Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM TƏDBİRİ KEÇİRİLİB

10 Dekabr 2021

Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Şərqşünaslıq İnstitutunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. G.Baxşəliyeva ümummilli liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zaman, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb.

 

G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib. Həmin görüşdə iştirak etmiş Gövhər xanım Heydər Əliyevin o tədbirdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd edib. G.Baxşəliyeva Heydər Əliyev məktəbi keçmiş  cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə mühüm rolu olduğunu deyərək, dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunın artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini və bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Gövhər Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbirdə çıxış edən institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı və başqaları Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da ulu öndərin xidmətləri heç zaman unudulmayacaq.

Download Template Joomla 3.0 free theme.