaturgiyasını və satirasını təhlil edir, Hüseyn Suad Yalçının dramaturgiyasından bəhs edir. Müəllif Xalid Ziya Uşaqlıgilin və Əhməd Hikmət Müftüoğlunun yaradıcılığının təhlilinə geniş yer ayırır. Burada Xalid Ziya Uşaqgilin romanları, hekayələri, memuarları, mədəniyyət, ədəbiyyat, sənətlə bağlı araşdırmaları və publisistik yazıları araşdırılır, Əhməd Hikmət «Sərvəti-fünun»çu və türkçü kimi nəzərdən keçirilir. Monoqrafiyada həmçinin Məhməd Rauf və Hüseyn Cahid Yalçın yaradıcılığına da nəzər salınır. Kitabın sonunda dövrün ədəbiyyatşünaslığına da diqqət yetirilir.
Bütövlükdə türk ədəbiyyatının tədqiqində böyük xidmətləri olan Aydın Abıyevin ali məktəb tələbələri üçün hazırladığı «Türkiyə Ədəbiyyatı tarixi» dərslikləri bu fənnin tədqiqində müstəsna əhəmiyyətə malikdir.
Müqayisəli şəkildə təqdim edilən «Türkiyə Ədəbiyyatı tarixi» dərsliyinin 2005-ci ildə nəşr olunmuş 1-ci cildi Türkiyənin şifahi və yazılı ədəbiyyatının XVIII yüzilliyin sonlarına qədərki dövrünü əhatə edir. Burada ayrı-ayrı dövrlərin qısa tarixi, mədəni və ədəbi icmalı, habelə hər dövrün görkəmli aşıq və şairlərinin həyatı və yaradıcılığı haqqında ayrıca oçerklər verilir. Kitabın birinci hissəsi şifahi, ikinci hissəsi yazılı ədəbiyyata həsr olunub. Xalq ədəbiyyatı üç bölgüdə təqdim edilir: anonim xalq ədəbiyyatı, təkkə ədəbiyyatı, aşıq ədəbiyyatı. Anonim xalq ədəbiyyatı bölməsində manilər haqqında məlumat verilir. Daha sonra türkülər, atalar sözləri, uşaq folklorunun çox geniş yayılmış növlərindən olan ninnilər, eləcə də bilməcələr, qarğışlar, təkərləmələr, əfsanələr, lətifələr haqqında ayrıca yazılar təqdim edilir. Xalq dramları, tamaşa və oyunlarına da xüsusi yer ayrılır. Kitabda həmçinin «Oğuz kağan», «Kitabi-Dədə Qorqud», «Koroğlu» dastanları, «Fərhad ilə Şirin», «Kərəm ilə Əsli» xalq hekayələrindən bəhs edilir.
Növbəti bölüm təsəvvüf ədəbiyyatına – təkkə ədəbiyyatına həsr olunub. Təsəvvüf ədəbiyyatı ilə bağlı bölmədə müəllif Yunus Əmrənin, Pir Sultanın, Pir Sultan Abdalın, Niyazi Misrinin yaradıcılığına müraciət edir. Kitabda daha sonra aşıq şeirindən bəhs edilir. İlk olaraq aşıq poeziyasının forma və şəkillərindən söz açan müəllif, daha sonra Öksüz Dədə, Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, İbrahim Dərdli, Dadaloğlu, Bayburti Zehni, Əmrah, Seyrani, Aşıq Veysəlin yaradıcılığını təqdim edir.
Kitabın ikinci hissəsi yazılı Türkiyə ədəbiyyatına həsr olunub. Aydın Abi Aydın burada təsəvvüf ədəbiyyatı və divan ədəbiyyatından ayrı-ayrılıqda bəhs edir. Yazılı təsəvvüf ədəbiyyatı ilə bağlı bölmədə Əhməd Fəqih, Şəyyad Həmzə, Mövlana Cəlaləddin Rumi, Sultan Vələd, Aşıq Paşa yaradıcılığına müraciət edilir.
Divan ədəbiyyatı üç dövrə bölünərək təqdim edilir. XIII-XIV əsrləri əhatə edən bölmədə dövrün bir sıra şairləri barədə məlumat verilir, XIV əsr divan poeziyasının ən böyük şairi hesab olunan Tacəddin İbrahim Əhmədinin yaradıcılığından geniş bəhs edilir. XV-XVI əsrləri əhatə edən bölmədə Şeyxi, Əhməd Paşa, Mehri Xatun, Mahmud Baqi, Ruhi Bağdadlının yaradıcılığı müfəssəl təqdim edilir. Növbə iki əsrdə isə Ömər Nəfi, Yusif Nabi, Əhməd Nədim və Şeyx Qalibin yaradıcılığına xüsusi yer ayrılır.
Dərsliyin Türkiyənin XIX əsr ədəbiyyatından bəhs edən 2-ci cildinin 1-ci hissəsi 2007-ci ildə tələbələrin ixtiyarına verilib. Burada dövrün poeziyası, dramaturgiyası, nəsri və satirası haqqında ümumi bilgi verilir, ən görkəmli sənətkarlarına ayrıca oçerklər həsr edilir. Dərslikdə ilk olaraq poeziya sahəsindən bəhs edilir və Leskofçalı Qalib, Növrəsi-Cədid Osman Bəy, Yenişəhərli Avni Hüseyn bəy, Hersekli Arif Hikmət, Musa Kazım Paşa, Naci Əfəndi, Sədullah Paşa, Ədhəm Pərtov Paşa, Əhməd Vəfiq Paşa, Rəcaizadə Mahmud Əkrəm və başqalarının yaradıcılığı nəzərdən keçirilir. Növbəti hissədə dramaturgiya sahəsində yazıb-yaradan sənətkarlardan Əli Heydərin, Ədhəm Pərtov Paşanın, Məhməd Ali bəyin yaradıcılığına xüsusi diqqət yetirilir. Tənzimat dövrünün nəsrinə aid hissədə Yusif Kamal Paşa, Ziya Paşa, Nəbizadə Nazimin rolu diqqətə çəkilir. Satiraya aid bölmədə «Bu adam» lətifələr kitabı ilə tanınan Məhməd Tofiq Çaylağın yaradıcılığına xüsusi nəzər salınır, yeni yaranan satirik janrlar sırasında Türkiyə ədəbiyyatında ilk satirik lüğət yazan «Direktor» Ali bəyin «Ləhcətül-həqayiq»indən bəhs edilir.
Kitabda daha sonra dövrün Türkiyə ədəbiyyatında xüsusi yeri olan sənətkarlardan İbrahim Şinasi, Ziya Paşa, Namiq Kamal, Əhməd Midhət, Məhməd Əşrəf, Rəcaizadə Mahmud Əkrəm, Şəmsəddin Sami, Əbdülhəq Hamid və Sami Paşazadə Səzaiyə həsr olunmuş ayrı-ayrı oçerklər təqdim edilir.
Aydın Abiyev 2004-cü ildə nəşr olunan «Tənzimat dövrü Türkiyə ədəbiyyatı» metodik vəsaitinin də müəllifidir. Kitabda tənzimat dövrü Türkiyə ədəbiyyatının tanınmış nümayəndələrindən İbrahim Şinasi, Əbdülhəmid Ziya Paşa, Namiq Kamal, Əhməd Midhət, Rəcaizadə Mahmud Əkrəm, Şəmsəddin Sami, Əbdülhəq Hamid Tarxan və Samipaşazadə Səzainin yaradıcılığı nəzərdən keçirilir.
Aydın Abi Aydının elmi yaradıcılığında 2002-ci ildə nəşr edilmiş «Füzuli və Türkiyə poeziyası» monoqrafiyasının xüsusi yeri var. «Türkiyə poeziyasının Füzuli yaradıcılığında yeri» adlı birinci fəsildə Füzulinin görkəmli türk söz ustadlarından Yunus Əmrə, Tacəddin İbrahim Əhmədi, Şeyxi, Nəcati, Nizami Qaramanlı, Üsuli və başqalarının yaradıcılığından faydalanmasından söz açılır. Xalq dastanlarında Füzulinin təsiri, görkəmli türk xalq sənətkarları Niyaziyi-Misri, aşıq Gövhəri, aşıq Ömər, Qul Məhməd, İbrahim Dərdli və başqalarının Füzuli yaradıcılığından faydalanmaları «Füzuli və Türkiyənin xalq ədəbiyyatı» başlıqlı ikinci fəsildə nəzərdən keçirilir. «Füzulinin lirik tərzdə yazan türkiyəli müasirləri və davamçıları» başlıqlı üçüncü fəsildə ilk olaraq şairin müasirlərindən Məhməd Xəyali, Taşlıcalı Yəhya, eləcə də Baqi, Bağdadlı Ruhi, Ədirnəli Nəzmi, Xaqani, Yəhya Növi, Şəmi və başqalarının Füzulidən bəhrələnmələri barədə dəlillər təqdim edilir. Daha sonra böyük şairin XVII-XVIII əsrlərdəki davamçılarından Ömər Nəfi, Yusif Nabi, Əhməd Nədim, Şeyx Qalib barəsində, həmçinin XIX-XX əsrlər Türkiyə şairlərindən Vasif Əndərunlu, Keçəçizadə İzzət Molla, Əndərunlu Fazil, Leskofçalı Qalib, Yenişəhərli Hüseyn Avni, İbrahim Şinasi Əfəndi, Əbdülhəmid Ziya Paşa, Məhməd Akif Ərsoy və başqalarının yaradıcılığına Füzulinin təsirindən xüsusi geniş bəhs edilir. Dördüncü fəsildə Türkiyə satirasında Füzuli ənənələrindən bəhs edilir, Xəlil Nihad Boztəpə, Məhməd Əşrəf, Fazil Əhməd, Hüseyn Suad və başqa şairlərin yaradıcılığına nəzər salınır.
Aydın Abi Aydın türk xalqının görkəmli mütəfəkkir filosofu, şair, ictimai xadim, böyük millətçi Ziya Göyalpa ayrıca kitab həsr edib. 2006-cı ildə ictimaiyyətə çatdırılan «Ziya Göyalp» kitabında onun həyat yolundan söhbət açılır, şeirlərindən nümunələr verilir.
Aydın Abiyevin türk xalq dastanlarının Azərbaycan dilinə tərcüməsində də xidmətləri var. O, İradə Rəsuli ilə birgə «Oğuz kağan dastanı» və «Fərhad və Şirin» xalq dastanını Azərbaycan dilinə tərcümə edərək oxuculara çatdırıb. «Oğuz kağan dastanı» dilimizdə 1992-ci ildə işıq üzü görüb. Kitabda dastan həm orijinal dildə Azərbaycan əlifbası (o dövrdə Kiril əlifbası) ilə transkripsiyada, həm də tərcümədə təqdim edilir. Tərcüməçilər bu dastanı 2002-ci ildə «Fərhad və Şirin» xalq dastanı ilə birlikdə «İki dastan» kitabında da nəşr etdiriblər.
Aydın Abi Aydının müxtəlif nəşr orqanlarında, qəzet, dərgi və toplularda əksini tapmış elmi, nəzəri və publisist yazılarının bir qismini seçərək, 2012-ci ildə «Həsənoğludan üzü bəri» kitabında nəşr etdirib. Kitabda təqdim olunan yazılardan birincisi 1987-ci il iyunun 26-da ədəbiyyat qəzetinin 26-cı sayında dərc olunmuş «Həsənoğlunun yeni» şeiri məqaləsidir. Kitabın adı da elə bu yazıya uyğun olaraq «Həsənoğludan üzü bəri» qoyulub. Burada həmçinin müəllifin Ə.Marağalıya, Ömər Seyfəddinə, Mirzə Ələkbər Sabirə, X.X Səbribəyzadəyə, Cəlaləddin Rumiyə, Ziya Göyalpa, Füzuliyə hər edilmiş yazıları və bir sıra digər mövzulu məqalələri təqdim edilir.
Aydın Abıyevin Türkiyə ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasında fəaliyyətinin bir qolunu da Türkiyə lətifələrini tərcümə edərək nəşr etdirməsidir. 1992-ci ildə «Bəktaşi lətifə və əhvalatları», 2004-cü ildə isə «Türkiyə gülməcələri» kitablarını oxuculara çatdırıb.
Aydın Abi Aydın bir sıra lüğət və sözlüklərin müəllifidir. Alim türk şəxs adlarına dair bir neçə lüğət və sözlüyü hazırlayıb oxuculara təqdim edib. 1998-ci ildə işıq üzü görmüş «Azərbaycan-türk şəxs adlarının izahlı lüğəti» 4 minə yaxın antroponimi – kişi və qadın adını əhatə edir.
Daha sonra hər biri 10 mindən artıq antroponimi əhatə edən 3 iri həcmli şəxs adları ensiklopediyası - «Şəxs adları lüğəti» (2002), «Şəxs adları sözlüyü» (2006) və «Türk şəxs adları» (2007) işıq üzü görüb.
Bu lüğətlərdə adların mənaları izah olunur, hansı dillərə mənsub olduğu göstərilir. Yeri gəldikcə adların mənşəyi, düzgün və təhrif olunmuş forması haqqında məlumat verilir. Adlar izah edilərkən imkan daxilində onların bütün mənaları, hətta ehtimal olunan mənaları da lüğətlərdə öz əksini tapıb. Lüğətlərdə əslindən çox fərqlənən adların, lazım gəldikdə, əsli də qeyd edilir. Mənşəcə Azərbaycan dilində olmayan hər bir addan sonra onun hansı dilə aid olduğu mötərizədə ixtisar şəklində bildirilir. Azərbaycanda vətəndaşlıq hüququ qazanmayan və şəxs adları üçün səciyyəvi olmayan adlar lüğətlərə salınmayıb.
2010-cu ildə işıq üzü görən «Mənşəyinə görə şəxs adları lüğəti»ndə ayrı -ayrılıqda Azərbaycan-türk, ərəb, fars, xristian mənşəli adları verilir, onların quruluşu, mənşəcə tərkibi, mənaları (bəzən, hətta ehtimal olunan anlamları da) izah edilir.
Aydın Abi Aydının daha bir sözlüyü qısaltmaları əhatə edir. 2000-ci ildə nəşr edilən «Qısaltmalar sözlüyü»ndə Türkiyə və Azərbaycanda işlədilən bir sıra qısaltmalar öz əksini tapıb. Latın qrafikalı əlifba sırasına uyğun olaraq tərtib edilən və 2000-ci ildə nəşr edilən sözlükdə Türkiyədə işlədilən qısaltmaların açıqlamaları Anadolu türkcəsində verildiyi halda, kütləvi oxucu kütləsi üçün nəzərdə tutulduğundan, əksəriyyətinin mötərizədə azərbaycanca izahı da təqdim edilir. Sözlük iki hissədən ibarətdir: a) Türkiyədə işlədilən qısaltmalar; b) Azərbaycanda işlədilən bir sıra qısaltmalar.
Bütün bu söylənilənlər Aydın Abi Aydının çoxşaxəli elmi yaradıcılığının nə qədər zəngin və dəyərli olduğunu göstərir.
Vüqar Məmmədov,
filologiya üzrə fəlsəfə doktoru
(“Azərbaycan şərqşünaslığı” jurnalı, № 1 (11) 2014-cü il )
P.S. Bu məqalənin 2014-cü ildə dərcindən sonra 2016-cı ildə Aydın Abiyevin daha bir kitabı – iki cildlik “Şəxs adlarının ensiklopedik lüğəti” də işıq üzü görüb. Lüğətdə əsasən türk dilində və azərbaycanca olan şəxs adları verilir. Yeri gəldikdə ərəb və fars adları da təqdim edilir və izahları verilir.
Daha öncə də şəxs adları ilə bağlı lüğətlər hazırlamış müəllif ilk dəfə belə əhatəli və geniş şəkildə lüğət təqdim edib. Kitabda geniş müqəddimə və istifadə olunmuş mənbələr də verilir.
Müqəddimədə müəllif türk şəxs adlarının yaranma tarixindən bəhs edir və bu adların yaranmasının bir neçə mərhələsini göstərir. Müəllif müxtəlif türk xalqlarına başqa dillərin təsirindən söz açır, türk şəxs adlarının yayıldığı əraziləri qeyd edir, adların verilməsində türk xalqlarında olan fərqləri göstərir, adların insanlara qoyulması şəraiti və səbəblərindən bəhs edir.
Lüğətdə adların mənaları açıqlanır, yeri gəldikdə adların mənşəyi düzgün və təhrif olunmuş biçimi haqqında məlumat verilir. Adlar açıqlanarkən imkan daxilində onların bütün mənaları və hətta, ehtimal olunan mənaları da, lüğətdə öz əksini tapır.
Sözlükdə Anadolu, Orta Asiya və başqa türklərin adları bəzən səsləndiyi biçimdə də verilir. O adlar ki, türklərin əksəriyyətində işlənir, onları, adətən, Azərbaycan türkcəsində göstərməyə üstünlük verilir.
