Şərqşünaslıq İnstitutunun “Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov Nizami Gəncəvinin Şərq ədəbiyyatının istiqamətini dəyişdiyini, ondan sonra böyük nəzirə ədəbiyyatının yaradıldığını deyib. M.Kazımov qeyd edib ki, Nizami dühası o qədər böyükdür ki, bu istiqamətdə daima araşdırmalar aparılmalıdır.
Seminarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyalari” mövzusunda məruzə edib.
Ş.Əlibəyli məruzəsində bildirib ki, Cəvahirat adları maraqlı bir söz təbəqəsi kimi Nizami nəzmində geniş yer tutaraq, almaz, bicadə (yaqut növü), cəz (qara xal-xal daş), dürr, əqiq, firuzə, yaqut, kəhrəba, lacivərd, ləl, loulou (xırda mirvari) mirvari, mərcan, yaqut, zebərcəd (sarı yaqut), zümrüd kimi nominasiyaları təşkil edir. Nizami Gəncəvi qiymətli daş adlarını nəzmə çəkərək, əsərlərində zəngin poetizmlər təbəqəsi yaratmış, bu sözlər də öz parlaqlığı ilə Nizaminin söz inciləri sırasına düzülmüşlər. Şair qiymətli daşların rəng, keyfiyyət, parlaqlıq və məkanını müxtəlif mövzularda nəzmə çəkərək, poetik mətnin təşkilində dəfələrlə onlara müraciət etmiş, gözəl məcazlar yaratmışdır.
Qeyd edilən daş adları ilə bağlı Nizami yaradıcılığından müxtəlif misallar çəkən məruzəçi Nizami nəzmində qiymətli daş adlarının səciyyəviolan, diqqəti cəlb edən leksik–semantik və üslubi xüsusiyyətlərindən geniş bəhs edib.
Məruzədə Nizami yaradıcılığında rənglərin, o cümlədən bitkilərin rənginin qiymətli daş adları ilə ifadəsindən, bu cür adların yer aldığı izafət tipli təşbehlərdən, onların sinonimliyindən istifadə edilməsindən,məkanla bağlı müxtəlif ifadələrdə işlənərək, ənənəvi təşbehlər yaratmasından, tərkibində belə sözlərin olduğu mürəkkəb sözlərdən, Nizami nəzminə xüsusi rövnəq verən qiymətli daş adlarının yer aldığı səciyyəvi poetik fiqurlardan, cəvahirat adlarının bədən üzvlərinin adlarını bildirən sözlərlə tənasübdə işlənərək məcaz yaratmasından və digər məqamlardan danışılıb.
Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.