Son dövrlər Yaxın Şərqdə regional gücə çevrilən Türkiyədə mövcud hakimiyyətin dinə olan münasibəti, yeni dövrdə ölkənin daxili və xarici siyasətində dinin rolu, bununla yanaşı millətçilik və milli dövlət anlayışlarına dair yeni yanaşmalar aktual bir mövzu olaraq bu istiqamətdə problemlərin öyrənilməsi üçün bir zərurət yaradır. E.Y.Həsənovanın yeni çapdan çıxmış «Трактовка проблем религии ислама, нации, национализма и национального государства в современной Турции в контексте глобализма (конец ХХ - начало XXI века)» ("Müasir Türkiyədə islam, millət, millətçilik və milli dövlət problemlərinin qloballaşma kontekstində şərhi (XX əsrin sonu - XXI əsrin əvvəlləri)") adlı əsərin mövzusu aktual və Yaxın Şərqdə baş verən ictimai-siyasi proseslərin öyrənilməsində əhəmiyyətlidir. Əsər ümumilikdə müasir Türkiyədə din, millətçilik, milli dövlət və qloballaşma dövründə hakimiyyətin dinə münasibətləri kimi aktual problemləri öyrənir.
Əsər struktur baxımdan altı fəsildən, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Müəllif əsərin giriş fəslində mövzunun aktuallığını və müasir dövrdə mövzunun əhəmiyyəti ilə bağlı problemləri elmi cəhətdən əsaslandırıb. Bu hissədə həmçinin qloballaşma və modernizm dövründə Türkiyənin ictimai və siyasi həyatında İslam dininin yeri və təsirləri müəyyən edilib. Müəllif burada son iyirmi ildə İslam dininin türk cəmiyyətindəki rolunun güclənməsinə toxunub, dinə ənənəvi və yeni yanaşmaları və bu prosesin müsbət və mənfi tərəflərini şərh edib.
Tədqiqatın ikinci hissəsində müəllif müasir türk sosioloqların apardığı sosial monitorinqlərin nəticələrinə əsaslanaraq Türkiyədəki din və millətçiliyə əsaslanan ideoloji konsepsiyalarının qloballaşma dövründə bir-birinə təsirləri, Türkiyə cəmiyyətində oynadığı rolu müəyyən edib.
Üçüncü fəsil qloballaşma şəraitində Türkiyənin sosial və milli quruluş problemlərinə həsr edilib. Müəllif burada müasir Türkiyənin elm adamlarının, jurnalistlərinin, siyasətçilərinin, ümumiyyətlə Qərb və Şərq tədqiqatçılarının millətçilik, millət, fərd və cəmiyyət, milli dövlət və ölkədə yaşayan müxtəlif xalqların buna münasibətini, eləcə də din və millətçilik anlayışlarının qarşılıqlı təsirlərini araşdırıb.
Dördüncü fəsildə Türkiyədəki din, elm, millətçilik, milli dövlət, dinin dövlət quruculuğunda iştirakı ilə bağlı müxtəlif yanaşmalar şərh edilib.
Əsərin beşinci fəsli dünya qloballaşması şəraitində Türkiyədəki milli suverenlik probleminə həsr edilib. Qarşıya qoyulmuş problemlərin bütün istiqamətlərini geniş şəkildə tədqiq edən E.Y. Həsənova qloballaşmanın millətçilik və milli dövlət anlayışlarına təsirlərini müəyyən edib.
Altıncı fəsildə ümumdünya qloballaşması kontekstində milli kimlik məsələsi araşdırılıb və müəllif bu hissədə əsasən mövzu ilə bağlı türk alimlərinin mövqelərini qeyd edib.
Nəticə hissəsində müəllif qısa tezislər şəklində həm tədqiqatın hər bir fəsli, həm də bütün əsər üçün fəlsəfi ümumiləşdirmə aparıb və tədqiqat zamanı əldə etdiyi elmi nəticələri qeyd edib.
Əsərin əsas elmi dəyəri müəllifin yuxarıda sadalanan problemləri ümumiləşdirməsi və sistemli şəkildə geniş miqyasda elmi mənbələrdən istifadə etməklə mövzu ilə əlaqəli məsələləri şərh etməsidir. Türkiyənin tarixi, coğrafi mövqeyi, son illərdəki yürütdüyü regional xarici siyasəti tədqiqatçıların maraq dairəsindədir. Əsərdə qeyd edilən nüanslar kifayət qədər ətraflı şəkildə işlənilib və Türkiyədə mövcud din və dövlət münasibətlərinin həm tarixi cəhətdən, həm də müasir dövrdə Türkiyənin ictimai-siyasi vəziyyəti haqqında geniş məlumatlar verilib. Qeyd etmək lazımdır ki, əsərin mövzusu Azərbaycanda tədqiq edilməyib və bu cəhətdən əsərin əhəmiyyəti daha da artmaqdadır. Bu tədqiqat əsəri din alimləri, şərqşünaslar, politoloqlar, elmi tədqiqatçılar, eləcə də müasir dövrdə Türkiyədə baş verən proseslərlə yaxından maraqlanan oxucular üçün faydalı ola bilər.
Elnur Mustafayev,
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi