Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

27 Oktyabr 2021

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 4 əməkdaşı oktyabrın 21-22-də Türkiyənin Qars şəhərində fəaliyyət göstərən  Qafqaz Üniversitetinin təşkil etdiyi “Birlikdə yaşama baxımından İslam dini” mövzusunda beynəlxalq elmi simpoziumda distant şəkildə iştirak edib.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı konfransın “İnsan və cəmiyyət” bölməsində “Milli və dini kimliyin qorunması baxımından Azərbaycanda birlikdə yaşama təcrübəsi və imkanı” mövzusunda məruzə ilə çıxış edib. O öz məruzəsində Azərbaycan milli mədəniyyətinin, kimliyinin qorunması və inkişaf imkanları barədə öz fikirlərini bölüşüb. Demokratik, dünyəvi, sosial hüquq dövləti quruculuğu yolunu seçmiş Azərbaycanda mövcud etnik və dini qrupların, o cümlədən ölkə əhalisinin əksəriyyətini təşkil edən islam dini mənsublarının əmin-amanlıq şəraitində birgəyaşayış təcrübəsindən bəhs edib, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu nəzərə çatdırıb.

 

Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “Ərəb xalq ədəbiyyatında “Peyğəmbərlik” anlayışı” mövzusunda çıxış edib. Məruzəçi ərəb xalq ədəbiyyatında yüz iyirmi dörd peyğəmbərdən bir çoxunun epikləşdirilmiş obrazlarından söz açıb və peyğəmbərlik anlayışına şifahi xalq ədəbiyyatı aspektindən yanaşıb.

İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, institutun dissertasiya şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Xanımzər Kərimova "İslam dinində ədəbiyyatın estetik mənbəyi" mövzusunda məruzə edib. Məruzəçi ərəb ədəbiyyatında “Ədəb” janrının İslam dinində rolu və onun estetik qaynaqları haqqında bəhs edib, xüsusilə müsəlmanların gözəl dini olan İslam dini və müqəddəs Qurani-Kərimin yalnız ərəb mədəniyyətində deyil, bütün dünyada bənzərsizvə bəlağətli söz abidəsi kimitanınmış və ərəb ədəbiyyatında ədəb və əxlaqı tərənnüm edən  “Ədəb” janrının ən ecazkar estetik qaynağı olduğunu konfrans iştirakçıların nəzərinə çatdırıb.

İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov “Nasslara bağlılıq anlamında təsəvvüf" mövzusunda məruzə edib. Məruzədə təsəvvüf yolunun nə olursa olsun, Quran və Sünnədən aydın və davamlı  olaraq ilham alındığı vurğulanıb. Məruzəçi peyğəmbərin hədislərindən bəzilərinin təsəvvüfün əsasını təşkil etdiyi tezisinin əhəmiyyətini vurğulayıb və araşdırmanın mövzusuna uyğun olaraq Quran və Sünnəyə, şəriətlə bağlılığını əlaqələndirib. İslamın mənəvi bir həyat tərzi olan təsəvvüfün “nassa” bağlılıq olaraq zahiri yaşama birliyi qeyd edilib.

Download Template Joomla 3.0 free theme.