Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN DİREKTOR MÜAVİNİ UNESCO-nun İPƏK YOLU ONLAYN PLATFORMASI ÜZRƏ BÜROSUNUN VİTSE-PREZİDENTİ SEÇİLİB

27 İyun 2016

İyunun 8-dən 12-dək İspaniyanın Valensiya şəhərində UNESCO İpək Yolu layihəsinin onlayn platformasının ikinci beynəlxalq forumu keçirilib. “La seda y la paz” (İpək və sülh) devizi altında keçirilən tədbirdə Azərbaycan daxil olmaqla dünyanın 20 ölkəsinin, həmçinin Dünya Turizm Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri iştirak ediblər. Budəfəki tədbir dünya xalqları arasında dözümlülüyün təbliğatına, sülhə və əmin-amanlıq çağırışına həsr olunmuşdu.



Forum iştirakçıları arasında UNESCO İpək Yolu layihəsinin Azərbaycandan olan milli koordinatoru, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev də var idi.

Tədbirin rəsmi açılış günündə Valensiya Parlamentinin sədri və Valensiya şəhərinin meri tərəfindən iştirakçıların şərəfinə ziyafət verilib.

İyunun 9-da Türkiyənin İspaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş mədəni tədbirdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, UNESCO İpək Yolu layihəsinin Azərbaycandan olan milli koordinatoru Şahin Mustafayev də iştirak ediblər. Tədbir zalında Azərbaycana aid guşədə ölkəmizin qədim İpək Yolunun bərpası dövründən bəri həyata keçirdiyi layihələr, mədəniyyətimizi, turizm potensialımızı əks etdirən təbliğat materialları, broşürlər və CD-lər təqdim edilib. İştirakçılar Azərbaycan milli rəqslərini maraqla izləyiblər.

Həmin gün UNESCO-nun İpək Yolu Onlayn Platformasının iclasında Şahin Mustafayev “İpək Yolu üzərində Azərbaycan: tarixi kontekst və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan tarixi və mədəniyyətinin İpək Yolu ilə bağlılığı, İpək Yolu mirasının ölkəmizdə qorunması, bu sahə ilə əlaqədar ölkədə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Bakıda 2015-ci ildə keçirilmiş 3-cü Dünya Mədəniyyətlərarası Forumu, 2016-cı ildə keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumu və digər tədbirlər haqqında məlumat öz əksini tapıb, eyni zamanda Azərbaycanda İpək Yolu sahəsində həyata keçirilən bəzi layihələr və onların perspektivləri barədə xəbər verilib.

Layihənin daha səmərəli fəaliyyəti üçün UNESCO-nun İpək Yolu Onlayn proqramının beynəlxalq Bürosu seçilib. Azərbaycan nümayəndəsi Şahin Mustafayev növbəti 2 il müddətinə Büronun vitse-prezidenti vəzifəsinə seçilib.

Həmçinin toplantı iştirakçıları İpək Yolu Onlayn Platformasının “Rəhbər prinsipləri və strateji istiqamətləri” haqqında sənədi, 2017-2018-ci il üçün Fəaliyyət planını (ilkin müzakirədə) və Valensiya Deklarasiyasını qəbul ediblər.

Download Template Joomla 3.0 free theme.