Uzun illərdir Abay Kunanbayevə dair tədqiqatlar aparan Elman Quliyevin ötən il “Abay Kunanbayev” kitabı Türkiəyədə TÜRKSOY tərəfindən çap edilib. Kitabın təqdimatı avqust ayında TÜRKSOY tərəfindən onlayn formatda keçirilib. Həmin tədbirdə Abay Kunanbayev barəsində geniş çıxış edən şərqşünas alim daha sonra noyabr ayında TÜRKSOY və Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə keçirilən "Böyük Qazaxıstan mütəfəkkiri Abay, anadan olmasının 175-ci ildönümündə" adlı beynəlxalq onlayn konfransda "Qazax ədəbiyyatının inkişafında Kunanbayevin rolu", dekabrda isə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Abay Kunanbayevin 175 illiyi ilə əlaqədar keçirilən elmi sessiyada “Abay Kunanbayevin lirikası” mövzusunda məruzələr edib.
“Abay 175 il” xatirə medalının təqdimatına gəldikdə, mükafatlandırma yanvarın 21-də Qazaxıstanın Azərbaycandakı səfirliyində “Abayı oxuyarkən” art-albomunun təqdimatı zamanı baş tutub. Art-alboma türk ölkələri rəssamlarının dahi qazax şairi və mütəfəkkirinin əsərlərinin motivləri əsasında çəkdiyi əl işləri daxildir.
Albom dahi şairin anadan olmasının 175 illiyi şərəfinə elan edilmiş “Abay Kunanbayev İli” çərçivəsində TÜRKSOY tərəfindən buraxılıb.
Təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin vitse-prezidenti Eldar İsmayılov, həmçinin Azərbaycanın elmi və yaradıcı dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən D.Kaseinov vurğulayıb ki, xalq şairi, mütəfəkkir, maarifçi və qazax milli ədəbiyyatının banilərindən biri olan Abay təkcə Qazaxıstana deyil, həm də bütün türk dünyasına zəngin irs qoyub. Onun şeirləri və müdrik kəlamları bütün türk xalqlarının mədəniyyətinin zənginliyini və mənəviyyatını əks etdirir.
Tədbirin gedişində dahi qazax şairinin adının və irsinin tanıdılmasına böyük töhfələr verən şəxslərə “Abay 175 il” xatirə medallarının və təşəkkür məktublarının təqdimatı mərasimi keçirilib. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev, Bakı Dövlət Universiteti (BDU) nəzdində Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatimə Dursunova, BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əsgərov, jurnalist-publisist Aida Eyvazova, yazıçı-nasir Nəriman Əbdülrəhmanlı, BDU-nun Türkologiya kafedrasının professoru Firuzə Ağayeva Fəxri mükafatlara layiq görülüblər.
Tədbirin sonunda qonaqlara dahi Abayın həyat və yaradıcılığı barədə sənədli film göstərilib, ənənəvi qazax təamları təklif olunub.
