Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Solmaz Rüstəmova-Tohidi: Kitabın təqdimatının Məhəmməd Əmin bəyin dəfələrlə olduğu, Cümhuriyyət qonaqlarını qəbul etdiyi bir məkanda təşkilinin rəmzi əhəmiyyəti var

03 Fevral 2022

Yanvarın 31-də AMEA-nın Milli  Azərbaycan Tarixi Muzeyində baş tutmuş "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində" kitabının təqdimat mərasimindən sonra kitabın redaktoru, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi təqdimat mərasimi və kitabın özü barədə öz fikirlərini bölüşüb.

 

S.Rüstəmova-Tohidi deyib: “M.Ə. Rəsulzadənin 138-ci doğum günü, 2022-ci ilin 31 yanvarında “Rəsulzadə ev muzeyi” İctimai Qrupumuzun ilk əməli nəticəsi - “I Beynəlxalq Rəsulzadə qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” kitabının təqdimat mərasimini Milli Azərbaycan Tarixi Muzeyinin ən möhtəşəm – Şərq zalında keçirdik. Qonaqlarımız bu məqamı – kitabın təqdimatının Məhəmməd Əmin bəyin dəfələrlə olduğu, Cümhuriyyət qonaqlarını qəbul etdiyi bir məkanda təşkilinin rəmzi əhəmiyyətini xüsusi qeyd etdilər. Pandemiya məhdudiyyətləri səbəbindən təqdimatı daha geniş auditoriyada keçirmək mümkün olmasa da, qonaqlarımızın tərkibi və müəlliflərimizin bir hissəsinin iştirakı ölkəmizin elm, təhsil və incəsənət ictimaiyyətini tam təmsil edirdi. Tədbirə yalnız Rusiya səfirliyinin Mədəniyyət üzrə attaşesinin və daha bir əməkdaşının gəldiyi və mərasimin Azərbaycan dilində keçməsinə baxmayaraq sona qədər oturduğu ayrıca qeyd edilməlidir (Rəsulzadənin bilavasitə yaşadığı bütün ölkələrin səfirliklərinə dəvət göndərilmişdi).

Dinlənilən çıxışların tam mətnini vermək niyyətindən daşınsam da, qonaqların və müəlliflərin bəzi fikirlərini hər halda sizlərə çatdırmağı lazım bildim. Ümumən isə, təqdim olunan kitaba və Qrupumuzun bu fəaliyyətinə yüksək qiymət verilməsi, eləcə də əsas məqsədimizə yetişmək – Rəsulzadənin Bakıda ev muzeyinin tezliklə açılması və növbəti təqdimatların məhz Rəsulzadənin öz “evində” keçirilməsi arzusu bütün çıxışlardan qırmızı xətt kimi keçirdi. Əsas diqqət hədəfi təbii ki, Məhəmməd Əmin Rəsulzadə və onun zəngin irsi idi. Qonaqların və müəlliflərin bir-birindən maraqlı, dərin məzmunlu çıxışları Azərbaycanın XX əsr tarixində Rəsulzadə fenomeninin ən müxtəlif çalarlarını açıqlamaqla yanaşı bu şəxsiyyətin irsinin hələ yalnız qismən öyrənildiyi, qismən tanındığı və tanıdıldığı və hələ də tam dəyərləndirilmədiyi kimi qənaətləri təsdiq etdi.

“I Beynəlxalq Rəsulzadə Qiraətləri” toplusu bu baxımdan – ayrı-ayrı Rəsulzadə tədqiqatçılarını (istər Azərbaycanda, istər xarici ölkələrdə) bir araya gətirmək, Rəsulzadə irsinin sistemli şəkildə araşdırılması prosesini nizamlamaq və Rəsulzadənin daşıyıcısı olduğu Müstəqillik, Demokratiya və Dövlətçilik ideyalarının hələ XX əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycan siyasi mühitində həyata keçirildiyi kimi bir həqiqəti beynəlxalq miqyasda təbliğ etmək – sahəsində ilk addım sayıla bilər.

Təqdimat Mərasiminin sonunda 2024-cü il 30-31 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulan və Məhəmməd Əmin Rəsulzadənin 140-cı yubiley ilinə həsr olunacaq II Beynəlxalq Rəsulzadə Qiraətlərinə start verildiyi elan edildi. Rəsulzadə irsinin elmi tədqiqi, sənəd toplanışı və publisistik dəyərləndirilməsi ilə məşğul olan mütəxəssislər və gənc müəlliflər bu proyektə iştirak etməyə dəvət olunurlar.

Download Template Joomla 3.0 free theme.