Azərbaycan Atabəyləri sarayında xidmət etmiş, böyük Nizami Gəncəvi müasiri və bəzi ehtimallara görə dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustad haqqında, təəssüf ki, orta əsr mənbələrində və təzkirələrdə heç bir məlumata rast gəlinmir. Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi barədə müəyyən təsəvvürü yazıçının kifayət qədər zəngin yaradıcılığının hələlik əldə olan yeganə nümunəsindən – “Munisnamə”dən almaq olar.
“Munisnamə” orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və müəyyən mənada unikal əsərdir. Təkcə ədəbi əsər kimi deyil, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri görünən, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusu olan “Munisnamə” farsdilli ədəbiyyat tarixində müəyyən ədəbi təmayülün yetkinləşməsində dönüş nöqtəsi olmuşdur. O, yarandığı dövrün tarixi gerçəkliyini, ədəbi normalarını, bədii-estetik prinsiplərini əks etdirməklə yanaşı, çoxsaylı tellərlə özündən əvvəlki və sonrakı ədəbi fəlsəfi irslə bağlanır. Bu tellər bir yandan yazılı fəlsəfi və ədəbi abidələrə, digər tərəfdən isə müxtəlif xalqların şifahi ədəbiyyatına gedib çıxır.
“Munisnamə” həcmcə çox iri bir abidədir. Əsərin əlyazma nüsxəsi 750 səhifəyə yaxındır. Bununla belə, abidəni struktur baxımından iki hissəyə ayırmaq olar. Bunlarda birincisini, şərti olaraq didaktik, ikincisini isə bədii hissə adlandırmaq olar.
Əsər 17 fəsildən ibarətdir. Materialların fəsillər üzrə bölüşdürülməsində tam qeyri-bərabərlik mövcuddur. Belə ki, didaktik hissəyə daxil olan ilk 16 fəsil əsərin ümumi həcminin altıda birindən də az qismini təşkil edir. Bu hissə özü iki qismə ayrılır: 1-7-ci fəsillərə daxil edilmiş material islamdan sonrakı dövrü əhatə edir, 8-16-cı fəsillər isə qədim yunan, İran (pəhləvi) və qismən də hind etik-fəlsəfi fikri ilə əlaqədardır.
Bədii hissəni əhatə edən 17-ci fəsil öz növbəsində 31 hekayətdən ibarətdir. Həmin hekayətlər də həcmcə bir-birindən fərqlənir və əlyazmada ən kiçik hekayət 2 səhifədən ibarətdirsə, ən böyüyü 86 səhifədir.