Müxtəlif ölkələrin dövri mətbuatı, arxiv sənədləri, elmi tədqiqat əsərləri daxil olmaqla geniş mənbələr əsasında yazılmış əsərdə “Azərbaycan" kəlməsinin hələ XIX əsrin sonları - XX əsrin əvvəllərində milli ruhlu Azəraycan ziyalıları tərəfindən Cənubi Qafqazın türkdilli mətbuatında və Azərbaycan ədəbiyyatında dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu və 1918-ci ildə yaradılan dövlətin məhz tarixi-milli zəmində “Azərbaycan" adlandırıldığı göstərilir. Bu tarixi hadisə ilə bağlı İranda başlanan anti-Azərbaycan kampaniyasının gedişində İran mətbuatının, ayrı-ayrı yazar və müəlliflərin Azəraycan əraziləri və xalqının tarixinə dair mövqelərini Azərbaycan oxucusuna çatdırmaq məqsədi ilə həmin nümunələr fars dilindən tərcümə edilərək kitabın 2-ci nəşrində “Əlavələr” hissəsinə daxil edilmişdir. İran mətbuatı və müəllifləri ilə polemikada iştirak etmiş M.Ə.Rəsulzadənin müvafiq əsərləri də bu hissədə yer alıb.
Kitab Azəraycan, İran və Osmanlı tarixi, azərbaycanlıların etnik-milli kimliyi, Azərbaycan Cümhuriyyəti və İran münasibətləri, M.Ə.Rəsulzadənin siyasi-publisistik irsi və digər məsələlərlə maraqlanan tədqiqatçılar, tələbələr və oxucu kütləsi üçün nəzərdə tutulub.