İnstitutda “Nizami Gəncəvi ili” problemi çərçivəsində “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə bir sıra tədqiqatlar aparılacaq. Bu sırada şərqşünas alimlərin “İranda Nizamişünaslığın tarixşünaslığı”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii irsinə münasibət”, “Nizami yaradıcılığı ümumbəşəri dəyərlər kontekstində”, “Müasir ərəb ədəbiyyatşünaslığında Nizami Gəncəvi” və s. mövzularda araşdırmalar aparmaları, məqalələr hazırlamaları planlaşdırılır. Cari ildə Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, f.ü.e.d., professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (16-18-ci əsrlər)”, Pərvin Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri, eləcə də f.ü.f.d. Aygün Əlizadə tərəfindən edilən Nizami məktəbinin ardıcılı Hatifinin “Həft mənzər” əsərinin fars dilindən tərcüməsi nəşr ediləcək. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. Bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans, həmçinin “Azərbaycan şərqşünaslarının nizamişünaslığa töhfəsi" mövzusunda elmi sessiya, eləcə də mütəmadi seminarlar keçiriləcək.
Nizami Gəncəviyə həsr olunan seminarlardan birincisində institutun “Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatları” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Nizaminin ən möhtəşəm əsərləri olan, dünya ədəbiyyatı tarixinə “Xəmsə” adı ilə daxil olmuş əsərləri sadəcə Şərqdə epik yaradıcılığın inkişafına güclü təkan verməklə qalmamış, eyni zamanda Nizami ədəbi məktəbi kimi bir fenomenin ortaya çıxması ilə nəticələnmişdi. Bu məktəbin əsasını Nizami “Xəmsə”sinə eyni ad altında nəzirələr təşkil edirdi. Bu ənənə bütün orta əsrlər boyu və hətta daha sonrakı dönəmlərdə də davam etmişdi. M.Kazımov qeyd edib ki, Nizaminin şeirlərindən ilham alan yüzlərlə şair ona nəzirə yazaraq öz poetik imkanlarını və qələmlərinin gücünü sınamağa, Nizami ilə yarışmağa çalışmışdır. Onlardan heç biri, hətta Şərqin korifeylərindən olan Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvai belə bu Azərbaycan şairinin səviyyəsinə yüksələ bilməmişdir. Həmin nəzirələrdən ətraflı danışan məruzəçi onların müəlliflərinin Şərq ədəbiyyatında özünəməxsus bir bədii təbəqə kimi mövqeyi olan nəzirə ədəbiyyatı formalaşdırdıqlarını deyib.
Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.