F.ü.e.d., prof. Mehdi Kazımovun ingilis dilində nəşr olunan “Khamse” of Nizami Ganjavi and literature in persian (tradition of nazire to “Haft peykar” in the XIV-XVIII centuries) (“Nizami Gəncəvinin “Xəmsə”si və farsdilli ədəbiyyat (XIV-XVIII əsrlərdə “Həft peykər”ə nəzirə ənənəsi”) kitabında Nizaminin müvafiq poeması poetikanın bir sıra problemləri baxımından tədqiq edilib, “Həft Peykər”də məkan-zaman münasibətlərinin janr sinkretikliyinə nəzər salınıb, süjetlərin genezisi onların XIV-XVIII əsrlərdə sonrakı transformasiyasında izlənilib.
Azərbaycan Atabəyləri sarayında xidmət etmiş, böyük Nizami Gəncəvinin müasiri və bəzi ehtimallara görə dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustadın orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və müəyyən mənada unikal əsər olan “Munisnamə”sinin tərcüməsi də Şərqşünaslıq İnstitutunun “Nizami Gəncəvi İli”nə böyük töhfəsidir. Təkcə ədəbi əsər kimi deyil, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri görünən, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusu olan “Munisnamə”ni fars dilindən f.ü.f.d. Rəna Rzayeva tərcümə edib.
F.ü.f.d. Aygün Əlizadə Abdullah Hatifinin “Həft mənzər” əsərini fars dilindən Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsini ön söz və şərhlərlə geniş oxucu kütləsinə çatdırıb. Abdullah Hatifinin Nizami Gəncəvinin “Həft peykər”inə nəzirə olaraq yazdığı “Həft mənzər” əsərinin tərcüməsi Nizami ənənələrinin sonrakı əsərlərdə inikasının öyrənilməsi baxımından maraqlıdır.
2021-ci il oktyabr ayının 8-də Şərqşünaslıq İnstitutunda keçirilmiş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfransın materialları da çapdan çıxıb. Bundan əlavə İnstitutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının 20-cı sayı əsasən dahi şairin 880 illiyinə həsr olunub.
2021-ci ildə Şərqşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin Çinlə bağlı çıxışlarını, bəyanatlarını, müsahibələrini, məktublarını və s. əhatə edən kitab çin dilində çapdan çıxıb. Bütün bunları tərcümə edərək hazırlayan c.ü.f.d. Rafiq Abbasovdur.
Erməni saxtakarlığı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yönündə akademik G.Baxşəliyevanın ingilis dilindən rus dilinə tərcümə etdiyi “Армянские инсинуации и исторические факты. Вопросы и ответы” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabının çapı böyük əhəmiyyətə malikdir. 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armeian allegations and historical facts. Questions and answers” kitabını akademik G.Baxşəliyeva 2016-cı ildə Azərbaycan dilinə tərcümə etmişdi. Hazırkı nəşr isə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün nəzərdə tutulur.
Akademik G.Baxşəliyevanın daha bir yeni kitabı «Məqalələr, məruzələr, müsahibələr...” çoxcildliyinin III-IV cildləridir. Xatırladaq ki, kitabın I və II cildləri 2011-ci ildə nəşr edilib.
İbrişünaslıq sahəsində yenilikləri ilə seçilən f.ü.f.d. Teymur Sadıqov bu dəfə yəhudi dininin Müqəddəs Kitabı “Tanax”ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabını ilk dəfə ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcümə edib.
İnstitutun Cənubi Azərbaycan şöbəsində hazırlanaraq çap edilən Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917) kitabının çapı da diqqətiçəkən nailiyyətlərdən hesab oluna bilər. Əsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir.
2021-ci ildə institutda Osmanlı hakimiyyəti dövründə Azərbaycan ərazilərinə dair iki monoqrafiya çap olunub. T.ü.f.d. Gülər Qafqazlı “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq (XVIII əsrin 20-ci illəri)”, t.ü.f.d. Yaxşıxanım Nəsirova “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)” kitabının müəllifləridir.
İnstitutun nəşrlərindən f.ü.e.d. Roida Rzayevanın “Challenges of contemporaneity: postmodernity and multikulturalizm” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm)” adlı kitabının dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən 2021-ci ildə “SpringerLink Religion and Philosophy” elektron kitablar kolleksiyasına daxil edilməsini də xüsusi qeyd etmək lazımdır.
Bunlardan əlavə institutda ötən il həmçinin t.ü.e.d., prof. Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”, f.ü.f.d. Laura Orucovanın “XVIII əsr Azərbaycanlı alim İbrahim əl-Araşinin dilçilik yaradıcılığı”, f.ü.f.d. Zenfira Rüstəmovanın və Gülşən Həmidlinin “Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”), h.ü.f.d. Rauf Qarayevin “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri”, f.ü.f.d. Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”, f.ü.f.d. Lalə Bayramovanın “Əyyəmu-l-arab” Cahiliyyə dövrünün ədəbi abidəsi kimi” monoqrafiyaları, ilah.ü.f.d. Məmmədəli Babaşlının “Müasir ərəb mətbuat dili” dərs vəsaiti çapdan çıxıb.
Məhsuldar alim, fəl.ü.f.d. Elvüsal Məmmmədov il ərzində “Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər” monoqrafiyasını, “İzahlı islam fəlsəfəsi terminləri lüğəti”ni, eləcə də ərəb dilindən tərcümədə Əhməd Bəssam Sainin “Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?”, Əhməd Tutuncinin “Həyat dərslərim”, Məhəmməd Qəzalinin “Peyğəmbərin həyatı” kitablarını təqdim edib.
İlah.ü.f.d. Səbinə Nemətzadənın türk dilinə tərcüməsində “Evrensel Değerler Sisteminde İslam Kültürü” və “Azərbaycanda Türk İslam kültürü” kitabları İstanbulda nəşr olunub.
Ankarada isə akademik Gövhər Baxşəliyevanın redaktoru olduğu, f.ü.f.d. Lalə Qasımlının çapa hazırladığı “60`lardan Günümüze Azerbaycan Hikayesi” toplusu nəşr olunub. Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçı haqqında məlumat, hekayələrinin türk dilinə tərcüməsi və təhlili təqdim edilib. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosent və doktorantlar iştirak edib.
Həmçinin ötən il institutda “21-ci əsrdə Yunus Əmrəni anlamaq” Beynəlxalq Yunus Əmrə simpoziumunun materialları, “Şərq araşdırmaları”elmi-nəzəri jurnalının 3-cü və 4-cü sayları , “Azərbaycan Şərqşünaslığı” elmi-kütləvi jurnalının 21-ci sayı işıq üzü görüb.
2021-ci ildə institut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası, Liviya, Rusiya Federasiyası, İran islam Respublikası, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç, Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiya və s.) nəşr edilib. Bu sırada SCOPUS siyahısına daxil edilmiş beynəlxalq jurnallarda dərc olunan üç məqaləni xüsusi qeyd etmək lazımdır. REA Şərqşünaslıq İnstitutunun“Vostok” jurnalında t.ü.f.d. Fərda Əsədovun “Taqı əd-Din əl-Məqrizinin "Kitab İğasat al-umma bi-kəşf əl-ğummə” (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsi ilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri" məqaləsi, Moskvada dərc olunan “Voprosı istorii” jurnalında isə f.ü.f.d. Lalə Bayramovanın “Sirə janrının dünya şərqşünaslığında öyrənilməsi” və ilah.ü.f.d. Səbinə Nemətzadənin “Əlyazma sənəti tarix və fəlsəfə aspektində” məqalələri dərc olunub.
Vüqar Məmmədov,
filologiya üzrə fəlsəfə doktoru.