Yəhudi dininin Müqəddəs Kitabı “Tanax”ın birinci hissəsi «Tövrat» ilk dəfə olaraq 2019-cu ildə T.Sadıqov tərəfindən orijinaldan Azərbaycan dilinə tərcümə edilib. «Tanax»ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabı da dünyanın bir necə dilinə tərcümə edilib. Lakin Azərbaycan dilində «Peyğəmbərlər» kitabının ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi yox idi.
Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Burada məhz yəhudi alimlərinin, ravvinlərinin və müdriklərinin fikirləri əsas tutulur.
«Peyğəmbərlər» kitabının özündə cəmləşdirdiyi kitablar əsasən tarixin xronoloji bir dövrünü əhatə edir. Kitab iki bölməyə bölünür. Birinci bölmə əsasən tarixi xüsusiyyət daşıyır. İkinci bölmə isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarətdir.
Burada əsasən Musa peyğəmbərdən sonra müəyyən bir dövr ərzində gələn peyğəmbərlərdən və ümumən baş verən hadisələrdən məlumat verilir.