Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

RƏNA RZAYEVA. ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN “MUNİSNAMƏ” ƏSƏRİ

08 İyul 2016

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” adlı kitab işıq üzü görüb. İnstitutun İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılıb.

“Munisnamənin janr səciyyəsi və mənbələri tədqiq olunub, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilib. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılıb, abidənin farsdilli ədəbiyyat tarixində  yeri müəyyənləşdirilib.

Monoqrafiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə əl-Ustadın həyat və yaradıcılığı barədə mövcud məlumatlar ümumiləşdirilib, “Munisnamə”nin strukturu və janr mənsubiyyəti müəyyən edilib. Əsərin aydın şəkildə iki hissəyə - didaktik və bədii  hissələrə ayrıldığını göstərən müəllif sonrakı təhlilini də bu əsasda aparıb.

İkinci fəsil abidənin didaktik hissəsinin mənbələrinin tədqiqinə həsr olunub. Müəllif  “Munisnamə”nin həm müsəlman ədəbi-fəlsəfi fikri, həm də pəhləvi mətnləri ilə əlaqələrinin tutarlı nümunələrlə təhlil edib, əl-Ustadın “Nəhcül-bəlağə”, “Cavidan xirəd” və s. kimi qaynaqlardan məharətlə və yaradıcı surətdə istifadə etdiyini göstərib.

Tədqiqatın üçüncü fəslində “Munisnamə”nin bədii hissəsinə daxil olan 31 hekayət yazılı və şifahi ədəbiyyatda rast gəlinən paralel süjetlərlə müqayisəli şəkildə təhlil edilib.

Ümumilikdə Rəna Rzayevanın monoqrafiyası Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri haqqında dolğun elmi təsəvvür yaradır və onun ehtiva etdiyi material həm gerçək araşdırmalar, həm də klassik farsdilli ədəbiyyatın tədrisi baxımından elmi-praktik əhəmiyyət kəsb edir.

Download Template Joomla 3.0 free theme.