G.Baxşəliyeva bildirib ki, akademik səviyyədə yerinə yetirilmiş bu tərcümələrdən sonra Azərbaycan Şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaqdır.
«Peyğəmbərlər» kitabının da dünyanın bir necə dillərinə tərcümə olunduğunu, lakin Azərbaycan dilində ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin indiyədək olmadığını vurğulayan G.Baxşəliyeva «Peyğəmbərlər» kitabının özündə cəmləşdirdiyi kitabların əsasən tarixin xronoloji bir dövrünü əhatə etdiyini, kitabın iki bölməyə bölündüyünü, birinci bölmənin əsasən tarixi xüsusiyyət daşıdığını, ikinci bölmənin isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarət olduğunu qeyd edib.
Teymur Sadıqov təqdimat mərasimində çıxış edərək, “Tanax”ın tərcümə etdiyi birinci hissəsi olan “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib və tərcümə kitablarının redaktorlarına, məsləhətçilərə, rəyçilərə və kitabın çapına dəstəyini göstərənlərə öz təşəkkürünü bildirib.
T.Sadıqov “Peyğmbərlər” kitabının hacıxanım Rahilə Hüseyin qızının maddi vəsaiti hesabına çap edildiyini diqqətə çatdırıb.
Tərcüməçi onu da qeyd edib ki, “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlər gedir və bu işi ilin sonuna kimi bitirməyi planlaşdırır.
Sonra “Tövrat” və “Peyğəmbərlər” kitablarının tərcümələri tədbirdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə təqdim edilib. Səfir Corc Dik tədbirdə çıxış edərək Teymur Sadıqovu uğurlu işlərinə görə təbrik edib.
Daha sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından ilah.ü.f.d. Məmmədəli Babaşlı, f.ü.f.d. Laura Orucova çıxış edərək, Teymur Sadıqovun ibrişünaslıq sahəsində dəyərli tədqiqatları və tərcümələri ilə seçildiyini, təqdim edilən uğurlu tərcümələri ilə bir ilkə imza atdığını bildiriblər.