Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ELM GÜNÜ QEYD EDİLİB

19 Mart 2021

      Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.
      Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu  vurğulayıb.
      G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

     G.Baxşəliyeva bu gün Respublikada Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən, məqsədyönlü, ölkənin milli maraqlarının qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində Azərbaycanın qüdrətli iqtisadiyyata, güclü hərbi potensiala, beynəlxalq və regional səviyyədə söz sahibliyinə malik olduğunu deyib. Bütün bunların nəticəsi olaraq Azərbaycan həm ölkə daxilində, həm də regional və beynəxalq səviyyədə yeni reallıq yaratmağa nail olub. Ölkə Prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi  hərtərəfli islahatlar kursuna müvafiq olaraq,  AMEA-da yeniləşmə və müasirləşmə xətti həyata keçirilir. Hazırda elm sahəsində mövcud durumun ölkə üzrə yeni reallığa cavab verməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir, islahatlar aparılır, idarəetmə sistemində infrastrukturun optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər planlaşdırılır.
      G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutu fəaliyyətdə olduğu 63 il ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. İnstitutun direktoru qeyd edib ki, bu illər ərzində 800-ə yaxın monoqrafiya, kitab, məqalələr məcmuəsi nəşr olunub və bunların da yarıdan çoxu müstəqillik illərinə təsadüf edir.
      Tədbirdə İnstitutun Din və İctimai fikir tarixi şöbəsinin müdiri, fəslsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasov və başqaları çıxış edərək, Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıblar, İnstitutun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışıraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

Download Template Joomla 3.0 free theme.