Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Boyuk Əmir Teymurun yurdunda

22 Oktyabr 2021

Azərbaycan və özbək xalqlarının dostluq və qardaşlıq əlaqələrinin tarixi əsrlər öncələrə söykənir. Tarixi folklora söykənən ədəbi əlaqələrimiz isə müxtəlif dövr və mərhələləri arxada qoymuş, ölkələrimiz müstəqilliyini qazandıqdan sonra müasir inkişaf mərhələsini yaşamaqdadır. Azərbaycan və özbək xalqlarının ədəbi, elmi əlaqələri böyük tarixi simaların, ədiblərin yubiley tədbirlərinin keçirilməsi və ortaq əlaqələrimizi möhkəmləndirən elmi, ədəbi əməkdaşlıqlar çərçivəsində zənginləşir. Bu istiqamətdə iştirakçısı olduğum Böyük sərkərdə Əmir Teymurun 685 illiyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans haqqında təəssüratlarımı bölüşmək, hesab edirəm ki, Azərbaycan-özbək xalqlarının elmi-ədəbi əlaqələrinin inkişafını şərtləndirdiyi üçün olduqca maraqlı və dəyərlidir.

 

27 sentyabr-1 oktyabr 2021-ci il tarixlərində Özbəkistan Respublikasında  “Amır Temur-dunyo olımları va adıbları nigohida” (Əmir Teymur dünya alimləri və ədiblərinin gözüylə) elmi-nəzəri konfransı keçirildi. Böyük sərkərdə və strateq Əmir Teymurun 685 illiyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans Özbəkistanın Daşkənd şəhərindən başlayaraq Səmərqənd şəhərində, Qaşqodərya vilayətinin Şəxrisabz şəhərində davam etdi. Özbəkistan Respublikası “Mədəniyyət və Mərifət” mərkəzinin, Özbəkistan Respublikası Elmlər Akademiyasının, ayrıca Tarix institutunun, Turizm və İdman Nazirliyinin və digər təşkilatların dəstəyilə  yüksək səviyyədə təşkil olunan simpoziumda Amerikadan, Almaniyadan, Fransadan, Rusiyadan, İrandan, Qırğızıstandan, Hindistandan və digər ölkələrdən Teymurşünas alimlər iştirak edirdilər. Dünyanın 14 ölkəsindən gələn Teymurşünas alimlər, görkəmli sərkərdənin həyat və yaradıcılığından bəhs edən bədii və elmi əsərlər qələmə alan yazıçılar, politoloqlar günəşli Daşkənd şəhərində biraraya gəldilər. Uzun illər Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələrinin müxtəlif dövr və mərhələlərini, xüsusilə, müstəqillik dövründə qurulan ədəbi əlaqələri ilk dəfə araşdıran özbəkşünas alim kimi “Azərbaycan və özbək ədəbiyyatında Əmir Teymur mövzusu ədəbi əlaqələr kontekstində” başlıqlı  məruzə ilə ölkəmizi təmsil etmək çox qururverici idi. Konfrans günəşli bir sabahda, 28 sentyabr tarixində Daşkənd şəhərində Əmir Teymurun möhtəşəm abidəsinə əklil qoyma mərasimiylə başladı. Mərasimdən sonra tədbir Teymurilər Tarixi Dövlət Muzeyində davam etdi. Daşkənd şəhərinin mərkəzində, Şərq ormanentləri ilə işlənmiş, tarixin əzəmətli səhifələrini strukturunda əks etdirən möhtəşəm bir binası olan muzeydə qonaqlar və iştirakçılar böyük ehtiramla, qısa çıxışlarla salamlandı. Teymurilər dövrünü əks etdirən muzey eksponatları ilə tanışlıqdan sonra tədbir Daşkənd şəhərində böyük sərkərdə ilə bağlı abidələri ziyarət etməklə və mədəniyyət ocaqlarında davam etdi. Özbəkistan Respublikasının, xüsusilə, Daşkənd şəhərinin son illərdə çox inkişaf etdiyinin şahidi oldum. Ölkə Prezidentinin sərəncamı və xüsusi diqqətilə “On iki ədib” parkının və Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə “Müstəqillik” parkının yaradılması, mənə elə gəlir ki, özbək xalqının yaşadığı dövrün ən böyük nailiyyətlərindəndir. “On iki ədib” parkı Daşkəndin mərkəzində, böyük bir ərazidə yaradılmışdır. Böyük bir ziyarətgahı xatırladan park Özbək ədəbiyyatının nəhəng simalarının heykəllərindən, tarixi məlumatlardan, ətri ətrafı bürümüş reyhan kollarının çəmənliklərindən ibarətdir. Özbək xalqının taleyində mühüm rol oynamış Əlişir Nəvai, Məşrəb, Muqimi, Məhəmməd Agahi, Abdulla Qədiri, Çolpan, Maqsud Şeyxzadə, Aripov və digər ədiblərin böyük sənətkarlıqla işlənmiş möhtəşəm abidələrindən ibarət park gələcək nəsillər üçün tarixi, ədəbi və əbədi məbəddir. Digər qururverici məqam parkda abidəsi ucaldılan özbək ədiblərinin böyük bir qisminin Azərbaycan ədəbiyyatından, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin sənətindən bəhrələnərək böyük sənət nümunələri yaradan özbək mütəfəkkirlərinin olması idi. Heykəllərin qarşısından keçərkən sanki düşüncəmdə Azərbaycan və özbək xalqlarının orta əsrlərdən bəri ortaq xüsusiyyətləri ehtiva etməsilə inkişaf edən ədəbi əlaqələri obrazlaşırdı.

Yüz hektar sahədə yaradılmış, 3000 işçinin çalışdığı “Müstəqillik” parkı isə Özbəkistan Respublikasının müstəqilliyinin 30 illik tədbirləri çərçivəsində yaradılmışdır. Tarixlə müasirlik arasında körpü yaradan möhtəşəm park Türkiyə Cumhuriyyətindən dəvət olunan və yerli mütəxəssislərin birgə fəaliyyəti nəticəsində yaradılmışdır.

Tədbirin ikinci günü konfrans təşkilatçıları və iştirakçıları bərabər şəkildə səhər saatlarında Əfrasiyab qatarı ilə Qaşqodərya vilayətinə yola düşdük. Böyük Teymurun keçdiyi torpaqları qatarla qət etmək ayrı bir hisslər, düşüncələr yaradır. Günün ikinci yarısına kimi yol gəldikdən sonra Qaşqodərya vilayətinin Şəxrisabz şəhərinə, Əmir Teymurun doğulduğu torpaqlara gəlib çatdıq.  Şəxrisabz şəhərinin sakinləri günəşin yaxıb yandırdığı torpaqlarda temperaturun 48 dərəcəyə catdığını dedilər. Sentyabrın sonu olmasına rəğmən bizləri göylərdən alov yağar kimi kəskin isti qarşıladı. Lakin, tez bir zamanda hər kəsin qonaqpərvərliyi, yüksək qayğısı bizləri elə əhatə etdi ki, təbiətin bu halını unutduq. Münasibətlərin, qonaqpərvərliyin, süfrədəki nemətlərin olduqca təbii olduğu bir məkanda insan özünü nağıllardakı kimi hiss edirdi.

Günün ikinci yarısında təntənəli şəkildə konfransın rəsmi açılışı oldu. Özbəkistan Respublikası Prezidentinin müşaviri Dilşod Kenjayev, YUNESKO-nun Özbəkistan təmsilçisi Aleksandros Makarigakis, Qaşqodərya vilayətinin hakimi Zoir Mirzayev təbrik çıxışlarında Teymurşünas alimləri, yazıçıları salamlayaraq, konfransın uğurla keçirilməsini dilədilər. Ardından konfransın birinci iclasında Çikaqo universitetinin professoru Jon Vuuds, Özbəkistan Respublikası Fanlar (Elmlər) Akademiyası, Tarix İnstitutunun direktoru, t.e.d., professor Azamat Ziyo, Fransa Teymurilər tarixinin və sənətinin öyrənilməsi Assosiyanın Prezidenti Frederik Bressand, Əmir Teymur Xeyriyyə fondunun müdiri, Özbəkistan xalq şairi Muhammad Əli, Türkiyə Cumhuriyəti Ege universiteti, Türk dünyası tədqiqatları institutunun professoru Ali Osman Qaratay məruzələr edərək Əmir Teymurun həyatı, sərkərdə kimi yürüşləri haqqında ətraflı söhbət açdılar. Məruzəçilər indiyədək böyük sərkərdənin haqqında Avropa dillərində 500-dən çox, Şərq dillərində təxminən 900 kitabın yazıldığından bəhs etdilər.

Konfransın dördüncü bölməsi işini Temurbekler Hərbi məktəbində davam etdirdi ki, “Özbək və dünya ədəbiyyatında Əmir Teymur obrazı” mövzusunda reallaşan içlasda “Azərbaycan və özbək ədəbiyyatında Əmir Teymur mövzusu ədəbi əlaqələr kontekstində” başlıqlı məruzə ilə çıxış etdim. Maraqlı məqamlardan biri də o idi ki, məruzələrimizi təkcə elm və ədəbiyyat adamları deyil, yüksək rütbəli hərbçilər və kursantlar dinləyirdilər. Olduqca maraqlı, aktual mövzularda məruzələrin dinlənildiyi iclasa Özbəkistanın xalq şairi Muhammed Əli sədrlik edirdi. Xalq şairinin Azərbaycan xalqına, ədəbiyyatına olan sevgisi, rəğbəti hiss olunurdu. Məruzəmin mövzusu ilə bərabər, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixindən, inkişaf yollarından, müstəqillik dövrünün ədəbi əlaqələrindən, xalqlarımızın ədəbiyyatları arasında bədii təsir, bəhrələnmə, bədii tərcümə məsələlərindən, eyni zamanda AMEA-nın ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin özbək ədəbiyyatı ilə bağlı geniş fəaliyyətindən bəhs etməyimlə maraqlı diskusiyalar ortaya çıxdı. Bununla yanaşı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin qeyd olunduğu günlərdə böyük şairin özbək ədəbiyyatına, xüsusilə, özbək xalqının  mütəfəkkir şairi Əlişir Nəvainin sənətinə təsiri məsələlərinə toxunaraq, bu təsir nəticəsində orta əsrlərdə Azərbaycan-özbək ədəbi əlaqələrinin daha da inkişaf etməsi mövzusunda mühüm məlumatlarla çıxış etdim. AMEA-nın ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, “Mərkəzi Asiya ölkələri” şöbəsində hazırlanan, Akademik Gövhər xanım Baxşəliyevanın elmi redaktoru və önsözünün müəllifi olduğu “Milli ideoloji məsələlər kontekstində Azərbaycan-özbək ədəbi əlaqələri” adlı kitabımın sədr və iclas iştirakçılarına təqdim olunması xüsusi bir maraqla, diqqətlə qarşılandı. Uzun illər elmi axtarışlarımın məhsulu olan, Azərbaycan ədəbiyyatşünaslığında müstəqillik dövründə Azərbaycan-özbək ədəbi əlaqələrindən bəhs edən yeni kitabımı, həmçinin Temurbekler Hərbi məktəbinin kitabxanasına bağışladım.

Konfransın iclas bölmələri bitdikdən sonra Teymurilər dövrü ilə bağlı tarixi məkanların, abidələrin, həmçinin böyük Teymurun məqbərəsinin ziyarətinin təşkili səfərimin maraqlı məqamlarından idi. Eyni zamanda Özbəkistan Dövlət televiziyasına, “Mədəniyyət və mərifət” kanalına, “Səmərqənd” televiziyasına və digər kanallara Azərbaycan-özbək hərtərəfli əlaqələrinə, ortaq ictimai-siyasi vəziyyətin yaratdığı ədəbi əlaqələrə, ortaq mövzulara dair verdiyim müsahibələr maraqla qarşılanırdı.

 30 sentyabr tarixində Qaşqodərya vilayətindən Səmərqəndə doğru yol aldıq. Yol boyu bizləri günəşli Özbəkistanın ana torpaqları, günəş qədər istiqanlı insanları, tarixlə müasirliyin vəhdətində abidələr müşaiət edirdi. Günün sonunda Səmərqənd şəhərində uşaq və gənclərdən ibarət yaradıcı heyətin, musiqiçilərin böyük konsert proqramıyla iştirakçıların qarşısında çıxışları, bərabər rəqslər, özbək milli mətbəxinin təamları səfərə ayrı bir gözəllik, mehribanlıq, səmimiyyət qatmış oldu.

Ölkəmiz müstəqillik qazandıqdan sonra  dünya ölkələri ilə əlaqələrinin qurulması ilə bərabər türk xalqlarının mədəni inteqrasiyası daxilində Azərbaycan və özbək xalqlarının dostluq və qardaşlıq əlaqələri yeni formada, məzmunda inkişaf etməkdədir. Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələrinin elmi-bədii müstəvidə inkişaf etməsi dövrün tələbi ilə yanaşı, mənəvi ehtiyacımızdır. Hesab edirəm ki, türk xalqlarını birləşdirmək məqsədli böyük Əmir Teymurun doğumunun 685-ci il dönümünə həsr olunan “Amır Temur-dunyo olımları va adıbları nigohida” (Əmir Teymur dünya alimləri və ədiblərinin gözüylə) elmi-praktik konfransı Azərbaycan və özbək xalqlarının elmi-ədəbi əməkdaşlığına yeni cığırlar açmaqla, çoxtərəfli əlaqələrin inkişafına səbəb olacaqdır. Konfransdan bizlərə, 14 ölkədən gələn Teymurşünas alimlərin tanışlığı, gələcək elmi əməkdaşlıqlara yol acacaq əməkdaşlıq söhbətləri, elmi araşdırmalara işıq tutacaq məruzələr, ziyarətlər və özbək xalqının, təşkilatçıların çox yüksək qonaqpərvərlik mədəniyyətindən yaranan xoş təəssüratlar qaldı.

 

Təranə Həşimova

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d, dosent

Download Template Joomla 3.0 free theme.