Hesabat ilində İnstitut əməkdaşları elmi-tədqiqat işlərini 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıblar. Plan üzrə icra olunan 99 elmi-tədqiqat işindən 46 iş bu il başa çatıb, qalan işlərin 2021-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
İl ərzində İnstitutda 32 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 2 kitab isə hazırda çapdadır.
Hesabat ilində İnstitut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası, Liviya, Rusiya Federasiyası, İran islam Respublikası, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç, Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiya və s.) nəşr edilib.
Hesabat ili ərzində İnstitut əməkdaşları 43 dəfə xaricdə (Yaponiya, Rusiya, İsveçrə, Qazaxıstan, Türkiyə, Ukrayna, ABŞ, Fransa) və 50 dəfə Azərbaycanda keçirilən cəmi 93 beynəlxalq elmi konfransda məruzə ediblər.
Hesabatda 2021-ci ildə İnstitutda xarici ölkələrin səfir və digər diplomatik nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, İnstitutda kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində İnstitutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, İnstitutun 2021-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib.