Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu və bu regionda olan müstəqil dövlətlər arasında münasibətlərin qurulması və inkişafı, belə inkişafın strategiyası və taktikası, bu prosesdə baş verən qanunauyğunluqların elmi cəhətdən müəyyən edilməsi və bunun nəticəsində müəyyən təkliflərin irəli sürülməsi Azərbaycan ictimai elminin qarşısında duran vəzifələrdən biridir. Həmçinin müasir Mərkəzi Asiya regionunda baş verən proseslərin elmi cəhətdən öyrənilməsi və tədqiqi əldə edilən nəticələrin Azərbaycan Respublikasının müvafiq orqanlarının (məsələn, diplomatik orqanların) və qurumların daha səmərəli praktiki fəaliyyət göstərməsi üçün istifadə oluna bilər.
Kitab giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarədir. Birinci fəsildə “Orta Asiya” və “Mərkəzi Asiya” anlayışları barədə məlumat verilir, müasir Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edilir. İkinci fəsildə müasir Mərkəzi Asiya ölkələrində təhlükəsizliyə qarşı olan təhdidlər və çağırışlardan bəhs edilir, onların təsnifatı verilir. Üçüncü fəsildə müasir Mərkəzi Asiyada təhlükəsizlik strategiyası nəzərdən keçirilir.
Monoqrafiya alimlər, tələbələr, müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri ilə məşğul olan mütəxəssislər, ekspertlər, politoloqlar və ümumiyyətlə, Mərkəzi Asiya regionu ilə maraqlananlar üçün nəzərdə tutulub.