S.Talıblı bildirib ki, Heydər Əliyevin elm, səhiyyə, kadr hazırlığı sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırlayırdı. Sovetlər birliyinin süqutundan sonra xalqın təkidi və tələbi ilə Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışı dövlətçiliyimizi təhlükədən xilas etdi. Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev yaxın gələcək üçün milli müstəqillik konsepsiyasını, planını çox dəqiqliklə hazırladı.
Tədbirdə İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Qəbələ, Qobustan, İsmayıllı rayon Heydər Əliyev mərkəzlərinin direktorları Fuad Qasımzadə, Cahangir Ağaməmmədov, Mayıl Fərəcov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəyə başladı. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?". Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı və Azərbaycan eyni yüzillikdə ikinci dəfə müstəqillik qazandı.