AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayevin rus dilində “Международно-правовые аспекты и принципы урегулирования армяно-азербайджанского нагорно карабахского конфликта" ("Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsipləri") kitabı çapdan çıxıb.
Monoqrafiyada beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı və xalqların hüquq bərabərliyi prinsiplərinin anlayışı, əsas formalaşma mərhələləri və məzmunu tədqiq olunur. Bununla yanaşı, əsərdə müasir dünyada ərazi münaqişələrinin, o cümlədən postsovet məkanında olan münaqişələrin beynəlxalq hüquqi aspektləri tədqiq edilir.
	   
	  	  	  
	  
	  	
 
 Monoqrafiyada əsas yer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq hüquqi aspektləri və prinsiplərinin tədqiqinə, beynəlxalq cinayətin forması olan beynəlxalq hüquqda təcavüzün, o cümlədən Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün araşdırılmasına,  Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş zərərin ödənilməsinin beynəlxalq hüququ aspektlərinin, Azərbaycanın Ermənistan təcavüzünə qarşı özünümüdafiə hüququnun və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid əsas və ən nüfuzlu beynəlxalq dövlətlərarası təşkilatlar tərəfindən qəbul edilmiş qərarların təhlilinə ayrılıb.