F.Nəsirova oktyabrın 26-27-də Kapadokya-Nevşehirdə (Türkiyə) keçirilən “III Beynəlxalq sosial və bəşəri elmlər konqresi”ndə “Nizami dünyasının uşaq qəhrəmanları” adlı məruzə ilə çıxış edib. Məruzədə Yaxın və Orta Şərq ictimai-fəlsəfi, bədii-estetik dünyagörüşündə yeni epoxanın əsasını qoymuş Nizami yaradıcılığının uşaq ədəbiyyatının mövzu arealının genişlənməsindəki roluna diqqət çəkilib, əxlaqi-didaktik motivli əsərlərin rəngarəng uşaq dünyasına nüfuz imkanları sadalanıb, Nizami bədii irsinin gələcəyimiz sayılan uşaqların xeyirxah, kamil insan kimi formalaşmasındakı müstəsna əhəmiyyəti vurğulanıb.
Fidan Nəsirovanın qatıldığı növbəti elmi tədbir Beynəlxalq Elmlər Akademiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Ankarada keçirilmiş “Cümhuriyet zirvəsi V Beynəlxalq sosial elmler konqresi” olub. Şərqşünas alim konqresdə “Nizami Gəncəvi əsərlərinin yeni auditorisi və ya dünəndən bu günə köprü” adlı məruzə ilə iştirak edib. Məruzədə çoxqatlı, dərin məna çalarlarına malik Nizami irsinin uşaqların qavram səviyyəsinə uyğun, sadələşdirilmiş formada yenidən işlənməsi, uşaq ədəbiyyatının tələbləri çərçivəsində yenidən yazılması Azərbaycan uşaq ədəbiyyatının qarşısında duran məsələlərdən bəhs edib. Məruzəçi İranda Nizami əsərlərinin uşaqlar üçün yenidən işlənməsi tarixindən, bu ədəbi istiqamətin inkişaf prinsiplərindən və Nizami “Xəmsə”sinin müxtəlif poemalarına olan müraciətlərin statistik göstəricilərindən söhbət açıb.