Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimlər, əməkdaşlar və tələbələr iştirak ediblər. Tədbirdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı da iştirak edib.
Tədbir Aİİ-nin II kurs tələbəsi Murad Kərəmovun təqdimatında faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsinə Qurani-Kərim tilavəti ilə başlayıb.
Mərasimi giriş nitqi ilə açan İnstitutun rektoru Aqil Şirinov 1990-cı ilin yanvarın 20-də, həmçinin Vətən müharibəsində şəhid olanların ruhuna rəhmət, yaralılara şəfa diləyib. Daha sonra Azərbaycan xalqının mübariz və qəhrəman olduğunu qeyd edib. Azadlıq mübarizəsinin ən bariz nümunəsi olan 20 yanvar gecəsi yaşananlar barədə ətraflı danışan rektor həmin günlərdə Azərbaycan xalqının yanında olan ümummilli lider Heydər Əliyevi xatırlayaraq onun xidmətlərini vurğulayıb. Həmin illərdən başlayaraq itirilən torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun səyi nəticəsində geri qatralıdığını nəzərə çatdıran rektor bu faciəvi hadisələrin xalqımızın zehnindən silinmədiyini, hər il yüzlərlə, minlərlə insanın Şəhidlər xiyabanına axışmasını və həmin dövr şəhidlərinə dövlət qayğısını qeyd edib.
Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək, 20 Yanvarın tariximizə həm hüzn, həm də mübarizə günü kimi yazıldığını vurğulayıb. 20 Yanvar faciəsi ilə bağlı canlı şahidi olduğu hadisələri bölüşüb, xüsusilə tarixi faktları qeyd edərək, həmin günlər Azərbacan xalqına qarşı törədilmiş vəhşiliklər barədə faktlarla danışıb.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış ediblər.
