Müəllifin ingilis dilində yazdığı kitab postmodernizm və onun sosial əlamətlərinin, şüurun transformasiyasının və inkişafının göstəricisi kimi postmodern vəziyyətin xülasəsini təşkil edir. Bu monoqrafiya muasirliyin təmayülləri, postmodernist kompleksin nəzəri və təcrübi məsələləri haqqında müəllifin əvvəllər “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Postmodern və multikulturalizm: elmlərarası diskurs) (Bakı, 2015), “Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda) (Bakı, 2015) və «Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi» (Ankara, 2012) kitablarında ifadə edilmiş düşüncələrinin davamı və inkişafıdır.
Kitab multikulturalizm, dialoqun mədəniyyəti, dialoqun fəlsəfəsi, tolerantlıq, gender və s. kimi cəmiyyətin müasir problemlərinə fəlsəfi, sosioloji və mədəni yanaşmaları ehtiva edir. Beləliklə, monoqrafiya elmlərarası tədqiqata çərçivə yanaşma təklif edir. Kitabda multikulturalizmin formaları, o cümlədən plüral modernlər kimi multikulturalizm, və qeyri-Qərb müasirliyi müzakirə olunur. Kitab xüsusilə moderndən postmodernə doğru ictimai şüurun inkişaf dinamikasının ilkin şərtləri məsələsində fokuslanmış və “Qərb – qeyri-Qərb” dixotomiyasını və müasir həyatın intellektual-mənəvi reallıqlarının doğurduğu hazırkı təftişini tədqiq edir.
Təqdim olunan kitab qeyri-Qərb ölkələrində postmodernist paradiqmanın mövcudluğuna dair diskussiyaya öz tövhəsini verməklə sosial transformasiyaları doğuran ictimai şüurun konseptlərinin izahını təklif edir, fərqli dünyagörüşünü əks etdirən yeni rəvayət və paradiqmaya ehtiyacı qarşılayır.
Kitab aşağıdakı on beş fəsildən ibarətdir: “Giriş”, “Postmodernin konseptual çərçivəsi”, “Postmodern və mədəniyyət”, “Postmodern”, “Postmodern və şüur”, “Postmodern və müasirlik”, “Modern – postmodern: paralellər”, “Postmodern: tənqidi diskurs”, “Müasirlik və dialoq”, “Modernləşmə”, “Postmodernləşmə”, “Qeyri-Qərb müasirliyi və postmodern”, “Postmodern və din: diskursiv təhlil”, “İctimai şüurda postmodernist indikatorlar”, “Multikulturalizm postmodernist kontekstdə”.
Qeyd edək ki, çapda yeni üsul olan bu format (SpringerBriefs) ultra-müasir tədqiqatın qlobal elektron yayılmasını təmin edir və bir neçə şəkildə (elektron, e-kitab, çap) oxuculara təqdim olunur.
Xatırladaq ki, dünyanin ən nüfuzlu iki beynəlxalq akademik nəşriyatından (Elsevier ilə yanaşı) biri olan Springer, elmi nəşrlərin sayına görə elmi, texnologiya və tibb sahələri (STM) üzrə dünyada qabaqcıl yer tutur.
1842-ci ildə Yulius Springer tərəfindən əsası qoyulmuş Springer 170 ildən artıqdır ki, nəşriyyat işi ilə məşğul olur. Bu gün isə Springer innovativ məhsul və xidmət yolu ilə keyfiyyətli məzmun təqdim edən dünyanın ən böyük elеktron kitab kolleksiyasına və hərtərəfli açıq jurnal portfelinə sahib qabaqcıl qlobal nəşriyyatdır.
Springerin kitab və jurnal məqalələri müəllifləri arasında 200-dən çox Nobel mükafatı laureatı vardır. 1917-ci ildə nəşriyyatın bir bölməsi A.Eynşteynin xüsusi və ümumi nisbilik nəzəriyyəsi üzrə işini dərc edir. 1920-ci ildə isə şirkət A.Eynşteynin də redaktoru olduğu Mathematische Annalen (“Riyazi salnamələr”) jurnalını çıxarmağa başlayır.
