Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTU 2021-Cİ İLİN BİRİNCİ YARISINDA

09 İyul 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Toplantıda İnstitutun 2021-ci ilin birinci yarısında elmi-təşkilati fəaliyyəti müzakirə olunub.

2021-ci ilin ilk yarısında İnstitutun əməkdaşları səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalarını davam etdiriblər.

 

Qeyd edilən dövrdə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamına dair tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 4 fevral 2021-ci il tarixli № 7/5 saylı qərarına əsasən Şərqşünaslıq İnstitutunda f.ü.f.d A.Əlizadənin “Nizami məktəbinin davamçısı Abdullah Hatifinin “Həft mənzər” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çapa təqdim edilib. Eyni zamanda Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.ü.e.d, professor Mehdi Kazımovun rəhbərliyi ilə “Nizami Gəncəvi ili” çərçivəsində silsilə seminarlar keçirilib. Bu seminarlarda professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatları”, İran filologiyası şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Şəmsi Əhmədov “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)”, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzələr ediblər.

AMEA Rəyasət Heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında 12 yanvar 2021-ci il tarixli № 2/4  saylı qərarına əsasən Şərqşünaslıq İnstitutunda 2 kitab nəşrə təqdim edilib, 15-dən artıq məqalə bir sıra informasiya portallarında, qəzetlərdə, jurnallarda, televiziya və radio kanallarında yerləşdirilib. Eyni zamanda İnstitut əməkdaşlarından 8 nəfər Qarabağa dair mövzularda plan işi üzərində çalışmaqdadır. 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin “Elm günü” ilə bağlı tədbirlərin keçirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli № 25 saylı Sərəncamına əsasən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda martın 19-da “Elm Günü”nə həsr olunan tədbir keçirilib, kitabların onlayn sərgisi təşkil edilib.

Cari ilin I yarısında İnstitutda 6 kitab çap edilib. Bu sırada t.ü.e.d., prof. Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” monoqrafiyasının yeniləşdirilmiş və İran mənbələrindən ibarət əlavələr edilmiş yeni nəşri, fəl.ü.f.d, dosent Elvüsal Məmmədovun “Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər” kitabı, eyni alimin ərəb dilindən Azərbaycan dilinə tərcümə edərək, ön söz, şərhlər və qeydlərlə təqdim etdiyi Əhməd Bəssam Sainin “Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?” və Əhməd Tutuncinin “Həyat dərslərim” kitabları, Hilal Ağamoğlanovun ərəb dilinisən tərcümə etdiyi Abdullah Haşiminin “İslam əxlaq və ədəb qaydaları” kitabı, Ankarada Bengü nəşriyyat evində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın redaktəsi ilə nəşr edilən, İnstitutun elmi işçisi, f.ü.f.d. Lalə Qasımlının hazırladığı, Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçının hekayələrinin türk dilinə tərcümələrini və həmin hekayələr haqqında Türkiyədən və Azərbaycandan olan professor, dosent və doktorantların təhlillərini əhatə edən “60-lardan günümüzə Azərbaycan hekayəsi” toplusu yer alıb. Daha 13 kitab çapdadır.

Cari yarımildə İnstitut əməkdaşlarının ölkə daxilində 38 məqalə, 8 tezisi, xaricdə  isə 18 məqalə (3-ü İMPACT faktorlu jurnallarda) və 4 tezisi çap olunub.

6 ay ərzində İnstitutun 30 əməkdaşı ölkədə keçirilən 11 respublika və 5 beynəlxalq səviyyəli elmi konfranslarda, 5 vebinarda iştirak edib, 8 əməkdaş isə xaricdə keçirilən beynəlxalq tədbirlərə qatılıb.

İnstitutun beynəlxalq əlaqələri sırasında elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyevanın xarici ölkələrin ölkəmizdəki  diplomatik nümayəndələri ilə görüşlərini qeyd etmək olar. Bu sırada İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan, İraq Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Huthayfa Z.Mahmudla görüşlər olub. Görüşlərdə Şərqşünaslıq İnstitutunun həmin ölkələrin elm və təhsil müəssisələri ilə əməkdaşlığının perspektivləri müzakirə edilib, səfir Seyid Abbas Musəvi ilə görüşdə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub.

Yuxarıda qeyd edilənlərdən əlavə İnstitutda Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti, böyük siyasi və hərbi xadim Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan “Mustafa Kamal Atatürk – Türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans, İnstitutun qadınlar təşkilatının keçirdiyi Vətən müharibəsində fəal iştirak etmiş şərqşünaslarla görüş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi,  20 Yanvar faciəsinin 31-ci ildönümü, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçririlib. 

Download Template Joomla 3.0 free theme.