Z.Rüstəmova kəmiyyət, G.Həmidli isə cins kateqoriyasının xüsusiyyətlərini tədqiq edərək, mülahizələrini faktiki materiallara əsaslandırıblar. Təqdim edilən hər iki kateqoriyanın müəllifləri üzərində işlədikləri tədqiqat işini yalnız ərəb dilinin öz materialları əsasında deyil, hətta lazım gəldikdə bu dilin dialektləri, qohum dillər, bəzən də qohum olmayan dillərlə müqayisəli və qarşılıqlı tədqiqat metodu ilə aparıblar.
Ərəb dilində kəmiyyət kateqoriyası çoxsaylı say qrupları və və formaları ilə seçilir. Əsərin kəmiyyət kateqoriyasına həsr edilən birinci hissəsi 3 fəsildən ibarətdir. Birinci fəsildə kəmiyyət kateqoriyası ümumi dilçilik baxımından nəzərdən keçirilir və sami dillər sırasında olan bir neçə dildə məsələnin qoyuluşuna baxılır. İkinci fəsildə ərəb dilində nitq hissələri üzrə ərəb dilinin kəmiyyət kateqoriyası araşdırılır. İsmin kəmiyyət kateqoriyası 3-cü fəsildə ayrıca nəzərdən keçirilir.
İkinci hissənin birinci fəslində cins kateqoriyasının ümumi xarakteristikası verilir. İkinci fəsildə ərəb və ibri dillərində cins kateqoriyası tədqiq edilir. Üçüncü fəsildə bu kateqoriya ilə bağlı ərəb dilçilərinin baxışları nəzərdən keçirilir.