Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “MUSTAFA KAMAL ATATÜRK – TÜRK DÜNYASININ BÖYÜK ÖNDƏRİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

18 May 2021

 

Mayın 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti, böyük siyasi və hərbi xadim Qazi Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan “Mustafa Kamal Atatürk – Türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın əsas binasının kiçik akt zalında keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyərək, keçirilən konfransın da bu dostluğun, qardaşlığın, işbirliyinin bir nümunəsi olduğunu deyib.

Mustafa Kamal Atatürkün  Türk Cümhuriyyətinin qurucusu olduğunu deyən İ.Həbibbəyli onun dünya ölkələri liderləri arasında xüsusi yerinin olduğunu vurğulayıb, türk xalqının onun ətrafında birləşərək xarici işğalçıları ölkədən qovduğunu deyib. Mustafa Kamal Atatürkü istiqlal savaşının ən böyük qəhrəmanı adlandıran İ.Həbibbəyli onun həm də dövlətin ideoloji əsasını qurduğunu, Türkiyənin Atatürkün yolu ilə gedərək dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu bildirib.  İ.Həbibbəyli Türkiyənin Azərbaycan üçün bir qardaş ölkə, strateji müttəfiq kimi əvəzsiz olduğunu deyib.

 Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nihat Böyükbaş Anadolunun 1000 ildir ki, müstəqil dövlət olaraq yaşadığını deyərək, buradan türklərin çox liderinin çıxdığını və onların da uğurunun təhsili ana dilində, milli ruhda almaları ilə bağlı olduğunu qeyd edib. O, Atatürkün də bu cür mühitdə, mədəniyyətdə yetişən məsləkdaşları ətafına yığaraq Türkiyə Cümhuriyyətini qurduğunu söyləyib. Türkiyəli diplomat Mustafa Kamal Atatürkə həsr olunan konfransı yüksək dəyərləndirərək təşkilatçılara öz təşəkkürünü bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında olan qardaşlıq münasibətlərindən danışaraq, bu münasibətlərin inkişafında alimlərin də öz rolunun olduğunu qeyd edib. Şərqşünaslıq İnstitutunun yarandığı gündən bu elm müəssisəsində türkoloji tədqiqatlara böyük önəm verildiyini, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin tarixinin, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının ətraflı araşdırıldığını bildirən G.Baxşəliyeva qeyd edib ki, şərqşünas tarixçilər Türkiyədə milli azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bəqqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə diqqət yetiriblər.

XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılmasının İnstitutun mühüm elmi istiqamətlərindən biri olduğunu söyləyən G.Baxşəliyeva nəzərə çatdırıb ki, əməkdaşlar Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair dəyərli tədqiqatlar aparmış, İnstitutda yeni dövr Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin öyrənilməsi sahəsində xeyli iş görülmüşdür. Orta əsrlər Türkiyə tarixi məsələləri ilə əlaqədar Səlcuqilər dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələrin əldə edildiyini bildirən İnstitutun direktoru, Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir dəftərlərini xüsusi əhəmiyyətini qeyd edərək, bu sahədə görülən işlərdən danışıb və Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanmasını xüsusi qeyd edib. G.Baxşəliyeva Türkiyə iqtisadiyyatının şərqşünas alimlər tərəfindən əhatəli şəkildə tədqiq olunan problemlərindən də danışıb.

İnstitutda türk ədəbiyyatı sahəsində aparılan tədqiqatlardan da söz açan Gövhər xanım bildirib ki, müxtəlif dövrləri əhatə edən, ədəbi və nəzəri tədqiqin müxtəlif formalarından istifadə etməklə aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. əsas tədqiqat obyekti olmuşdur.

Daha sonra məruzələrə başlanılıb. Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Dünya və türk tarixində Mustafa Kamal Atatürkün yeri” mövzusunda məruzə edib. Mustafa Kamal paşanın bir millətin və bir dövlətin – Türkiyə Cumhuriyyətinin qurucusu və yaradıcısı olduğunu deyən Ş.Mustafayev qeyd edib ki, onun bu sahədə müstəsna xidmətlərini nəzərə alan və vurğulayan Türkiyə Böyük Millət Məclisi 1934-cü ildə ölkədə soyadların qəbul olunması qanununa uyğun olaraq Mustafa Kamal paşanı Atatürk (Türklərin atası) adına layiq görmüş, və beləliklə, onun türk millətinin tarixindəki yerini bu şərəfli adla əbədiləşdirmişdir: “Ancaq Atatürk şəxsiyyətinin əzəməti sadəcə Türkiyə tarixi ilə məhdudlaşmır. Atatürk XX əsr dünya tarixinin yetişdirdiyi ən böyük siyasi, hərbi və dövlət xadimlərinin sırasında durur. Onun şəxsiyyəti haqqında dünyanın müxtəlif ölkələrində və çeşidli dillərdə yüzlərlə kitab yazılıb. Çünki tarixçilər, siyasətçilər və ümumiyyətlə insanlar Atatürk fenomenini anlamağa, onun dünya və türk tarixindəki yerini dərk etməyə həmişə, hələ onun həyatda olduğu vaxt maraq və səy göstəriblər. Və heç şübhəsiz, illər və yüzillər keçdikcə Atatürkün parlaq şəxsiyyəti bəşəriyyətin tarixi hafizəsində daha da dərin həkk olunacaq və o, hər zaman dünyanın ən uca mənəvi panteonunda digər tarixi qəhrəmanlar arasında özünə layiqli yer tutacaq”.

Məruzəsində Atatürkün öz dövründə və sonrakı illərdə dünya ölkələrinin tanınmış dövlət xadimləri tərəfindən necə dəyərləndirildiyinə dair bir sıra misallar və sitatlar gətirən Ş.Mustafayev həmin dövrün siyasi proseslərini də nəzərdən keçirərək qeyd edib ki, Mustafa Kamal Atatürkün siyasi dühası, onun dünya və Şərq tarixindəki misilsiz yeri məhz ondan ibarətdir ki, o, yalnız Türkiyənin milli-azadlıq hərəkatına başçılıq edərək onun qələbə ilə bitməsini və Türkiyə Cümuriyyətinin qurulmasını təmin etmədi. Atatürk Avropa imperializminə və müstəmləkəçiliyə qarşı mübarizə edən bütün dünya ölkələrinə, xüsusilə Şərq xalqlarına ən uğurlu, özünü artıq son yüz il ərzində tamamilə doğrultmuş yeni və orijinal bir modernizasiya, müasirləşmə və inkişaf modelini nümayiş etməyə müvəffəq oldu”. 

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova “Azərbaycan hakimiyyətinin Türkiyə milli-azadlıq hərəkatına münasibəti”, Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin əməkdaşlarından Hüseyn Günəşli “M.K.Atatürk və Türkiyədə milli azadlıq hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “M.K.Atatürkün hüquqi dövlət quruculuğu və iqtisadi islahatları”, Mirzə Ənsərli “Türkiyə Respublikasının güc strukturlarının formalaşması sahəsində M.K.Atatürkün fəaliyyəti” mövzularında məruzələr ediblər.

Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb.

 

Download Template Joomla 3.0 free theme.