Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “CƏNUBİ AZƏRBAYCAN TARİXİNİN OÇERKİ (1828-1917)” KİTABİ ÇAP OLUNUB

17 Noyabr 2021

    AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabının 1-ci cildi çapdan çıxıb.

    1985-ci ildə kiril əlifbası ilə Şövkət Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə bu günlərdə latın qrafikası ilə “Elm” nəşriyyatında institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin məsul redaktorluğu ilə yenidən nəşr olunub.

    Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapıb. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılıb və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilib.



    Kitabda qeyd edilir ki, İranda ənənəvi olaraq feodal millətçiliyi olmayıb, araşdırılan dövrdə həm İranda, həm də Cənubi Azərbaycanda ictimai-siyasi fikrin inkişafında milli məsələyə zəif diqqət yetirilib, ölkədə məskunlaşmış bütün xalqlar etnik mənsubiyyətindən asılı olmayaraq vahid millət ideyasından çıxış ediblər.

    Oçerkin əhatə etdiyi tarixi dövr (1828-1917) ərzində İranda hakimiyyət türk (Azərbaycan) əsilli Qacar tayfasınının əlində və ordunun əsas hissəsi azərbaycanlılardan təşkil olunmuş olsa da, inzibati-ərazi bölgüsünə görə ölkənin ən böyük əyalətlərindən biri olan Azərbaycanda cəmiyyətin əsas təbəqəsi olan kəndlilər hakim təbəqələr tərəfindən amansızcasına istismar olunurdular.

    Kitabda Azərbaycan mədəniyyəti sahəsində baş verən dəyişikliklər, xüsusilə 1905-1911-ci illər İran Məşrutə inqilabı dövründə teatr və mətbuat sahəsində əldə olunmuş uğurlar geniş şəkildə şərh olunur. Qeyd olunur ki, mədəniyyət sahəsində baş verən bu canlanma müvəqqəti xarakter daşısa da, “vətənpərvər azərbaycanlılar içərisində onların ümummilli, mədəni və etnik vəhdəti haqqında fikir yetişir, özünə getdikcə daha geniş yol tapır, cənubi azərbaycanlılar bir millət kimi təşəkkül etməyə başlayırdılar”.

    Kitab demək olar ki, Cənubi Azərbaycan tarixini öyrənmək baxımından ilkin mənbə rolunu oynayır. Əsər səlis dildə, zəngin mənbə və ədəbiyyat əsasında yazılıb.

    İnstitutun Elmi Şurası kitabın yuxarıda qeyd olunan məziyyətlərini, müvafiq sahələr üzrə mütəxəssislərin, alim və tədqiqatçıların tariximizin hələ də tam araşdırılmamış cənub qoluna olan marağını nəzərə alaraq onun yenidən latın əlifbasında çap edilməsinə qərar vermiş oldu. Kitabın elektron nüsxəsinin də geniş oxucu kütləsinin diqqətinə təqdim edilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin əməkdaşları 2020-2022-ci illərin plan işi üzrə “Cənubi Azərbaycan tarixinin oçerki. Ən yeni dövr: 1918-1979” (II cild) adlı çox böyük və əhatəli elmi bir işin icrası ilə məşğuldurlar. Qarşıdakı yaxın illərdə bu əsər də çap edilərək oxucuların ixtiyarına veriləcək.

Download Template Joomla 3.0 free theme.