AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
AMEA Gənc Alim və Mütəxəssislər Şurası
1926-cı ilin 26 fevral - 6 mart tarixlərində, doqquz gün ərzində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb.
Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay, böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.
Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər.
Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi.
Bu il isə məlum olduğu kimi, I Türkoloji Qurultayın 90 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin - I Türkoloji Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə Sərəncam imzalamışdır.
HÖRMƏTLİ HƏMKARLAR
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Gənc Alim və Mütəxəssislər Şurası 21-22 noyabr 2016 -ci il tarixlərində Bakı şəhərində Gənc türkoloqların I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” adlı Beynəlxalq Elmi Konfransını keçirir.
Konfrans dünyanın böyük coğrafi məkanında yaşayan çoxsaylı türk xalqlarının tarixinə, mədəniyyətinə və s. dair aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin qlobal miqyasda müzakirəsinə nail olmaq məqsədini daşımaqla bərabər, dünyanın müvafiq elmi-tədqiqat mərkəzlərinin və təhsil müəssisələrinin gənc araşdırmaçılarının bir araya gətirilməsini hədəfləyir.
Elmi Təşkilat Komitəsinin adından Sizləri iştirak etməyə dəvət edirik. 2016-ci ilin noyabr ayında sizinlə Bakıda görüşmək arzusu ilə...
Elmi Təşkilat Komitəsinin sədri: akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
ELMİ TƏŞKİLAT KOMİTƏSİ
1.İsa Həbibbəyli,akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, (sədr)
2.Gövhər Baxşəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili
3.Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
4.Famin Salmanov, fizika-riyaziyyat elmləri namizədi, dosent, AMEA “Gənc alim və Mütəxəssislər şurası”nın sədri
5.Səbinə Səlimova, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi
6. Ruhəngiz Cümşüdlü, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Nəşriyyat və elmi informasiya təminatı” şöbəsinin müdiri
7.Pərviz Ağayev, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Gənc alim və Mütəxəssislər şurası”nın sədri
FORUMUN KEÇİRİLƏCƏYİ YER
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı, H. Cavid pr, 115
MÜHÜM TARİXLƏR
İştirak formaları və tezislərin göndərilməsi üçün son tarix: 1 oktyabr 2016-cı il
Qəbul olunmuş iştirak formaları və tezislərin elanı: 15 oktyabr 2016-cı il
KONFRANSIN PANELLƏR ÜZRƏ MÖVZULARI
Türk dillərinin tarixi
Türk xalqlarının ədəbiyyatı
Türk xalqlarının tarixi və mənbəşünaslığı
Türk xalqlarının arxeologiya və etnoqrafiyası
Türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri
Türk xalqlarının iqtisadiyyatı
İŞTİRAKÇILAR ÜÇÜN YAŞ HƏDDİ
40 yaşadək gənc alim və mütəxəssislər
XƏRCLƏRİN QARŞILANMASI
Qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş bütün xərclər (yol xərci istisna olmaqla) Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.
TEZİSLƏRİN TƏRTİBATI ÜÇÜN QAYDALAR
Tezislər azərbaycan, türk, rus və ingilis dillərində hazırlana bilər. Hazırlanmış tezisin həcmi 2 səhifədən çox olmamalıdır. Mətn Microsoft Word proqramında, A4 formatında, Times New Roman 12 şriftində yığılmalı, yuxarı və aşağıdan 2,5, sol və sağdan 3 sm buraxılmalı, sətirlərarası məsafə 1 olmalıdır.
İŞTİRAKÇI ƏRİZƏSİ
S.A.A.:
Ölkə/şəhər:
İşlədiyi/təhsil aldığı təşkilat:
Vəzifəsi:
Elmi dərəcəsi:
Məruzənin adı:
Məruzənin aid olduğu panellər üzrə mövzu:
Ünvan:
E-mail:
Telefon:
RƏSMİ MƏKTUB
Konfrans üçün rəsmi məktub:
tələb olunur tələb olunmur
BİZİMLƏ ƏLAQƏ
Ünvan: Azərbaycan, Bakı şəh., H. Cavid pr., 115
E-mail: turkologiya.2016 @mail.ru
Telefon: + 994 12 539 23 51
www.orientalstudies.az