Gülər Qafqazlı “Çarizmin son dövrü və Sovet dönəmində Azərbaycan müsəlman qadını” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində Azərbaycan qadınını təhsilindən, onların evdə açdıqları məktəblərdən danışıb, Azərbaycan Demokratik Respublikası dövründə qadınlara seçmə hüququnun verilməsi, qadın hüquqlarının tanınması məsələlərinə toxunub, sonda Sovet dövründə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlardan bəhs edib.
Leyla Məlikova isə “19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanda İslam islahatçılığının əsas aspektləri” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanda qeyd edilən dövrdə üç fərqli mərhələ yaşamış İslam islahatçılığının özəl xüsusiyyətlərindən danışılıb. Məruzəçi mövzunu tarixi, dini-fəlsəfi, dövrün sosio-mədəni və siyasi şəraitləri konteksində nəzərdən keçirib. L.Məlikova Azərbaycanda islam islahatçılığının təsəvvüf çərçivəsində potensialı, cədidizm və, nəhayət, modernizm təmayülləri haqqında bəhs edib.