Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Ulu öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini xatırlatdı. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyini söyləyən G.Baxşəliyeva, ümummilli liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunduğunu dedi.
Daha sonra institutun “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və başqaları Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açdılar.