Akademik Əbdülkərim Əlizadənin SSRİ-də və xaricdə tanınan alimlərimizdən olduğunu, elmi əsərlərinin və hazırladığı elmi-tənqidi mətnlərin bir çox xarici ölkələrdə onu məşhurlaşdırdığını deyən G.Baxşəliyeva, böyük alimin «XIII-XIV yüzillikdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi» adlı monoqrafiyasının Azərbaycanın monqol istilası dövrünü əks etdirən qiymətli bir əsər olduğunu qeyd etdi, tənqidi mətnlərini hazırladığı əsərlərdən, o cümlədən Rəşid-əd-dinin «Came-ət-təvarix», Məhəmməd ibn Hinduşah Naxçıvaninin «Dəstur-əl-katib fi təyin-əl-məratib» əsərlərindən söz açdı.
G.Baxşəliyeva Nizaminin «İsgəndərnamə» poemasının «Şərəfnamə» hissəsinin elmi-tənqidi mətnini yüksək elmi səviyyədə hazırladığı üçün Ə.Əlizadəyə və əsərin redaktoru professor Y.E.Bertelsə Nizaminin 800 illik yubileyi münasibəti ilə 1948-ci ildə SSRİ Dövlət Mükafatı verilməsini xatırlatdı.
Əbdülkərim Əlizadənin eyni zamanda fəal bir təşkilatçı və ictimai xadim olduğunu söyləyən Gövhər xanım akademikin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə görülən işlərdən də söz açdı.
Sonra Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək akademik Əbdülkərim Əlizadəni bir universal alim kimi dəyərləndirdi. İ.Həbibbəyli universal düşüncəyə malik olmasının Ə.Əlizadəni fərqləndirən ana keyfiyyət olduğunu bildirdi.
Əbdülkərim Əlizadənin bu gün şərqşünas alimlər üçün bir örnək olduğunu deyən İ.Həbibbəyli onu ilk növbədə bir mətnşünas kimi xarakterizə edərək, alimin Azərbaycanda mətnşünaslıq məktəbini yaratdığını, elmimizə bir çox qiymətli əsərlər bəxş etdiyini vurğuladı.
İ.Həbibbəyli Ə.Əlizadənin mətnşünas kadrların yetişdirilməsində, xidmətlərindən, təşkilatçılıq fəaliyyətindən də söz açdı.
Sonra məruzələr başlandı.
AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev “Akademik Əbdülkərim Əlizadə və Azərbaycan şərqşünaslığı” mövzusunda məruzə etdi. Akademik Əbdülkərim Əlizadənin müasir şərqşünaslıq və tarix elminin inkişafında müstəsna yer tutan alimlərdən biri olduğunu bildirən Ş.Mustafayev məruzəsində onun həyat yolundan ətraflı söz açdı, şəxsi və elmi taleyini öz dövrünün, xalqının və ölkəsinin taleyinin güzgüsündə dəyərləndirdi, akademik Əlizadənin Azərbaycan şərqşünaslıq elminin formalaşması və inkişafındakı rolu haqqında fikirlərini bölüşdü.
Məruzədə diqqəti çəkən məqamlar sırasında dünya alimlərinin Ə.Əlizadə haqqında dəyərli fikirləri, «XIII-XIV yüzillikdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi» adlı monoqrafiyasının şərqşünaslıq və tarix elmimiz üçün önəmli olmasının səbəblərinin məruzəçi tərəfindən açıqlanması da var idi.
Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.ü.e.d., prof. Mehdi Kazımov “Akademik Əbdülkərim Əlizadə mətnşünas alim kimi” mövzusunda məruzə etdi. M.Kazımov məruzəsində Ə.Əlizadənin mətnşünaslıq sahəsində xidmətlərindən söz açaraq, akademikin elmi-tənqidi mətnlərini hazırladığı əsərlərdən ətraflı danışdı.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi t.ü.e.d., prof. Şahin Fərzəliyev “Akademik Əbdülkərim Əlizadə necə varsa” mövzusunda məruzə etdi. Məruzədə akademikin şəxsi və elmi keyfiyyətlərindən söz açan Ş.Fərzəliyev, Ə.Əlizadəyə ithaf etdiyi bir neçə şeirini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda məruzələr ətrafında çıxışlar oldu və alimlərin akademik Ə.Əlizadə haqqında xatirələri dinlənildi.