Tədbirdə ölkəmizi MM sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibinə deputatlardan bu sətirlərin müəllifi və Mirkazım Kazımov daxil idilər. Tədbirdə İƏT Pİ İcraiyyə Komitəsində təmsil olunan 12 üzv dövlətin nümayəndə heyətləri iştirak edirdi. Sessiyada Asiya qrupundan İcraiyyə Komitəsinin üzvləri Azərbaycan, Əfqanıstan, İran, Pakistan və ev sahibi kimi Türkiyə parlamentarları təmsil olunurdular. 7 ölkənin nümayəndə heyəti spiker səviyyəsində təmsil edilmişdi. Sessiyanın açılışından sonra gündəlik və iş proqramı qəbul edildi. Sonra İƏT Pİ-nin Baş katibi Mahmud Erol Kılıcın hesabatı dinlənildi. Daha sonra İƏT Pİ-nın sonuncu konfransında qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olundu.
Gündəliyin dördüncü məsələsi – Təşkilatın dörd ixtisaslaşmış komitəsinin-Siyasi məsələlər və xarici əlaqələr komitəsi, İqtisadi məsələlər və ətraf mühit komitəsi, İnsan haqları, qadın və ailə məsələləri komitəsi və Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərin dialoqu üzrə komitəsi – 5-ci yığıncaqlarının gündəlik layihələrinin tərtib edilməsi məsələsinə baxıldı.
Daha sonra 2017-ci ilin yanvarında keçiriləcək Fələstin üzrə daimi komitənin yeddinci yığıncağının və Müsəlman Qadın Parlamentarlarının altıncı konfransının gündəlikləri müzakirə edilərək qəbul edildi.
Yığıncaqda eyni zamanda İƏT Pİ Baş komitəsinin növbəti sessiyasının gündəliyi tərtib edildi, İƏT Pİ Konfransının 12-ci sessiyasının yeri və keçirilmə tarixi müəyyənləşdirildi. Qərara alındı ki, İƏT Pİ Konfransının 12-ci sessiyası Mali Respublikasının paytaxtı Bamako şəhərində 2017-ci il yanvar ayının 23-28-də keçirilsin. Bamako sessiyasının gündəliyi qəbul edildi. Gündəliyə Qüds, Fələstin problemi, Suriya və Livanın işğalda qalan əraziləri, Fələstində hazırkı durum, İslam Parlamentlərinin sionist İsrailin Qüdsü yəhudiləşdirməsi planlarının qarşısının alınmasında rolu, Suriyada humanitar vəziyyət, terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, xalqların müasir texnologiyalardan sülhməramlı məqsədlərlə istifadə etmə hüququnun tanınması, Yaxın Şərq regionunun kütləvi qırğın vasitələrindən, o cümlədən atom silahından azad region elan edilməsi, İraqda, Sudanda, Somalidə, Malidə və Çaddakı vəziyyətin müzakirəsi, Suriya, İraq, Əfqanıstan və Myanmada miqrasiya və qaçqınlar problemi, terrorizmə və zorakılığa qarşı müsəlman ölkələrinin əməkdaşlığı və siyasətlərinin koordinasiyası, Kiprdəki vəziyyət, Cammu və Kəşmirdəki vəziyyət, burada insan hüquqlarının pozulması, dünya müsəlman azlıqları ilə həmrəylik, Qərbi Trakiyada müsəlman azlıqları, Myanmada müsəlman azlıqları, Cənubi Filippində müsəlmanların vəziyyəti, Mərkəzi Afrikada müsəlman azlıqlar, Krımda müsəlman tatarların vəziyyəti, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı, dözümsüzlük, islamofobiya və ksenofobiya ilə mübarizə, müsəlman ölkələrində viza alınmasının qarşılıqlı asanlaşdırılması kimi məsələlər salındı.
Sessiyanın yekununda qəbul ediləcək Ankara deklarasiyasının müzakirəsi zamanı çıxış edərək sənəd layihəsinin Azərbaycana aid hissəsinə bu mətni əlavə etməyi təklif etdim: “Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, Ermənistandan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi və BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyi tələb edir.” Təklifim bütünlüklə qəbul edildi.
Tədbirin ikinci günü, yəni oktyabr ayının 18-də iclasa Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman sədrlik etdi. Sədr çıxışında Türkiyədə 15 iyul çevriliş cəhdindən ətraflı bəhs etdi, türk xalqının FETÖ-çular üzərində çaldığı qələbə və bu zaman göstərdiyi birlik, həmrəylik, şücaət, ölkə Prezidenti Rəcəb Təyyib Ərdoğan ətrafında sıx birləşməsi haqda məlumat verdi. “Millətimiz bir ovuc askeri kiyafə geymiş terroristi durdurdu, - deyən İ.Qəhrəman Türkiyədəki son hadisələri türk xalqının demokratiya yolunda böyük qələbəsi kimi səciyyələndirdi.
Sədrin giriş sözündən sonra çıxışlar başladı. İlk öncə Əfqanıstan İslam Respublikasının Xalqlar Palatasının sədri-spiker İbrahim Rayf İbrahim çıxış etdi. Daha sonra Mali Respublikasının spikeri İssaka Sidibe, Pakistan İslam Respublikasının spikeri Ayaz Sadiq, Sudanın spikeri İbrahim Əhməd Ömər, Səudiyyə Ərəbistanı Krallığının spikeri çıxış etdilər. Azərbaycan nümayəndə heyətinin adından MM birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış etdi. O, çıxışında İƏT Pİ fəaliyyətinə, qardaş Türkiyədə baş vermiş son hadisələrə münasibət bildirdi, bir daha ölkəmizin əsas problemi Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunmasından danışdı.
Yekun olaraq Ankara deklarasiyası qəbul edildi. Deklarasiyada deyilir: “Biz İƏT Pİ İcraiyyə Komitəsinə daxil olan üzv dövlətlərin parlamentlərinin spikerləri 17-18 oktyabr, 2016-da Ankara, Türkiyədə keçirilən İƏT Pİ İcraiyyə Komitəsinin 36-cı sessiyasında görüşərək,
İƏT Pİ 12-ci konfransının Bamako, Mali, 2017-ci ildə keçirilməsini hazırlayan İƏT Pİ İcraiyyə Komitəsinin 36-cı sessiyasının Türkiyə Respublikası, Böyük Millət Məclisinə və Türkiyə xalqına, xüsusən zati-aliləri cənab İsmayıl Qəhrəmana, TBMM-nin hörmətli spikerinə gözəl ev sahibliyinə görə təşəkkür bildirərək,
14-15 aprel 2016-da İstanbulda keçirilən uğurlu İslam Sammiti və iki illik İƏT sammitinə sədrliyi öz üzərinə götürməyi münasibəti ilə Türkiyə Respublikasını təbrik edərək,
Bir daha İƏT nizamnaməsində əksini tapmış üzv ölkələrin suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü və münaqişələrin sülh yolu ilə həlli də daxil olmaqla məqsəd və prinsiplərə ehtiram ifadə edərək,
İƏT Pİ nizamnaməsini rəhbər tutaraq,
Həmçinin 13-cü İslam Sammitinin yekun kommünikesində vurğulanan terrorizmin səbəb və mənbəyindən asılı olmayaraq bütün forma və təzahürlərinə qarşı prinsipial mövqeyini rəhbər tutaraq,
Terrorizmlə mübarizə bütün üzv dövlətlərin və beynəlxalq birliyin vəzifəsi olduğunu təsdiqləyərək, ölkələr, beynəlxalq və regional təşkilatlarla və təşəbbüslərlə konstruktiv əməkdaşlığın əsasında terrorizmlə və ekstremizmlə mübarizə üçün İƏT ölkələrinin hərtərəfli strategiyasının hazırlanmasına ehtiyac olduğunu vurğulayaraq,
Bir sıra İƏT-ə üzv dövlətlərdə terrorizmin sülhə və sabitliyə təhlükə və yaranmış hakimiyyətsizliyin İŞİD, Əl-Qaidə, Boko Haram, Əl-Şəbəb və PKK/PYD/YPG kimi terrorçu təşkilatların irəliləyərək bütün region üçün fəlakət yaratdığından narahatlıq keçirərək,
Demokratiya və konstitusiyasını müdafiə etmiş Türkiyə parlamentini, hökumətini və xalqını təbrik edərək və salamlayaraq, xalqın təhlükəsizliyini, sabitliyi, birliyini və çiçəklənməsini qoruyan və təmin edən Türkiyə hökumətinə tam dəstək ifadə edərək,
Türkiyə Parlamentinin, Hökumətinin və xalqının FETÖ-ya qarşı mübarizələri ilə tam həmrəylik bildirərək,
Türkiyədə, İslam ölkələrində və digər ölkələrdə asayişə, dövlət qurumlarına, əmin-amanlığa və sabitliyə təhlükə yaradaraq məxfi, qeyri-leqal və gizli metod, üsul və hərəkətlərdən istifadə edən Fətullahcı terror təşkilatının müxtəlif leqal formalarda fəaliyyət göstərməsindən dərin narahatlıq keçirərək,
Türkiyə demokratiyasının çətin sınağından uğurla çıxdığını məmnunluqla qarşılayaraq, qeyd edirik:
1. Türkiyə Konstitusiyasına, Prezidentinə, Parlamentinə, Hökumətinə və xalqına qarşı yönəlmış 15 iyul 2016-cı il FETÖ-nun əsgəri və mülki tərəfdarlarının çevriliş cəhdini qətiyyətlə pisləyirik,
2. Türkiyə Prezidenti, Parlamenti, Hökuməti və xalqını demokratiya, ədalət, hüquq, təhlükəsizlik və birliyin qorunmasına yönələn FETÖ-ya qarşı mübarizəsini tam dəstəkləyirik...
Deklarasiyanın sonrakı bəndlərində müsəlman aləminin digər problemlərinə - terrorizmə, ekstremizmə, radikal dini cərəyanlara və təşkilatlara, İŞİD-ə, əl-Qaidəyə, Bolo Harama, PKK/PYD/YPG-ya qarşı münasibət bildirildi, onların fəaliyyəti kəskin pislənildi, onlarla mübarizədə müsəlman ölkələrinin səylərinin birləşdirilməsinin vacibliyi vurğulandı. Fələstin xalqının haqq mübarizəsinə dəstək ifadə olundu, Kəşmir və Cammu, Sudan, Əfqanıstan, Niger, Çad və Nigeriya xalqlarına terrorizmə qarşı mübarizədə kömək əlinin uzadılmasının vacibliyi vurğulandı.
Onu da qeyd edim ki, tədbir çərçivəsində nümayəndə heyətimizi TBMM-nin sədri İsmayıl Qəhrəman qəbul etdi. Səmimi, ətraflı söhbət zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Sonuncu gün tədbir iştirakçılarına TBMM yerləşən ərazi, binalar, plenar iclaslar keçirilən möhtəşəm salon göstərildi, FETÖ-çular tərəfindən atılan bombalar nəticəsində yaranmış dağıntılar nümayiş etdirildi.
Səfər zamanı bir çox video və şəkil çəkdirdik. Onlardan ən ürəyimcə olanı TBMM önündə Mustafa Kamal Atatürkün möhtəşəm heykəlinin qarşısında durduğum şəkildir. Heykəlin özülündə isə yazılıb: “Bağımsızlık və özgürlük benim xarakterimdir” – Kamal Atatürk. Allah Sənə rəhmət eləsin, Böyük Öndər!
Gövhər Baxşəliyeva,
millət vəkili, akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü